Ağ Ev, Vaşinqton, ABŞ
"Lazımsız eskalasiya tədbirləri". Bu, ABŞ Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Calina Porterin işlətdiyi ifadədir. O, bunu Azərbaycan Silahlı Qüvvələrinin Qarbağdakı "yerdəyişmələri" haqqında deyib. Bu zaman "Qarabağ" deyil, "Dağlıq Qarabağ" ifadəsini işlədib. Eyni ifadələr iki gün əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında vardı. Oxşar mövqedən Fransa da çıxış edib. Sanki ABŞ və Fransa kimi dövlətlərin bəyanatlarını Ermənistan diplomatları hazırlayır. Mətn, üslub, ton, ritorika, hər şey eyni!
Əlbəttə, Porter kiçik səviyyədir deyib keçmək olmazdı. Çünki bu, rəsmi mövqedir. Təxminən eynisini bu ərəfədə dövlət katibi Entoni Blinken İlham Əliyevlə telefon söhbətində demişdi. Daha sonra isə bu yanaşmanı prezident Cozef Bayden daha geniş formada öz Novruz təbrikində yazdı. O məktubda da yenə də Azərbaycanı qane etməyən konstatasiya vardı. Bu konstatasiyanın özündə çox ciddi ziddiyyət gördük.
İki sitat gətirəcəyik:
Birinci sitat:
"Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır".İkinci sitat:
"ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, ...Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq".İkinci abzasda ifadə olunan mövqe birincidəkini təkzib edir. Əgər ABŞ Azərbaycanla birgə çalışacaqsa, o halda rəsmi Bakının mövqeyinə də hörmətlə yanaşmalıydı. Azərbaycan hesab edir ki, "Dağlıq Qarabağ" ifadəsi deyilən bir şey yoxdur. Bu adda münaqişə də yoxdur. Rəsmən "Qarabağ" və "Şərqi Zəngəzur" adlandırılmış iqtisadi rayonlar var. Bunu da Azərbaycanın ali hakimiyyəti, diplomatik qurumları dünyanın diqqətinə çatdırıb. Ölkə prezidenti İlham Əliyev BMT tribunasından bütün dövlətlərə "Dağlıq Qarabağ" ifadəsi işlətməmələri üçün müraciət edib. Bundan başqa Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyinə ehtiyac qalmadığını da yüksək beynəlxalq diqqətə çatdırıb. Ancaq hələ də ABŞ, eləcə də, Fransa və Rusiya ATƏT-in Minsk Qrupundan danışır.
Hansı Minsk Qrupundan söhbət gedir?!
Bu gün Rusiya Ukraynada təcavüzkar müharibə aparır. Həmin o Minsk (yəni Belarus) Rusiyaya dəstək verir. ABŞ və Fransa da Rusiya və Belarusa sanksiyalar qoyur, onlara qarşı vuruşmaq, Ukraynanın işğalına yol verməmək üçün rəsmi Kiyevə hərbi, siyasi, maliyyə və informasiya dəstəyi verir. O "Minsk Qrupu" deyə 28 il uğursuz "vasitəçilik" etmiş həmsədrlər, bu gün bir-birini nüvə zərbəsi ilə təhdid edir. Harda qaldı Minsk, hanı qrup?! Hansı həmsədrlərdən danışırsınız?!
Cənablar Bayden və Makron, Siz özünüzü Ukraynaya təcavüz edən Rusiya ilə bir qrupda hələ də birlikdə, üstəlik də, vasitəçi kimi necə hiss edə bilirsiniz?! Əvvəlcə o dediyiniz qrupunuzdakı müharibəni dayandırın, sonra gəlib Qarabağda vasitəçilik etməyə "münaqişə" axtarın. Əgər sizə nuzama salmaq üçün münaqişə lazımdırsa, nədən Rusiyaya bu qədər ağır sanksiya qoyursunuz?! Nədən Ukraynaya silah-sursat verirsiniz?! Deyim niyə? Əgər mövqeyinizdə səmimisinizsə, bunları Putin Rusiyasının hərbi intervensiyasını durdurmaq üçün, Ukraynada separatçılığı yatırtmaq üçün edirsiniz, elə deyilmi?! Ümid edirəm ki, elədir. Çox yaxşı. Eynisini Azərbaycan öz gücü ilə edir. Təcavüzkarı əzib torpağından qovub, indi də öz əraziləri üzərində suverenliyini addım-addım tətbiq edir. Öz ərazisində istənilən hərbi yerdəyişmə nədən "eskalasiya tədbiri" olur?! Separatçılığın kökünü kəsmək niyə lazımsızdır?!
Ermənistan üçün, bəli, "lazımsız" ola bilər; o da Rusiyanın indi Ukraynada etdiklərinin eynisini 1991-1994-cü illərdə Azərbaycana qarşı edib, sonra da iki onillikdən çox müddətdə Azərbaycanın torpaqlarını işğal altında saxlayıb, şəhər və kəndlərini yer üzündən silib.
Necə olur, eyni şey Ukraynaya qarşı ediləndə haqlı olaraq separatçılıq və təcavüzkarlıq kimi qəbul edilir, ancaq Azərbaycana qarşı ediləndə yox?! Ukraynada dinc əhalini bombardman edənlər, uşaqları öldürənlər qatildir, eyni əməli Azərbaycanlılara qarşı törədənlər baş tacıdır?! Bəlkə təkcə ona görə ki, Ukraynada ölənlər xristiandır, Azərbaycan insanı müsəlmandır?! Və ya bəlkə orda işğala məruz qalan sizin məqsəd və planlarınıza işləyirdi, burda isə işğalçı?!
Görürsünüzmü, nə qədər cavabsız sual yaranıb. Əslində, bəlkə də cavabı özündə olan suallardır.
Ukraynaya hər cür dəstək verirsiniz, çox yaxşı. Öz imkanları daxilində Ukraynaya yardım göndərən Azərbaycana da buna görə təşəkkür edirsiniz. Öz ərazisini, əhalisini, müstəqil dövlətçiliyini qoruyan Ukraynanı təqdir edirsiniz də, onda eyni cür davranan Azərbaycanı niyə tənqid edirsiniz?! Hətta trivial üslubda təhdid edirsiniz.
Azərbaycan bu ikili yanaşmanın məğzini anlamaq istəyir. Bir yandan deyirsiniz ki, təhlükəsizlik maraqlarına görə Azərbaycanla birgə işləyəcəksiniz. Ancaq Azərbaycan öz təhlükəsizlik maraqlarını müdafiə edəndə bundan "dərin narahatlıq hissi" keçirirsiniz. Şərqi Avropada bu gün Rusiya ordusunun saçdığı vəhşətdən də narahat olursunuz, eyni vəhşətin Cənubi Qafqazda durdurulmasından da. Bir sözlə, ikili oynayırsınız.
Niyə də axı?! Niyə?!
Tarix: 26-03-2022, 22:08