“Ümumiyyətlə, sülh və Ermənistan sözləri tamamilə bir-birinə zidd mənalı anlayışlardır. Çünki Ermənistan bir dövlət olaraq yarandığından heç zaman sülhün tərəfdarı olmayıb”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloq bildirib ki, 44 günlük savaşda ağır məğlubiyyətə uğrayan Ermənistan indiyədək sülhlə bağlı heç bir hazırlıq nümayiş etdirməyib:
“Son 30 ildə Ermənistan-Azərbaycana qarşı ərazi iddialarına və işğalçılığa baş vurmuşdur. Nəhayət 44 günlük savaşdan sonra Ermənistan ağır məğlubiyyətə uğramışdır. Lakin buna baxmayaraq, Ermənistan hələ də sülh prosesinə və sülh danışıqlarına heç bir hazırlığı nümayiş etdirmir və bunun bir görüntüsü də yoxdur. Biz sadəcə olaraq Ermənistan hakimiyyətinin bəzi nümayəndələrindən sülh prosesi ilə bağlı müəyyən fikirlər və bəyanatlar eşitməkdəyik. Amma bu bəyanatların, bu sözlərin əməllə davamını biz görmürük. O baxımdan Ermənistanın son dövrlər guya sülh prosesinə hazır olduğu haqqında söylədiyi bəyanatlar da açıqcası ciddi bir əmələ söykənmir. Ermənistan özünü heç də konstruktiv və əməkdaşlıq tərəfdarı kimi aparmır. Çünki Ermənistan cəmiyyətində, onun siyasi qüvvələri yenə də xaricdəki hansısa havadarlarının yardımına arxalanır”.
Ermənilərin revanşist əməllərinin həyata keçirmək cəhdlərinin hələ də güclü olduğunu qeyd edən politoloq əlavə edib ki, o baxımdan yaxın zamanlarda Ermənistanın ciddi şəkildə sülh prosesini aparacağı inandırıcı görünmür: “Ermənistan sülh prosesinə və sülh danışıqları ilə bağlı masaya o zaman qəti şəkildə otura bilər ki, o bir daha ciddi şəkildə sülhə məcburetmə əməliyyatı ilə qarşılaşsın. Yaxud ona özünün havadarları tərəfindən ciddi şəkildə xəbərdarlıq edilsin. Bu iki halda Ermənistan sülh prosesində iştirak edə bilər və sülh müqaviləsini imzalaya bilər. Ermənistanın öz xoşu ilə müstəqil şəkildə qərar verərək, sülh danışıqlarına aparacağı və sülh müqaviləsi ilə imzalayacağı ilə bağlı biz hələki bir hərəkət və hansısa davranış görmürük. Sadəcə olaraq, bütün bu çıxışların hamısı guya sülhpərvər olmaqla bağlı edilən bəyanatlardır, yəni hamısı imitasiya xarakteri daşıyır”.