Ukraynanın işğalı məqsədilə hücuma keçəndən təxminən iki həftə sonra Moskva (Lavrov, Narışkin, daha sonra Putin səviyyəsində) bəyan etməyə başladı ki, “müharibədə Rusiyanın taleyi həll olunur”. Bu, işğal planına haqq qazandırmaq üçün dövriyyəyə buraxdığı “neonasizm” təbliğatı baş tutmayan Kremlin təkcə rus ictimia rəyini yemləməyə hesablanmış yeni “əsası” deyil, həm də müəyyən mənada gerçəkdir, amma tam olmayan gerçək.Rusiyanın bu açıqlamalarından sonra Bayden də elan etdi ki, “Yeni dünya nizamı qurulur və ABŞ bu nizama liderlik etməlidir”.
Və düz məntiqlə yanaşdıqda belə görünür ki, bu gün qarşı-qarşıya duran ABŞ və Rusiya yeni dünya nizamında liderlik uğrunda döyüşür, daha doğrusu, Moskva Vaşinqtonun lideri olmaq istədiyi nizamda yerini almaq istəyir. Bayden bu gerçəyi müəyyən qədər açdı, lakin bunun yenə də böyük tablodakı əsas gerçək olduğuna şübhə yaradan birdən çox sual var:
1. Rusiyanın Ukraynaya hücumunun gerçək səbəbi nədir?
2. Baş verənlər gerçəkdən ABŞ-Rusiya qarşıdurmasıdırmı?
3. ABŞ-ın lideri olmaq istədiyi yeni nizamda hədəf taxtasındakı kimdir?
Hücumdan öncə baş verənlərə XXI əsrin dəyişən geosiyasi mənzərəsi fonunda baxdıqda dünyaya təqdim olunan tabloda nələrinsə deyildiyi kimi olmadığı müşahidə olunur.
Müharibədən öncə də yazmışdıq: Rusiyanın Ukraynaya hücumu düz məntiqdən kənarında idi.
- Ukraynanın NATO-ya üzvlüyünün çətinliyi, ən azı orta perspektivdə mümkünsüzlüyünü Vaşinqtonda da, Moskvada da bilirdilər;
- Məsələ NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasından ibarət deyil: ittifaq illərdir Şərqi Avropanın şərq sərhədi boyunca yerləşib;
- Donbas məsələsinin Rusiyanın istəyinə uyğun olan Minsk razılaşması çərçivəsində həlli imkanı heç olmadığı qədər yetişmişdi: hücumdan öncə Makron və Şolz Zelenski ilə “yüksək status” üzərində razılaşmış, Fransa prezidenti hətta bu gün Moskva-Kiyev danışıqlarından müzakirə olunan Ukraynanın “neytral status”u təklifini də Kremlə aparmışdı;
Putinin ABŞ-Rusiya qarşıdurmasında Qərb cəbhəsini, həm də NATO-nu Paris və Berlin üzərindən bölmək imkanı geniş idi: Donbas separatçılarına “yüksək status” ala, qoşunlarını sərhədinə yığdığı Ukraynanın “neytral status”unu Makron və Şolzun dəstəyi ilə əldə edə, ABŞ-ın Avropadakı təsirinə ciddi zərbə vura, hətta “genişlənməsini” təhlükə olaraq gördüyü NATO-nu daxildən parçalaya bilərdi;
22 fevral – Donetsk və Luqansk separatçılarının “müstəqilliyinin” tanındığı günə qədər Rusiyanın diplomatik cəbhədə əli güclü idi və düz məntiqlə Moskva kartların qarışmasına imkan verməməli idi.
