Rusiya savaşın çox uzanmasından qorxur


Belə görünür ki, Rusiya-Ukrayna savaşının ən böyük və ən önəmli döyüşü yaxın günlərdə Donbasda olacaq. Hər iki tərəf bu döyüşə çox ciddi hazırlaşır. 
Belə bir həlledici döyüşü Donbasa salmaq Rusiyanın seçimidir. Bir tərəfdən guya qondarma DXR və LXR-in “ərazi bütövlüyünü” təmin edirlər, digər tərəfdən də Ukrayna ordusunu böyük şəhərlərdən düzənlik əraziyə çəkirlər ki, zirehli texnikadan yaxşı istifadə edə bilsinlər. Əlbəttə, yaxın günlərdə döyüş meydanı olacağı gözlənilən Donbas ərazisində də xeyli kiçik şəhərlər və çoxsaylı yaşayış məntəqələri var. Ancaq Rusiya hərbçiləri hesab edir ki, böyük şəhərlərin olmadığı, geniş düzənlik onların çoxsaylı zirehli texnikası üçün daha əlverişli ərazidir. Ukrayna da məcburən bu irimiqyaslı döyüşə cəlb olunub. İndi onlar da gecə-gündüz demədən gözlənilən hücumu dəf etməyə hazırlaşırlar. Məlumatlı mənbələr Ukraynanın Donbasın müdafiəsi üçün təqribən 80 min nəfər hərbçi səfərbər edəcəyini bildirir. Rusiyanın bu döyüşə cəlb edəcəyi hərbçilərin sayı isə hətta 100 min nəfərdən də artıq olacaq. Rusiya bu döyüşü taleyüklü sayır və onu qazanmaq, Donbasın işğalını başa çatdırmaq üçün bu gün əlində olan bütün vasitələrdən istifadə edəcək. Gözlənilir ki, Donbas istiqamətində hücumda Rusiya 100-lərlə döyüş təyyarəsindən, 100-lərlə helikopterdən, minlərlə tank və digər zirehli texnikadan, saysız hesabsız artilleriya və yaylım atəşi sistemlərindən istifadə edəcək.
Ukrayna tərəfi də gözlənilən döyüşün taleyüklü olacağını bilir. Kiyev ətrafından və mərkəzi Ukraynadan 10 minlərlə hərbçi Donbas cəbhəsini gücləndirməyə yollanır. Donbasın hazırkı müdafiəçiləri isə yüksək döyüş qabiliyyətini ötən 38 gündə sübut edib. Ötən 38 gündə Ukraynanın ən güclü müdafiə xətti məhz Donbas istiqamətindəki müdafiə xətti olub. Donbas müdafiəçiləri də bu böyük döyüşə çox ciddi hazırlaşır. Rusiya ordusunun aviasiya və ağır texnikada böyük üstünlüyü olsa da, Ukrayna ordusu Qərbin tank və zirehli texnika əleyhinə dəqiq silahları ilə, hava hücumundan müdafiə sistemlərilə silahlanıblar. Üstəlik, hazırda Ukrayna ordusunun motivasiyası daha üstündür. Rusiya bu döyüşü qazanıb Ukraynanı sülh danışıqlarında daha ciddi güzəştlərə məcbur etməyi planlayır. Rusiya savaşın çox uzanmasından qorxur. Ona görə də Ukrayna ordusunu böyük, həlledici döyüşə çəkib, onun əsas qüvvələrini dağıtmaq, müqavimət əzmini qırmaq istəyir. Ukrayna isə bu böyük hücumu dəf edib, həm danışıqlardakı mövqeyini gücləndirməyi, həm də hücumu dəf etdikdən sonra əks-hücuma keçməyi hədəfləyib.
Təəssüf ki, gözlənilən bu böyük döyüşdə hər iki tərəfdən çoxlu sayda itkilər olacaq. Minlərlə gənc həyatını itirəcək. Ona görə də bəzən adam inana bilmir ki, ötən əsrdə 2 dünya müharibəsinin əsas döyüşlərinin baş verdiyi Avropada avantürist siyasət sayəsində 21-ci əsrdə də hər iki tərəfdən üst-üstə 200 min nəfərə yaxın hərbçi yenidən ölüm-dirim döyüşünə hazırlaşır. Dünya bu həddə gəlib çıxmamalıydı. Ancaq bir məsələ şəksizdir: bu avantürist müharibə Ukraynanın seçimi deyil. Ukrayna xalqı öz torpaqlarında sadəcə azad şəkildə, demokratik mühitdə yaşamaq istəyirdi. Rusiya Ukraynaya hərbi müdaxilə ilə onu zorla savaşa çəkdi. İndi isə işğala məruz qalan Ukrayna öz torpaqlarını qorumağa çalışır. Həm ruslara, həm də ukraynalılara hazırkı itkiləri, acıları yaşadan isə Rusiyadakı avtoritar rejim, onun bütün hədləri aşmış iddia və hikkəsidir. Bu savaş Rusiya tərəfdən xalqın savaşı deyil, Putinin savaşıdır. Bu savaşda məğlubiyyət də olsa, bu rus xalqının yox, Putinin və putinizmin məğlubiyyəti olacaq. Ukrayna tərəfdən isə bu savaş xalqın Vətən müharibəsidir. Ukrayna xalqı Vətən torpağının hər qarışını qorumağa qərarlıdır və onun bu savaşda uduzmağa haqqı yoxdur.
Tarix: 3-04-2022, 11:31
Xəbəri paylaş





Xəbər lenti