NATO rus təhdidinə qarşı daha da prinsipial addımlar atacaq - ALYANSIN FÖVQƏLADƏ TOPLANTISINDAN GÖZLƏNTİLƏR




Sabah Brüsseldə NATO-nun fövqəladə toplantısı öz işinə başlayacaq. Elan edilib ki, alyansın bu sammitində Ukraynaya bundan sonrakı dəstəyin nələrdən ibarət olduğu açıqlanacaq.
Deməli, Rusiya-Ukrayna savaşının gələcək taleyi xeyli dərəcədə həm də bu sammitin nəticələrindən asılı olacaq: NATO Ukraynanın gözlədiyi və tələb etdiyi dəstəyi vermək qərarı alacaqsa, Zelenski də dirənməkdə davam edəcək; yox, NATO yenə də “üçüncü dünya və nüvə savaşı çıxar” bəhanəsiylə Rusiyaya qarşı ehtiyatlı mövqe tutacaqsa, bu, Ukraynanı Rusiya qarşısında yalnız buraxmaq mənasına gələcək.
Ancaq NATO Baş katibi Stoltenberqin bu gün keçirdiyi mətbut konfransında səsləndirdiyi fikirlər alyansın rus təhdidinə qarşı daha qətiyyətli addımlar atacağına da ciddi şübhələr yaradır.
Stoltenberqin “Savaş Ukrayna sərhədlərini aşmamalıdır”, “Ukraynanın NATO-ya üzvlüyü gündəlikdə deyil” və “NATO Ukraynaya əsgər göndərməyəcək” bəyanatları o qənaəti yaradır ki, Qərb bloku Rusiyanın Ukrayna ilə kifayətlənməyəcəyi və hətta digər Avropa ölkələrinə də hücum edə biləcəyi qorxusunu yaşayır və yenə də “Biz silah və para göndərək, Ukrayna özü vuruşsun” mövqeyi tutacaq, əsas ağırlığı isə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə verəcək.
Çünki NATO-ya savaşın tezliklə bitməsi yox, uzanması və sanksiyalarla taqətdən salınan Rusiyanın içərisinə sıçraması, Putin əleyhinə çıxışların başlaması gərəkdir.
Hələliksə, bir aylıq savaş ona gətirib çıxarıb ki, ABŞ real rus işğalı təhdidiylə və Ukraynanı qurban etmək hesabına, son vaxtlar nəzarətindən çıxan Avropa İttifaqını artıq yenidən NATO-dan möhkəm yapışmağa, ABŞ-ın təklif etdiyi təhlükəsizlik təminatı şərtləri və iri silah müqavilələri ilə razılaşmağa vadar edə bilib…
Elxan Şükürlü
Tarix: 24-03-2022, 15:09
Xəbəri paylaş





Xəbər lenti