Fevralın 22-də Putin separatçıların “müstəqilliyini” tanıdı və bununla:
- Minsk anlaşmasını sıfırlayaraq, Almaniya və Fransanın ABŞ-ın istədiyi anti-Rusiya cəbhəsinə qoşulmamaq üçün manevr imkanını sıradan çıxardı;
- ABŞ-ı Rusiya təhlükəsi ilə bağlı mövqeyində haqlı çıxardı;
- Moskvanın əlindəki Qərb cəbhəsini içəridən parçalamaq rıçağından imtina etmiş oldu;
Putin üstünlüyünü qurban verdi və Şolzla Makronu masada tərk edib, açıq şəkildə Baydenin əlinə oynadı:
- Avropanın yeni gücü olmaq istəyən Fransa “ofsaytda” qaldı;
- Almaniya sona qədər qorumağa çalışdığı “Şimal axını – 2” layihəsini dondurdu;
- ABŞ Paris və Berlinin məcbur qoşulduğu anti-Rusiya cəbhəsi ilə Qərb blokunu nəzarəti altına keçirə bildi;
Ən əsası Moskva “22 fevral qərarı” ilə Avropa bazarına çıxış üçün Ukrayna tranzitinə alternativ olaraq hazırladığı “Şimal axını” layihəsindən “könüllü” imtina edir, yenidən Kiyevdən asılı vəziyyətə düşür, obrazlı desək “öz ayağına sıxırdı”.
Niyə?
Rusiyanın heç də əlverişli görünməyən hücum planını işə salmasında üzərində dayanılan birdən çox versiya var, hərçənd, bu versiyaların özündən çox, zəif tərəfləri daha güclüdür.
Birincisi, “Şimal axını” layihəsi sıradan çıxdığı üçün Avropa bazarına yeganə çıxış olan Ukrayna tranzitinə nəzarəti bərpa etməkdir.
a) Rusiya Ukrayna ətrafına qoşunları aylar öncəsi cəmləşdirmişdi və hücum qərarının məhz tranzitə nəzarəti əldə etmək olduğu inandırıcı deyil;
b) Hücumun Avropa qaz bazarındakı mövqelərini zəiflədəcəyi, əksinə, ABŞ-ın nəzarət etdiyi alternativləri gücləndirəcəyi, ən azından, ruslar üçün qeyri-müəyyənlik yaradacağı bəlli idi, bu baxımdan, siyasi məntiq “Şimal axını”nını, eləcə də almanlarla əməkdaşlıq imkanlarını riskə atmamaqdan yanadır;
İkincisi, Ukraynaya hücumla ABŞ-NATO qarşısında irəli sürdüyü “təhlükəsizlik müqaviləsi”ni qəbul etdirmək, masada bazarlıq etmək imkanını genişləndirmək gedişi etdi:
a) Moskva da anlayır ki, irəli sürdüyü “təhlükəsizlik müqaviləsi”nin bütün bəndləri, xüsusilə 1997-ci il aktı ilə bağlı tələbi bütün hallarda, hətta NATO üzvlərinə hücum etsə belə qəbul edilməyəcək;
b) “Təhlükəsizlik müqaviləsi” müzakirələrində rusların ən unikal imkanı Fransa və Almaniya kartından istifadə etmək olardı;
c) Fransa Cenevrədə ABŞ-Rusiya danışıqlarının getdiyi vaxt Avropanın yeni təhlükəsizlik sisteminin Rusiyanın iştirakı ilə formalaşdırılmasının vacibliyini gündəmə gətirirdi, yəni Moskva Vaşinqtondan istədiklərini Paris və Berlindən – Avropadan ala bilər, ən azı ABŞ-NATO cəbhəsinə qarşı öz cəbhəsini gücləndirə bilərdi;
Üçüncüsü, Putinin hakimiyyətinin ömrünü uzatmaqdır, halbuki, bunun üçün Ukraynaya hücum planının seçilməsi versiyası o qədər ciddi deyil, hər-halda birbaşa səbəb bu ola bilməz: hücumdan öncəki proseslər və müharibənin gedişi də oyunun daha böyük olduğu göstərir;
Dördüncüsü, Ukraynada nüvə təhlükəsidir ki, bu, Kremlin daha çox hücuma əsas yaratmaq iddialarından biridir.
