Bəzi təhlilçilərə görə, ölkəmizin təşkilatla əməkdaşlığına ehtiyac yoxdur; bunun iqtisadi deyil, siyasi motivləri var
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Azərbaycan və Ermənistanın müşahidəçi statusunu alması məsələsini diqqətdən keçirir. Bunu TASS agentliyinə müsahibəsində təşkilatın baş katibi Çjan Min deyib. “Azərbaycanla Ermənistanın müşahidəçi statusu alması məsələsinə gəldikdə, ŞƏT üzv dövlətləri bu məsələni fəal şəkildə araşdırır. Hələlik dəqiq vaxt demək mümkün olmasa da, mən bu məsələyə nikbin yanaşıram”, - deyə o bildirib.Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər diqqətə alınmalı olan vacib amildir. “ŞƏT üzv dövlətləri təşkilata ikitərəfli ziddiyyətlərin daxil edilməməsi məsələsində yekdildir. Bu, təşkilata daxil olmaq iddiasında olan bütün ölkələrin yerinə yetirməli olduğu öhdəlikdir”, - baş katib deyib.
Yada salaq ki, ŞƏT-in yaradılması haqqında bəyannamə 2001-ci ilin iyun ayında Şanxayda altı dövlət - Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb. 2017-ci ildə Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvü olub. Təşkilatın işində dörd müşahidəçi ölkə (Əfqanıstan, Belarus, İran və Monqolustan) və altı dialoq tərəfdaşı (Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka) iştirak edir. Onu da xatırladaq ki, Azərbaycan 2016-cı ildə dialoq üzrə tərəfdaş kimi təşkilata qoşulma prosesini başa çatdırıb. İndi isə Bakı ŞƏT-dəki statusunun daha da yüksəlməsini istəyir. Siyasi analitiklər hesab edir ki, Azərbaycanın ŞƏT-də yer alması Moskvanın maraq dairəsindədir. Daha əvvəl Moskva rəsmən bəyan edib ki, Bakı ilə bu məsələdə koordinasiyanın gücləndirilməsini istəyir və Azərbaycanın bu təşkilatda statusunun müşahidəçi səviyyəsinə qaldırılmasına dəstək verəcək.
Bu arada əsasən, Şərq ölkələrini birləşdirən təşkilatla münasibətlərin daha da genişləndirilməsi Azərbaycan təhlilçiləri arasında fərqli baxış ortaya qoyub. Bəzi təhlilçilər Azərbaycanın iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün bu təşkilatla əməkdaşlığına ehtiyac görmür, bunun iqtisadi deyil, “siyasi motivli” olduğunu düşünür. Buna etiraz edənlər isə addımın “uğurlu əməkdaşlıq” olduğunu hesab edir.İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, siyasi çalarları ilə yanaşı, daha çox iqtisadi təşkilat olan Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana iqtisadi baxımdan müəyyən üstünlüklər qazandıra bilər: “Azərbaycanın müxtəlif beynəlxalq formatlarda iştirakı iqtisadi baxımdan müəyyən üstünlüklərin qazanılması üçün mühümdür. Sadəcə, bəzi formatlar var ki, orada iqtisadi məsələlərdən daha çox siyasi mesajların üstünlük təşkil etməsi ehtimalı var. Şanxay Əməkdaşlıq Təşkilatı həm iqtisadi, həm də siyasi mesajların önə çıxdığı qurumdur. Bundan Çinlə Rusiya birgə müəyyən geosiyasi proseslərdə eyni mövqedən çıxış etmək üçün bir platforma kimi istifadə edirlər.
Bu təşkilatın siyasi tərəfindənsə, iqtisadi tərəfində Azərbaycanın iştirakı daha məntiqli olar. Azərbaycan öz iqtisadi maraqları çərçivəsində bu təşkilatın üzv ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında daha çox maraqlı olmalıdır. Çünki Azərbaycanın iqtisadi münasibətləri Qərblə daha çox bağlıdır. Bütün enerji layihələri, enerji bazarları, idxal-ixrac əməliyyatlarında Avropa Birliyinin rolu çox yüksəkdir".
