“Partiya sədrləri və funksionerləri artıq sosial şəbəkə fəallarının kölgəsində qalıblar”
Son bir həftədə ölkədə bir-birinin ardınca ciddi hadisələr baş verdi. Əvvəllər ümumölkə miqyaslı hər hansı siyasi, ictimai, iqtisadi hadisələr yaşananda müxalifət düşərgəsi ən azından bir araya gəlirdi, toplantılar, bəzən aksiyalar keçirərdi, hökumətdən izahat istənilirdi, tələblər irəli sürülürdü, təkliflər verilirdi. Lakin bu dəfə sosial şəbəkədə mövqe ifadə etməkdən o yana heç bir hərəkətlilik müşahidə olunmadı. Müxalifətin bu cür davranışının səbəbləri maraq doğurur. Burada müxalifətdə “Onsuz da hökumət bizim sözümüzü dinləyən deyil, əksinə, bizi aranı qarışdırmaqda ittiham edəcəklər” fikrinin hakim olması rol oynayır, yoxsa müxalifətin artıq əvvəlki gücünü, ictimai rəyə təsir imkanlarını tam itirməsi?
AMİP katibi, siyasi analitik Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, müşahidə olunan mənzərənin ortaya çıxmasında qeyd olunan hər iki səbəb və digər amillər rol oynayır: “Birincisi, əslində hökumət baş verən enerji böhranı və onun səbəbləri ilə bağlı dərhal obyektiv açıqlamalar verməli idi və müxalifət də buna uyğun öz münasibətini bildirməli idi. Hadisənin ilk günündə belə bir açıqlamanın şahidi olmadıq, əvəzində bir sıra mətbuat orqanları və şəxslər guya hökuməti müdafiə edirmişlər kimi müxtəlif səbəblər gətirməklə baş vermiş olayın havaların isti keçməsindən dolayı yaranmış problem olduğunu sübut etməyə çalışırdılar. Sonradan ölkə prezidenti belə səbəblərin bəhanə olduğunu bildirdi və bunun araşdırılması ilə bağlı sərəncam verməklə deyilənləri alt-üst etdi. Mən bu araşdırmanın hansı səviyyədə olacağı ilə bağlı indidən bir söz deyə bilmərəm. Amma müxalifətin yaranan problemə lazımınca operativ reaksiya verməməsi də bir həqiqətdir. 10-15 il öncə olan siyasi aktivlik, partiyalara münasibət indikindən daha fərqli idi. Məlumdur ki, ölkədə siyasi partiyalar sistemi ictimai rəyə təsir etmək imkanında deyil. Hakim partiya daxil olmaqla, ölkənin bütün siyasi partiyaları bu gün əhalinin az bir hissəsinə təsir etmək iqtidarındadırlar. Bu səbəbdəndir ki, bir çox hallarda müxalifət partiyaları məsələlərə birgə münasibət ortya qoyaraq ictimai müzakirəyə çıxartmırlar. Bunu bu həddə gətirib çıxaranlar əslində özləri üçün daha təhlükəli bir sistemin yaranmasına səbəb olublar və indi onun təsirləri və fəsadları ilə mübarizə apara bilmirlər”.
E.Mustafayev qeyd etdi ki, nəticədə siyasi partiyalardan boş qalan yeri sosial şəbəkələrdə oturaqlaşmış, etdiklərinə, dediklərinə nəzarət olunmayan virtual müxalifətçilər tutublar. Həmin təbəqənin fəaliyyəti isə daha kəskindir: “Bu təbəqə insanları maraqlandıran problemləri onların eşitmək istədikləri dildə daha sərbəst və qorxmadan deyirlər. Partiya sədrləri və funksionerləri artıq bu təbəqənin kölgəsində qalıblar. Ona görə də onların hətta sosial şəbəkədə hansısa məsələyə reaksiyaları da diqqəti cəlb edə bilmir. Son hadisə ilə bağlı bir sıra siyasi partiya funksionerləri tərəfindən açıqlamalar olmuşdu, amma dediyim kimi, sosial şəbəkələrin aktivliyinin maksimum olması səbəbindən onların dedikləri kölgədə qaldı. Hesab edirəm ki, bu gün siyasi partiyalar sosial şəbəkələrin arxasınca getmək məcburiyyətindədirlər”.