a) Budapeşt anlaşması ilə Ukraynanın nüvə başlıqları Rusiyaya verilib;
b) Hücumdan öncə - 3 yanvar tarixində “nüvə beşliyi” (Rusiya, ABŞ, Çin, İngiltərə və Fransa) nüvə silahının yayılmasına qarşı birgə bəyanat imzaladı və bu belə Kiyevin “nüvə təhlükəsini” neytrallaşdırmağa yetərlidir: ABŞ-Rusiya xəttində “təhlükəsizlik müqaviləsi” üzərindən gərgin danışıqların getdiyi, qarşıdurmanın gücləndiyi vaxt belə bir anlaşmanın olması da xüsusilə maraq doğurur;
Bu versiyaların hər biri hücum planının bir elementi ola bilər, pazlın hissələri kimi, amma bütöv pazlda yenə də əsas suala cavab vermir: Putin bütün üstünlüyünü niyə qurban verdi və faktiki olaraq, Baydenin əlinə oynadı?
Baş verənlərə bir qədər də əvvəldən baxaq: “Amerika qayıdır” şüarı ilə prezident seçilən Baydenin əsas hədəfi Trampın dövründə uzaq düşən Avropadakı köhnə müttəfiqləri NATO üzərindən Vaşinqtonun çətiri altında toplamaq idi. Çünki:
- Avropa Makronun “Avropa ordusu” ideyası ilə güc mərkəzi rolunu inkişaf etdirmək niyyətində idi və bunun NATO-nu, həm də Vaşinqtonun qitədəki təsirini zəiflədəcəyi bəlli idi;
- Tramp bu risklərə qarşı “birləşdirici” yox, “uzaqlaşdırıcı” xətt izlədi: onun “Öncə Amerika” şüarı və “yeni milli təhlükəsizlik strategiyası” Aİ ilə münasibətləri, xüsusilə NATO çətiri altındakı birliyi zəiflədirdi;
- 2019-cu ildə Merkel və Makron “Aaxen müqaviləsi” də deyilən Almaniya-Fransa Əməkdaşlığı və İnteqrasiyası Müqaviləsi ilə ideyanı praktiki mərhələyə keçirmək istiqamətində ilk addımı atdılar;
- Hədəf 2020-ci il göstərilirdi, yəni bu ilə qədər Avropanın müdafiə ordusu qurulmalı idi, baş tutmadı, pandemiyanın təsiri də xüsusi rol oynadı, lakin plan rəfə qaldırılmamışdı;
- 2021-ci ildə Makron Merkellə görüşdə (19 iyun tarixində və bu, 16 iyunda Putinlə Baydenin Cenevrə görüşündən dərhal sonra idi) planı yenidən dilə gətirir və qeyd edirdi ki, “Avropanın müdafiə və strateji müdafiəsi muxtariyyətinin olmasının NATO-ya alternativ layihə ola biləcəyini, lakin Şimal Alyansının güclü hissəsi kimi qala biləcəyi fikrini aşılamağı bacardıq”, eyni zamanda, Baydenlə müzakirə etdiklərinə və mövqelərini dəyişmədiklərinə də işarə vururdu;
(Makronun məşhur “NATO-nun beyin ölümü gerçəkləşdi” ifadəsi, Şimal Alyansı ilə avropalı müttəfiqlərinin açıq söz sqarşıdurması da yaxın bir neçə ildə yaşananlardır).
2020-ci il ABŞ prezident seçkiləri zamanı demokratlarla respublikaçıların bir-birini iki seçki dönəmi ilə əvəzlədiyi sistemdə onilliklər sonra yenili yaşanır, respublikaçı Tramp ikinci dövr seçilmir, yerinə demokrat Bayden gəlir.
