Əziz Əzizovun Yasamal projesi: şəxsi tikinti şirkəti, qohumlar və Kərəm Həsənov faktoru

 Son vaxtlar hakim komandada aparılan kadr islahatlarında xüsusi olaraq diqqət çəkən məqam icra başçıları ilə bağlıdır. Məsələn, Binəqədi, Quba, Naftalan rayonlarına yeni kadrlar təyin olunduğu halda bəzən illərin rayon rəhbərlərinin önə çəkilməsinə də rast gəlinir. Bu sırada isə Əziz Əzizovun Cəlilabaddan Bakının Yasamal rayonuna gətirilməsi ayrıca olaraq maraq doğurdu. Cumhuriyyet.az oxuculara xatırladır ki, uzun müddət Yasamal rayonu icra hakimiyyətinin başçısı postu boş qaldı. Bu müddət ərzində maraqlı qüvvələr bu vəzifədə özünü və yaxud öz adamını görmək üçün xeyli çaba sərf etdilər. Mediada da bu barədə çoxlarının piar kompaniyası həyata keçirildi. Amma, fevral ayında Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun bu vəzifəyə təyinatı bütün müzakirələrə son qoydu.
Xatırladaq ki, son zamanlar tikinti və söküntüləriylə yadda qalan bu rayon Bakının ən qazanclı ərazisi sayılır. Məlumata görə, yaxın gələcəkdə də Yasamal rayonunda bir çox köhnə binaların sökülməsi və yerinə yenilərinin inşa edilməsi dövlət planına salınıb. Bu mənada Yasamalı ələ keçirmək demək olar ki, bütün iri məmurların arzusu idi. Daha çox Kərəm Həsənova yaxınlığı ilə seçilən Ə.Əzizovun Yasamala gəlişi isə rayonda yeni bir mərhələnin başlanğıcı hesab edilir. Eyni zamanda cumhuriyyet.az olaraq bildirək ki, Ə.Əzizov icra başçısı vəzifəsinə təyinat almamışdan öncə biznes fəaliyəti ilə məşğul olub. Bu işini məmur vəzifəsində olduğu dövrdə inkişaf etdirib. Onun olduğu bildirələn obyektlərin mühüm bir hissəsinin elə Yasamal ərazisində yerləşməsi diqqəti çəkir. Eyni zamanda Ə.Əzizov Bakıda tikinti biznesi ilə məşğul olur. Odur ki, Yasamala icra başçısı təyinatı ikiqat onun üçün düşərli olub. Çünki Yasamal kimi strateji rayonda tikinti biznesini genişləndirəcək. Əzizov tikinti sektoruna sərmayəni bibisi oğlu Pərvin Əliyevin əli ilə yatırıb. Pərvin Əliyevlə Əziz Əzizovun xeyli şərikli daşınmaz əmlakları var. Bunların içərisində ən qiymətli olanı isə Xırdalanda “AAAF Park”ın girişində fəaliyyət göstərən “Makromart” univermağıdır.
Bu siyahıda xüsusi seçilən biznes məkanlarından biri də «Baku Mall»dır. İddia edilir ki, bir neçə milyon dollara başa gəlmiş həmin ticarət obyektinin aylıq gəliri də kiçik rəqəmlərlə ifadə olunmur. Ancaq sözügedən ticarət mərkəzi Ə.Əzizovla K.Həsənovun şərikli məkanıdır.
Əslində, Əziz Əzizovun Cəlilabad rayonunda başçı işlədiyi dövrdə rayonda tikilmiş saysız-hesabsız ticarət, iaşə, xidmət obyektləri Kərəm Həsənovun, Rüstəm Şahbazovun, Əziz Əzizovun yaxın qohumlarına məxsus olduğunu çoxları bilirdi. Kərəm Həsənov nə vaxtsa Əziz Əzizovun məcburi köçkün qohum əqrabasının, balakənlilərin, zaqatalalıların, Rüstəm Şahbazovun tələbə yoldaşlarının, qubalılıların, qazaxlıların, Rafiq Cəlilovun lənkəranlı qohumlarının adına rəsmiləşdirilmiş obyekt və torpaq sahələrinin öz adlarına keçirilməsi zamanı problemlər yaşamayacaqlarına heç kim zəmanət verə bilməz. Məsələn, götürək elə X-in adına çıxarışı olan “SİTİ MAİL” yaşayış kompleksindəki 2 ədəd hər birinin dəyəri 1 milyon ABŞ dolları olan 3 otaqlı mənzili (bu mənzillərin kimin adına rəsmiləşdirildiyi bizə məlumdur. Lakin həmin əməliyyata görə o şəxsə müəyyən məbləğ ödənildiyinə görə onun adını hallandırmırıq).
Bəs Kərəm Həsənovun Yasamalda əsas hədəfləri nədən ibarətdir? Bilindiyi kimi, dövlət başçısı paytaxtın simasının gözəlləşdirilməsi üçün köhnə tikililərin sökülərək yerində yenilərinin tikilməsi barədə göstəriş verib. “Pilot layihə” adı verilən bu yenidənqurma işlərinin həyata keçirilməsində iştirak edən şirkətlərə vergi və rüsum məsələlərində xüsusi güzəştlər nəzərdə tutulub ki, bu imtiyazlar belə layihələr həyata keçirəcək iş adamlarına əlavə qazanc imkanları verir. Nəzərə alsaq ki, şəhərdə söküləcək binaların əksəriyyəti Yasamal rayonun ərazisindədir,onda Kərəm Həsənovun planları barədə ehtimallar irəli sürmək heç də çətin deyil. Qeyd edək ki, Kərəm Həsənova bağlı tikinti şirkətləri daha əvvəldə Yasamal rayon ərazisində yeni binalar tikməklə məşğul idilər. Lakin Həsənovun birbaşa öz kadrının bu rayona başçı gətirilməsi cənab komitə sədrinə bağlı tikinti şirkətlərinin əl-ayağını açır, onlara daha sərbəst hərəkət etmək imkanı verir.
