İcra hakimiyyətlərinin yarıtmaz fəaliyyəti ilə bağlı ciddi tənqidlərin arası kəsilmir. Xüsusilə də yaşıllıqların məhvi, qanunsuz tikintilərə “yaşıl işıq” yandırılması və s. məqamlar bəzi icra hakimlərinin mənfi imicinin formalaşmasına səbəb olub. Etirazlara, şikayətlərə baxmayaraq, icra hakimiyyətlərinin bir çoxunun neqativ fəalliyyəti bu gün də davam edir. Hündürmərtəbəli tikililərin yaşayış binalarının həyətində, oyun meydançalarında, yaşıllıq zonalarında inşasının qarşısını almaq bir tərəfə, əksinə hər gün yenilərinin təməli qoyulur.
Ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan son iclasında da bu məsələyə toxunuldu. İlham Əliyev icra orqanlarının bu cür fəaliyyətini sərt tənqid etdi və onlar haqqında ciddi tədbirlərin görüləcəyini dedi.
Prezident İlham Əliyev “Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan bir-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox”,-deyə bildirib.
Bir müddət öncə ölkə prezidenti məhz belə bir səbəbə görə ötən il Yasamal rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi. “Hacı Cavad” məscidinin özbaşına sökülməsi, "Olympus Park" yaşayış kompleksinin qanunsuz yerdə tikintisinə icazə verilməsi, həmçinin "Ovçular evi"nin ətrafındakı yaranmış xoşagəlməz vəziyyət İbrahim Mehdiyevin vəzifəsindən azad olunmasının əsas səbəbi idi. Qeyd edək ki, ölkə prezidenti "Olympus Park" yaşayış kompleksinin tikintisini gördükdən sonra icra başçısının işdən azad olunması ilə bağlı sərəncam imzalamışdı.
Görünən odur ki, bütün bunlara baxmayaraq, icra başçıları hələ də bu istiqamətdə qanunsuz fəaliyyətdən əl çəkməyiblər. Ancaq ölkə prezidentinin bu məsələyə münasibət bildirməsi onlara artıq son ciddi xəbərdarlıq kimi dəyərləndirilə bilər. Təsadüfi deyil ki, son günlər bəzi icra başçılarının ciddi şəkildə narahat olduğu deyilir. Çünki Prezident müşavirədə həmçinin ciddi kadr islahatlarının davam etdiriləcəyini anons edib. Bu, onu deməyə əsas verir ki, sözügedən islahatlar elə qanunsuzluğa yol verən icra başçılarından başlayacaq.
İcra qurumlarının fəaliyyətini qənaətbəxş etmək olmaz. Xüsusilə də dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi faktları bir sıra icra hakimiyyətlərində var və bu fakt büdcə vəsaitlərinə nəzarət edən Hesablama Palatasının hesabatlarında açıq şəkildə yer alıb. Belə ki, ötən il Palatanın yaydığı məlumatlarda 14 icra hakimiyyətində büdcə vəsaitinin mənimsənilməsi faktının qeydə alındığı göstərilirdi. Bunlar Qaradağ, Sabunçu, Abşeron, Salyan, Şirvan, Zaqatala, Goranboy, Ağcabədi, Hacıqabul, Masallı rayon icra hakimiyyətlərində mənzil-kommunal təsərrüfatları, Biləsuvar, Cəlilabad, Tovuz, Siyəzən, Quba, Oğuz rayon icra hakimiyyətlərində isə investisiya üzrə sahələrdir. Sonradan Palata bu hesabatları Milli Məclisə təqdim etdiyini bildirdi. Qanunvericiliyə görə, Milli Məclisin araşdırmalarından sonra bu yöndə müvafiq tədbirlər görülməli idi. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, Hesablama Palatası yoxlamaların nəticəsini Baş Prokurorluğa göndərir və müvafiq tədbirlər görülür.
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən 2017-ci ilin I yarısında risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən aparılan yoxlamalarda isə bir sıra icra hakimiyyətində analoji fakt qeydə alınıb. Yoxlamalar nəticəsində Mingəçevir, Lənkəran, Beyləqan, Laçın, Neftçala və Şəki rayon icra hakimiyyətlərinin bir sıra xərcləmələrində nöqsanlar aşkarlanıb. Yoxlamaların nəticəsi olaraq aidiyyatı üzrə Baş Prokurorluğa müraciət göndərilib.
Bütün bu fakltarı nəzərə alsaq, icra başçılarının islahatların hədəfinə niyə gəldiyini təxmin etmək çətin olmaz. Prezidentin iclasda söylədiklərini isə icra başçıları son xəbərdarlıq kimi qəbul etməlidir.
Vilayət Muxtar
Cebhe.info