Bayden vəzifəsinə başlayan kimi Avropada “köhnə müttəfiqləri” yenidən bir çatı altına toplamaq üçün hərəkətə keçdi: Avropa turnesindən öncə - mart ayında “müvəqqəti milli təhlükəsizlik strategiyası”nı yayımladı, orada avropalı müttəfiqlər Trampın dövründəki fikir ayrılıqlarını geridə qoymağa, Rusiya və Çinə qarşı birləşməyə dəvət olunurdu; iyun ayında G-7 sammiti və NATO-nun 2030-cu il planının qəbul edildiyi Brüssel zirvəsi ilə Vaşinqton “yenidən birləşmək” istiqamətində müəyyən addımlar atdı, lakin istəyinə tam nail olmadığı aydın görünürdü, Makron və Merkelin zirvə görüşlərindən bir neçə gün sonra “Avropa ordusu” ideyasını yenidən gündəmə gətirməsi də bunun təsdiqi idi;
Bayden köhnə müttəfiqlərini “evə qaytarmaq” üçün çıxdığı Avropa turnesində həm də Putinlə (16 iyun, Cenevrə) görüşdü və görüşdən sonra verilən açıqlamalar gərginliyi ilə diqqət çəkirdi, xüsusilə ABŞ prezidentinin “Rusiya nəyin bahasına olursa olsun böyük dünya gücü olaraq qalmağa çalışır” sözləri.
Bu görüşdən sonra, xüsusilə ilin sonuna doğru gərginlik (əsasən da Ukrayna cəbhəsində) daha intensiv müşahidə olundu. Və Rusiya dekabr ayında ABŞ və NATO-ya “təhlükəsizlik müqaviləsi”ni təqdim etdi, beləliklə, qarşıdurma “qarşısıalınmaz hal” aldı.
Düz məntiqlə belə görünür ki:
- ABŞ Rusiyanın “böyük dünya gücü” olmaq istəyini qəbul etmir;
- Rusiya “təhlükəsizlik müqaviləsi” ilə Vaşinqtonu seçim qarşısında qoyur;
- Və “güc mərkəzi” rolunu qəbul etdirmək üçün Ukraynaya hücum edir: Kremlin “müharibədə Rusiyanın taleyi həll olunur” sözləri də bu kontekstdə anlaşılır;
Amma və lakin Rusiyanın
- Bayden-Putin görüşündən sonra “təhlükəsizlik müqaviləsi” də daxil olmaqla atdıqları addımların amerikalıların Avropa planlarına “xidmət etməsi”;
- Avropa cəbhəsindəki təsir imkanlarından məntiqsiz görünən şəkildə imtina etməsi;
- İqtisadi itkilərlə üzləşəcəyini, ən əsas da Avropa kimi nəhəng bazardakı mövqeyinə təhlükə yaranacağını bildiyi halda Ukraynaya hücuma keçməsi;
məsələyə tərs məntiqlə yanaşmağı zəruri edir. Yuxarıda qeyd etdiyimiz kimi, Putin bütün üstünlüyündən imtina edərək, Baydenin əlinə oynadı, Vaşinqtonun “beyin ölümü keçirən” NATO-nu dirçəltməsinə, Avropanı öz çətiri altına almasına “kömək etdi”.
Və burada ən vacib sual belə olmalıdır: Rusiya ABŞ-a nəyin qarşılığında “kömək etdi”?
“Soyuq müharibə”dən sonra geosiyasi xəritədəki dəyişikliklərə qısa ekskurs etdikdə bu sualın cavabını tapmaq, eyni zamanda, Baydenin dediyi kimi ABŞ-ın lideri olmaq istədiyi yeni nizamda hədəf taxtasında kimin olduğuna dair fikiri inkişaf etdirmək mümkündür: SSRİ-nin dağılması ilə ikiqütblü dünya sistemi yerini ABŞ-ın supergüc olduğu təkqütblü sistemə verdi və bu, 2010-cu illərə - Çinin “oyanması”na qədər risksiz davam etdi (beynəlxalq ekspertlər 2008-ci il maliyyə böhranını ABŞ-ın zirvədən enişinin başlanğıcı olaraq qəbul edirlər).
