Co Bayden və Vladimir Putin
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında müharibədə daimi atəşkəs üçün danışıqlar ilk həftədən davam edir. Hər iki tərəfdən müsbət irəliləyişlərin olduğu, hətta sülh razılaşması ehtimalının artması kimi ümidverici mesajların da gəldiyi bildirilib. Üstəlik, Ukrayna Prezidenti Zelenski son bəyanatında “Kiyev, atəşkəs və Rusiya qoşunlarının çıxarılması müqabilində NATO üzvlüyündən imtina edə bilər və onlar Krımın və Donbasın statusunu müzakirə etməyə hazırdırlar” anlamında mesaj da verib.
Rusiya Prezidenti Putin isə bütün çağırışlara baxmayaraq, görünür, “Mən heç vaxt geri addım atmayacağam” düşüncəsindədir. Yaxşı, bəs, Putini kim və necə razı salacaq? O, nə etmək istəyir, əsl məqsədi nədir? Hal-hazırda gündəmdə müzakirə olunan suallar bunlardır.
Meydanda imici getdikcə pisləşdiyi üçün Putinin birbaşa mülki şəxslərə yönəlmiş taktiki dəyişikliyi, Rusiya xalqında bu müharibəyə ikrah hissini pik həddə çatdırıb. Onun son olaraq hipersəs raketlərindən istifadə edilməsi əmrini verməsi də bu nifrətin başqa bir ölçüsüdür. Amma digər tərəfdən, Ukraynanın gözlənilməz müqaviməti, Qərbin ağır iqtisadi sanksiyaları qarşısında verdiyi itkilərdən ilişib qalan Putinin masa arxasına oturmaq üçün döyüş möqeyində daha sarsıdıcı həmlələr etməklə, müzakirə masasında əlini gücləndirmək istəyir. Açığı, hər iki tərəfin - həm Ukrayna, həm də Rusiyanın çıxış yolu axtarışlarında olduğu müşahidə olunur. Artan miqrasiya dalğası və Putinin təhdidlərindən narahat olan Avropa ölkələrinin bu müharibənin tez bir zamanda bitməsini istədiyi məlumdur. Lakin ABŞ üçün eyni şeyi söyləmək çətindir. O, indi sülh ab-havasında deyil, elə məsələnin lap başından müharibə, fəlakət əhval-ruhiyyəsindədir.
Məsələn, ABŞ Prezidenti Baydenin reaksiyası hələ müharibə başlamazdan əvvəl gəlir - Rusiyanın fevralın 16-da Ukraynaya hücumu ilə bağlı çoxlu proqnozlar verdi, nəticədə hücum planları reallaşdı. Hücum planları barədə proqnozların özünü doğrultmasına ciddi bir kəşfiyyat uğuru da demək olar, amma o da dəqiq deyil ki, Bayden bu ssenarini özü qurub, yoxsa həqiqətənmi güclü kəşfiyyat məlumatları var?..
Əslində Putinin ABŞ-ın tələsinə düşməsi və təxribat törətməsi ehtimalları müzakirə olunub və hələ də olunur. Lakin ondan daha çox müzakirə olunan və bu prosesin bir ssenari olduğu ehtimalını gücləndirən bəzi detallar da var. Belə ki, ABŞ kəşfiyyat məlumatlarını əldə etməkdə müvəffəqiyyətlidir, lakin bu kəşfiyyatla lazım olanı etmək məsələsi bilərəkdən və bilməyərəkdən müəyyən mənada fiaskodur. Çünki ABŞ istəsəydi, həqiqətən Ukrayna xalqını düşünsəydi, bu müharibəni çox yaxşı dayandıra bilərdi. Əgər ABŞ müharibə başlamazdan əvvəl Zelenskinin israrla təkid etdiyi hava hücumundan müdafiə sistemini yerləşdirsəydi və ya Balkanlara 300-400 döyüş təyyarəsi gətirə bilsəydi, Putin heç vaxt işğala cəsarət etməzdi. Yaxud ABŞ NATO üzvü olan Polşa, Macarıstan, Bolqarıstan və Rumıniyada Rusiya istehsalı olan Miq 29-ları təhlükəni hiss edən kimi Zelenskiyə versəydi, yəni müharibə başlayandan sonra verirmiş kimi davranmasaydı, ukraynalı pilotlar 200-300 təyyarə ilə öz hava məkanını qorumağa çalışardılar. Yenə ABŞ istəsəydi, Rusiyaya iqtisadi sanksiyaların ölçüsünü bir az da artırardı və Putin hərəkətə keçməzdən əvvəl son dəfə düşünərdi.
Lakin ABŞ bunların heç birini etmədi. Eynilə ABŞ indi silahların susması, sülhdən çox gərginliyi artıran bəyanatlar və Ukraynaya silah daşınması, xüsusən də küçə toqquşmaları səbəbindən müharibənin daha da uzanmasını istəyir. Səbəbi məlumdur: həm Rusiyanı bataqlığa sürükləmək, həm dayanmağa məcbur etmək, həm də Avropa ölkələrini Rusiya təhlükəsi ilə qorxutmaq, bu ölkələri öz ətrafında birləşdirmək. Bu səbəbdən nüvə silahından istifadə, Putinin mümkün yeni hədəfləri, bölgədəki qeyri-sabitlik, mühacir dalğaları kimi bəyanatları davamlı olaraq Avropa ölkələrini qıcıqlandırır və stress altında saxlayır. Təbii, bu, o deməkdir ki, Avropanın ABŞ-dan etimad baxımından asılılığı və NATO-nun hərbi xərcləri də artır, başqa sözlə, ABŞ daha çox silah satır. Hətta Finlandiya ABŞ-la radardan xilas ola biləcək 9,4 milyard dollar dəyərində 64 ədəd F-35 müqaviləsi imzalamışdı və Almaniya 2022-ci il büdcəsində müdafiə xərcləri üçün əlavə 100 milyard avro ayırmışdı. Yəni müharibədən əvvəl Rusiya ilə həm qaz əlaqələri, həm də digər ticarət əlaqələri ilə yaxşı münasibətdə olan Avropa ölkələri təhlükəsizlik baxımından indi ABŞ-dan asılı vəziyyətə düşür.
Bir sözlə, bu dəhşətli müharibənin başlanmasında başqa ünsürlər və həmçinin, Putinin aqressiv və ekspansionist məqsədləri də var. Kəşfiyyatçıların, casusların tez-tez müraciət etdiyi məşhur bir nəzəriyyə var: “Hadisə baş verəndə, cinayətkarı tapmaq istəyirsinizsə, hadisənin nəticəsinin kimə sərf etdiyinə baxın. Bu hadisə kimə sərf edir? Bunu bilsəniz, həmin işi kimin etdiyini də bilərsiniz”.
Ona görə də daimi atəşkəsin və tökülən qanların dayandırılmasında Putinin qərarı və münasibətinin yeganə müəyyənedici amil olduğu deyilsə də, digər amillərin də varlığı və təsiri aydındır. Böyük bir ehtimalla bu atəşkəsi Putin istəsə belə, Bayden istəməyəcək.
Tarix: 24-03-2022, 22:50