Belə ki, artıq həmin şirkətlər mənzillərini tərk etmək istəməyən sakinlərin üstünə daha ürəkli gedirlər və bu zaman icra hakimiyyətinin mövqeyi artıq həmin şirkətlər üçün önəmli deyil. Önəmli olan bu şirkətlərin Kərəm Həsənova birbaşa bağlı olmalarıdır. Nəzərə çatdıraq ki, ölkə rəhbərinin söküləcək binaların sakinlərinə hər kvadrat metr üçün 1500 azn ödənilməsi göstərişini versə, işbazlar bu tapşırığı həyata keçirmirlər, sakinlərə daha az vəsait təklif edirlər. Bundan əlavə, sakinlərə köhnə evlərinin əvəzində sökülmüş binanın yerində tikiləcək yeni binalarda mənzil verilməlidir ki, prezidentin göstərişinə görə, mənzil sahiblərinə sökülən mənzillərin ümumi sahəsindən 20 kvadrat metr artıq olmalı və həmin mənziddər təmirli olmalıdır. Lakin Kərəm Həsənovun tikinti şirkətləri sakinlərə artıq 20 yox, 15 kvadrat metr əlavə mənzil sahəsinin veriləcəyini bildirir, razılaşmayan əmlak sahiblərinə isə müxtəlif vasitələrlə hədə-qorxu gəlirlər. Kərəm Həsənovun Yasamala İcra Hakimiyyətini idarə etməsi isə onları daha da cəsarətləndirir və bu da şirkətlərin sökmək istədikləri binaların sakinlərinə qarşı daha amansız olmalarına rəvac verir.
Hazırda isə əsas hədəf, Yasamal rayonundakı böyük tikinti bumunu nəzarətdə saxlamaq və bu prosesi məlum şirkətlərlə həyata keçirməklə qazanc götürməkdir. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə tikinti işlərinin ilk mərhələsi İnşaatçılar metrosu ətrafında və Sovetski ərazisində aparılacaq.  Yuxarıda qeyd etdiyimiz kimi, məmurdan daha çox biznesmen kimi səriştəsi olan Ə.Əzizov artıq bu proses üçün lazımi hazırlıqlarını da görüb. Onu da bildirək ki, nə qədər yaxın və uzun illərin birgəliyi olsa da Əmlak Komitəsinin sədri icra başçısını belə gəlirli bir projedə nəzarətsiz qoymaq niyyətində deyil. asamal İcra Hakimiyyətindən cumhuriyyet.az-a daxil olan məlumata yeni təyin olunmuş başçının bu təyinatlarının əksəriyyəti, xüsusilə də strateji postlarda edilmiş dəyişikliklər Əziz Əzizovun iradəsinə zidd həyata keçirilir. Belə ki, Yasamalda aparıcı vəzifələrə təyin olunmuş şəxslərin əksəriyyəti Əmlak Komitəsinin sədri Kərəm Həsənovun kadrları olduğu söylənilir. Yəni bu kadrları birbaşa Kərəm Həsənov iərəfindən seçilir və təyinat qəaraını da, o, verir. Əziz Əzizova isə sadəcə hamisinin seçimini imzası ilə təsdiqləmək qalır.
Yasamaldan aldığımız məlumatda o da vurğulanır ki, Əzizov yaranmış vəziyyətdən heç də xoşhal deyil. Çünki kadrların birbaşa Kərəm Həsənov tərfindən seçilməsi onun başçı kimi nüfuzuna zərbə vurur. Digər tərəfdən isə kadrları özünün seçməməsi, həm də Kərəm Həsənovun ona qarşı etimadının tam olmamasından xəbər verir. Halbuki, ən çətin anlarında Ə.Əzizov K.Həsənova olmasın dəstəyini göstərib. Bunlardan birini cumhuriyyet.az olaraq xatırlatmaq yerinə düşər: “Bakı Apellyasiya Məhkəməsi Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun sifarişi, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişi ilə mənzilinə tapança qoyulub həbs olunmuş Mətləb Mustafayevə bəraət hökmü verdikdən sonra çoxları Kərəm Həsənovun karyerasına ciddi zərbə vurulduğunu güman edirdi. Çünki Bakı Apellyasiya Məhkəməsində və Bakı Hərbi Məhkəməsində keçirilən uzun müddətli, çoxsaylı iclaslardan sonra Mətləb Mustafayevin şərləndiyi tam təsdiqini tapdı. Həmin ərəfədə əslən Cəbrayıl rayonundan olan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qohumları vasitəsi ilə Mətləb Mustafayevə ismarıc göndərib adının hallandırılmaması müqabilində ona mənzil, külli miqdarda pul təklif etdiyi söhbətləri də yayılmışdı”.
Tarix: 9-07-2018, 02:41
Xəbəri paylaş





Xəbər lenti