2013-cü ildə Çin Avrasiyanı hörümçək toru kimi bürüyəcək və XXI yüzilliyin siyasi-iqtisadi gələcəyinə böyük ölçüdə təsir edəcək “Bir kəmər, bir yol” layihəsini (BRİ) elan edir, 2016-cı ildə “təkqütblü dünya”ya etirazlarını dilə gətirməyə başlayırdı. Dünyanın aparıcı istehsal ölkəsi kimi önə çıxması, hərbi gücünü sürətlə artırması, iqtisadi böyüməsi, dollara qarşı milli valyuta siyasəti və heç bir ölkənin daxili işlərinə qarışmadan “qazan-qazan” prinsipi üzərindən siyasi xətt yürütməsi Çinin yeni dünya gücü kimi ortaya çıxması, ən az ikinci qütb olmasının yolunu açır. Yaxud yeni dünyada Çinin ikinci qütb olmasının yolunu açırlar da deyə bilərik.
Müharibədən öncə də yazmışdıq: dünyanın yeni siyasi xəritəsində ABŞ və Çin iki nəhəng qütb, Rusiya və Türkiyə bu iki qütb arasında tarazlayıcı regional güclər olaraq görünür. Çinin timsalında ikinci qütb və Türkiyənin regional güc olması xüsusilə BRİ-nin əsas üstünlük verildiyi Orta dəhlizi coğrafiyasında - Çin-Mərkəzi Asiya-Xəzər dənizi-Cənubi Qafqaz – Qara dəniz bölgəsi-Avropa – qurulur.
Şimal dəhlizi (Rusiya) və Cənub dəhlizini də (Yaxın Şərq) özündə birləşdirən Orta dəhlizin həm də üç əsas dayaq nöqtəsin olduğunu deyə bilərik: Mərkəzi Asiyada Qazaxıstan; Cənubi Qafqazda Azərbaycan; Qaradəniz bölgəsində - Avropaya çıxış xəttində Türkiyə; şimal və cənubu mərkəzdə birləşdirən bir hab Cənubi Qafqazda, ikinci və daha böyük hab Qaradəniz bölgəsindədir;
(Qarabağ münaqişəsinin həlli, türk dünyasının dərin inteqrasiyası üçün ciddi irəliləyişlərin olması, xüsusilə TDT-nin böyüməsi, müşahidəçi statusla qeyri-türk dövlətlərini (Ukrayna da namizədlərdən biri idi) də çətiri altına almaq planları həm də dünyanın yeni güc bölgüsündəki prosesin tərkib hissəsidir).
Mərkəzi Asiyada Qazaxıstanın Çinlə yaxınlaşması, Qarabağ məsələsinin həllindən sonra Türkiyənin Cənubi Qafqaza və Mərkəzi Asiyaya aktiv çıxışı, Qaradəniz bölgəsində Gürcüstanın layihədə potensial iştirakı fonunda Ukraynanın da, xüsusilə Zelenski hökumətinin maraqlı olması ilə Ankara üzərindən prosesə qoşulması təşəbbüsləri var idi. Çin “17+1 Təşəbbüsü” ilə Şərqi Avropanın “soyuq müharibə” dövründə “şərq bloku”nda təmsil olunan ölkələr də daxil olmaqla 18 ölkəsini (Yunanıstan da sonradan təşəbbüsə qoşuldu) BRİ-də birləşdirmək istiqamətində aktiv fəaliyyət həyata keçirir. Bunun fonunda, Fransa və Almaniya da xüsusilə Brexitdən sonra Çinlə yaxınlaşmaq xəttini inkişaf etdirir, Avropanın yeni dünya sistemində güc mərkəzlərindən biri etmək planlarına həm də Pekinlə iqtisadi əməkdaşlıq fonunda qurur.
