Rusiyada azadlıq olsaydı, korrupsiya ordunu indi olduğu kimi içindən yeyib bitirməzdi, generallar Putinə vaxtında həqiqəti deyərdilər ki, Ukraynanı işğal etməyə hərbi gücləri yetməz.Rusiyada avtoritar yox, demokratik idarəetmə olsaydı, iqtisadi komanda Putinə başa salardı ki, ölkənin iqtisadi gücü çox azdır. Rusiya dünya iqtisadiyyatının cəmi 1.5 faizi ola-ola, dünya iqtisadiyyatının 60-70 faizini təmsil edən qüvvələrə qalib gələ bilməz. Ölkənin hətta qızıl və valyuta ehtiyatları da öz əlində deyil. Beynəlxalq birlik iqtisadi savaş açsa, Rusiyanı tezliklə müflis edər (necə ki, edir).
Rusiyada tək adam hakimiyyəti yox, demokratik idarəetmə olsaydı, ölkənin diplomatları, siyasətşünasları və analitikləri dövlət başçısına vaxtında izah edərdilər ki, Ukraynanı işğal cəhdi Rusiyanı qısa müddətdə Şimali Koreya və Belarusun gününə salar, Rusiya bütün dünyadan təcrid olunar.
Rusiyada azadlıq olsaydı, ayrı-ayrı cəsur alimlər yox, bütövlükdə Rusiya Elmlər Akademiyası Ukraynaya qarşı savaşın əleyhinə çıxardı. Akademiklər dövlət başçısını inandırardılar ki, dünyadan təcrid olunmaq və kütləvi beyin axını Rusiyanı elm və texnologiya baxımından da 10 illərlə geriyə – geridə qalmış dövlətlərin sırasına atar.
Rusiyada demokratiya olsaydı, onun güclü parlamenti, azad mətbuatı və güclü müxalifəti Ukraynaya qarşı bu haqsız və mənasız savaşa heç əvvəldən imkan verməzdi.
Bir sözlə, Rusiya demokratik ölkə olsaydı, nə ukrayna, nə də rus xalqı indiki zülmü çəkməzdi. İşğalçılıq müharibəsi başlatmaqla Ukraynaya da, Rusiyanın özünə də, bütövlükdə dünyaya da hazırkı məhrumiyyətləri yaşadan Rusiyadakı tək adam hakimiyyətidir. Şahidi olduğumuz savaş təkcə Rusiya-Ukrayna savaşı yox, həm də avtoritarizmlə demokratiyanın, irtica ilə azadlığın savaşıdır. Rus xalqı da, bizim kimi avtoritar üsullarla idarə olunan digər dövlətlərin xalqları da gözünü dörd açıb avtoritarizmin millətə, dövlətə hansı problemlər, məhrumiyyətlər, acılar yaşatdığını görməli, azadlığın qədrini bilməli və ilk fürsətdəcə tək adan hakimiyyətlərindən xilas olmalıdır.
AXCP sədri Əli Kərimli
Tarix: 27-03-2022, 08:05