"Rusiya Azərbaycan və Avropa İttifaqı arasında imzalanması gözlənilən yeni sazişi baltalamaq istəyir"





Rusiya Dövlət Dumasının daha bir deputatı, Müdafiə komitəsi sədrinin müavini Aleksandr Şerin Azərbaycan və Yaponiyaya qarşı təxribat xarakterli fikirlər səsləndirib. Belə ki, o, Rusiyanın “Realist” İnformasiya Agentliyinə müsahibəsində hər iki ölkəni "İsgəndər" və "Kalibr" raketləri ilə təhdid etməyə çalışıb. Bu son 1 həftə ərzində ikinci belə haldır. Bundan öncə də Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin ölkəmizə qarşı açıq təhdidlər səsləndirmişdi Belə ki, Delyaqin əvvəl "Rossiya 1” dövlət telekanalında yayımlanan "60 dəqiqə” verilişində Azərbaycanı proksi dövlət adlandırıb (Türkiyənin proksisi). Bununla da ürəyi soyumayan Delyaqin öz rəsmi "Teleqram" kanalında Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunmasını düzgün hesab edib-etmədikləri ilə bağlı sorğu yerləşdirib.

Məsələyə münasibət bildirən politoloq Turan Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, Kremlin Bakıya qəzəbli olması hər kəsə bəllidir.

Politoloq qeyd edib ki, bu qəzəbin səbəbi də heç şübhəsiz ki, Xocalının Fərrux kəndi və eyniadlı yüksəkliyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsidir:

“Rusiya ilk olaraq bunu, Delyaqin üzərindən Azərbaycana hiss etdirməyə çalışdı. Azərbaycan isə öz qərarlı mövqeyini göstərərək Delyaqini beynəlxalq axtarışa verdi. Kreml bu dəfə isə Aleksandr Şerin üzərində mesaj verir. Ancaq mesajın hədəfi təkcə Bakı yox, həm də Tokiodur. Şerin müsahibəsində iddia edib ki, hazırkı prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır, "bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər" deyir. Şübhəsiz ki, A.Şerin bunu deyərkən, Xocalının Fərrux kəndinin Azərbaycan hərbçiləri tərəfindən azad edildiyini nəzərdə tutur. Ancaq topu təkcə Azərbaycana atmır. Həm də Yaponiyaya atır. Çünki Yaponiya da Kuril adaları ilə bağlı Kremlə gərginlik yaşayır”. “Mümkündür ki, Rusiya Azərbaycan və Avropa İttifaqı arasında imzalanması gözlənilən yeni sazişi baltalamaq istəyir. Düşünürəm ki, Kreml hələ bir müddət Azərbaycana qarşı təhdidləri davam etdirəcək. Hətta V.Putin ölkə daxilində 5-ci kolon vasitəsilə müəyyən təxribatlara əl ata bilər. Kifayət qədər diqqətli olmalıyıq. Görünən budur ki, Rusiyanın vəziyyəti gərginləşib dünyadan təcrid olunduqca, hər cür provakasiyaya əl ata bilər”.
Tarix: 1-04-2022, 22:03
Xəbəri paylaş





Xəbər lenti