ABŞ-ın liderlik etdiyi təkqütblü dünya sistemi yerini ən azı ikiqütblü sistemə verir və Çin potensial ikinci qütbdür, hərçənd, Pekinin Asiyadan Avropaya qədər uzanan coğrafiyada əsas güc olma istiqamətində irəlilədiyi də aydın görünür.
Və böyüyən Çin ABŞ üçün “hakim olduğu təkqütblü sistemi qorumaq”, yaxud “yeni dünya nizamında lider olmaq” perspektivinə risklər yaradır, Pekinin güclənməsi Vaşinqtonun Avropada zəifləməsinə paralel şəkildə baş verir, “köhnə müttəfiqlər” Uzaq Qərbdəki gücdən Uzaq Şərqdəki gücə meyllənirdi.
Qərb cəbhəsini birləşdirmək, “beyin ölümü keçirən” NATO-nun “müdafiə qalxanı” rolunu yenidən qəbul etdirmək və ittifaq daxilindəki çatları qapatmaq üçün Şimal Alyansının yaranma fəlsəfəsini canlandırmaq lazım idi: TƏHLÜKƏ.
Çinin NATO-nu hərəkətə keçirəcək, Qərb cəbhəsini birləşməyə məcbur edəcək təhlükə olması mümkün deyildi. Avropada “Vaşinqton Çin təhlükəsini böyüdür” kimi açıqlamalar da zaman-zaman gündəmə gəlirdi. Ən real və effektiv təhlükə NATO-nun qurulma fəlsəfəsinə uyğun olan və “soyuq müharibə”ni Avropanın yaddaşında yeniləyəcək Rusiya idi: Putin bu prosesdə Baydenə “kömək etdi”;
Ukraynada müharibənin gedişi, Rusiyaya qarşı ağır sanksiyalar o versiyanın önə çıxmasına şərait yaradır ki, ABŞ Baydenin dediyi kimi, “Putini tələyə saldı”, bununla iki “düşmən”dən – Rusiya və Çindən birini məğlub edir, rus əngəlini aşdıqdan sonra Pekinlə mübarizəni sərhədlərində aparır. Hərçənd, ABŞ-ın rəqib kimi Çini qəbul etdiyi həqiqəti fonunda siyasi məntiq və hadisələrin inkişafı bu ssenariyə şübhə ilə yanaşmağımıza əsas verir:
A) ABŞ-ın Çin və Rusiyaya qarşı ikisini birləşdirəcək həmlə etməsi yox, iki ölkədən biri ilə anlaşaraq, digərinə qarşı plan qurması daha real görünür;
B) Avrasiyada ABŞ üçün iki böyük rəqibdən birini – Rusiyanı sıradan çıxarmaq, dağıtmaq yox, ən azı kifayət qədər zəiflətmək Çinin önünü açmaq olardı: Rusiyanın postsovet ölkələrinin mərkəzdənqaçma siyasi xəttinə şərait yaradacaq qədər zəifləməsi bu bölgədəki ölkələrin ABŞ-Çin seçimi arasında ikincini seçəcəyi aydın görünür:
- Vaşinqtonun demokratiya və daxili işlərə müdaxilə prinsipləri bu coğrafiyadakı hakimiyyətlər üçün təhlükədir;
- Pekinin “daxili işlərə qarışmamaq”, “qazan-qazan” prinsipləri daha cəlbedicidir;
- Nəticə etibarilə, Rusiyanın təsir gücünü itirəcək vəziyyətə gəlməsi Orta Dəhliz üzərində yerləşən ölkələrdə Çin təsirinə geniş qapı açır, bu baxımdan, geosiyasi strategiyaları formalaşdıran Vaşinqtonda rəqiblərin növbəli şəkildə “aradan götürülməsi”nin riskli olduğunu düşünməmiş deyillər;
C) Rusiyanın gücünün “aradan götürülməsi” Qərb cəbhəsini ABŞ-NATO çətiri altında birləşdirəcək “təhlükənin” də aradan qalxması, yenə Çinin o coğrafiyada sonrakı perspektivdə genişlənməsinə yolun açılması deməkdir;