Siyasi ekspert Yeganə Hacıyeva isə bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatının ideyası bir cümlədə ticarət-iqtisadi, nəqliyyat, loqistika və enerji əlaqələrinin gücləndirilməsi yolu ilə Çin və Mərkəzi Asiya regionunda sülh və stabilliyə təmin etmək məqsədi kimi ifadə edilə bilər. Üzv ölkələr bunu həm də milli maraqların qorunmasında, müstəqil inkişaf yolu və idarəetmə modelində və təşəbbüslərin həyata keçirilməsində bir-birini dəstəkləmə kimi təqdim edirlər: “ŞƏT həmçinin aid olduğu regionda regional təhlükəsizliyin indiki vəziyyəti, terrorizm, separatizm, ekstremizmlə birgə mübarizə tədbirlərinin həyata keçirilməsi və digər məsələlər kimi sülh və stabilliyin vacib təməlləri istiqamətində əməkdaşlıq həyata keçirirlər.
Son illər, ümumiyyətlə, ŞƏT həm də Çinin “Bir kəmər - bir yol” təşəbbüsünün siyasi təqdimatı kimi qəbul edilir. Üzv ölkələrdən Rusiyadan başqa digərləri, Mərkəzi Asiya dövlətləri milli inkişaf strategiyalarının uyğunlaşdırılması və inteqrasiyasını davam etdirmək, ticarət və investisiya prosedurlarının asanlaşdırılmasını təşviq etmək barədə razılığa gəlib ki, bu da məhz “Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat təşəbbüslərinin asanlaşdırılması ilə nəticələnib. ŞƏT üzv və müşahidəçi statuslu dövlətləri təşkilata ikitərəfli ziddiyyətlərin daxil edilməməsi məsələsində yekdildir. Bu, təşkilata daxil olmaq iddiasında olan bütün ölkələrin yerinə yetirməli olduğu öhdəlikdir.
Ermənistan isə təmsil olunduğu bütün təşkilatlarda özünün uydurduğu saxta tarixi və uydurma iddiaları ilə öz maraqlarından təmsil olunmaq adəti var ki, bu ŞƏT daxilində qəbuledilməz bir yanaşmadır.
Azərbaycana gəlsək, Qara dəniz və Xəzər dənizi arasında yerləşən, Xəzərin və Mərkəzi Asiyanın enerji mənbələrinin diversifikasiyası da daxil, Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi olan strateji regionun nəqliyyat layihələrinin açar strateji ölkəsi kimi ŞƏT-də müşahidəçi statusunda olması təşkilat üçün arzu ediləndir. Lakin Azərbaycan hələ bu barədə rəsmi qərar verməyib.Azərbaycanı həm də “Bir kəmər - bir yol ” layihəsinin strateji bəndi kimi Çinin qitələrarası nüfuzunun artmasına mühüm bir bənd olması cazibədar edir. Azərbaycanın ŞƏT-də müşahidəçi statusda təmsil olunması və ya tam hüquqlu üzv kimi təmsilçiliyi Azərbaycandan daha çox ŞƏT-in, xüsusən də Çinin marağındadır".
Ekspert qeyd etdi ki, hazırda Azərbaycan dialoq tərəfdaşı ölkə kimi ŞƏT-lə əməkdaşlıq edir. Bu isə ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına tam üzv olması anlamına gəlmir: “Dialoq tərəfdaşlığı olan digər ölkələr Türkiyə, Nepal, Kamboca və Ermənistandır. Üzv ölkələrdən fərqli olaraq burada təşkilatla dialoqun qurulması və əməkdaşlıqdan söhbət gedir. Bu, sadəcə, dialoq çərçivəsində əməkdaşlığın gücləndirilməsi anlamına gəlir. Burada əsas məqsəd iqtisadi tərəfdaşlığın inkişaf etdirilməsidir. Əgər siyasi məqsəd olsaydı, Azərbaycan ən azı müşahidəçi, ya üzv ölkə kimi quruma qoşulardı. Nəzərə alaq ki, xüsusilə Orta Asiya ölkələri Azərbaycan üçün bir bazardır. Bu tərəfdaşlıq imkan verir ki, Azərbaycan sözügedən ölkələrlə həm enerji, həm qeyri-neft sektorunda birgə regional layihələr reallaşdıra bilsin”.
“Yeni Müsavat”
Tarix: 30-03-2022, 09:40