Ç) ABŞ Rusiyanı “düşmən” kimi görməyə davam etsə də, 2010-cu ildən sonra potensial rəqib olaraq Çini hədəf taxtasına çıxarır, Pekinlə mübarizə strategiyası üzərində işləyməyə başlayırdı:
- Obamanın dövründə Çinin “dənizdən mühasirəyə alınması” strategiyası genişləndirilir, Pekinin tarix boyu əsas çıxış yollarını bağlamaq gedişi edilirdi: Çinin 2013-cü ildə BRİ-ni “açıq elan” etməsi və quru dəhlizlərini, xüsusilə Orta dəhlizi aktuallaşdırması da bundan qaynaqlanır;
- Trampın dövründə Çinlə mübarizə açıq müstəviyə çıxarıldı, bunu zəruri edən Pekinin “təkqütblü dünya sistemi” ilə mübarizəni açıq müstəviyə çıxarması idi və Tramp Administrasiyası iki rəqibdən biri ilə, Rusiya ilə yaxınlaşmaq, digərinə qarşı ittifaq yaratmaq xəttinə üstünlük verirdi, hərçənd, bu strategiya ABŞ-ı “öz meydanında” – Avropada zəifləməsinə gətirib çıxardı;
- 2019-cu ildən başlayaraq, NATO Çinin artan nüfuzu və böyüməsini təhdid olaraq təsnif etməyə başladı (ilin sonunda Çində meydana gələn və daha çox Qərb coğrafiyasına (Avropa və ABŞ) siyasi-iqtisadi itkilər yaşadan pandemiyaya görə məqsədilə planlaşdırılan hərbi təlimlər təxirə düşür, ittifaqın bütövləşməsi, daxildə yaranan çatların aradan qalxması addımları arxa plana keçirdi);
- Bayden Administrasiyası Çinə qarşı daha konkret strategiya izlədi: Vaşinqton 2021-ci ilin mart ayında Trampın Avropadakı müttəfiqləri “uzaqlaşdıran” yeni milli təhlükəsizlik strategiyasından imtina edir, müvəqqəti milli təhlükəsizlik strategiyasını irəli sürür, Avropanı keçmiş inciklikləri kənara qoymağa, Rusiya və Çinə qarşı birləşməyə dəvət edirdi; Və ən əsas həmlələrindən biri Böyük Britaniyaya Çinin BRİ layihəsinə alternativ layihənin hazırlanması təklifi idi;
Bütün bunlar ABŞ üçün əsas rəqibin Rusiya yox, Çin olduğuna əminliyi artırır. Lakin yenə də Ukrayna müharibəsinin gedişi, Rusiyanın düşdüyü vəziyyət fonunda digər ssenari haqda təsəvvür formalaşır: yeni dünyada ABŞ və Çin əsas gücləri bölüşdürür, Rusiyanın “dünya gücü” olmaq istəyi nəzərə alınmır və Putin “Rusiyanın olmadığı dünya nəyimə lazımdır” prinsipi ilə hücuma keçir.
Bu versiyanı “ABŞ-ın rəqib kimi Çini qəbul etdiyi həqiqəti fonunda siyasi məntiq və hadisələrin inkişafı” haqda yuxarıdakı qeydlərlə yanaşı, Baydenlə Putinin Cenevrə görüşündən sonra ABŞ və Rusiyanın bir-birinin “əlini gücləndirən” gedişləri də böyük ölçüdə zəiflədir:
- ABŞ 20 il sonra Əfqanıstandan sürətlə çıxdı və ölkəni Talibana tərk etdi: bu, Çinin sərhədləri ətrafında qeyri-stabillik ocağının yaradılması perspektivlərini gündəmə gətirir, xüsusilə İŞİD-Xorasan qruplaşmasının aktivləşməsi fonunda; Çinin taliblərlə ciddi əməkdaşlığına rəğmən, Taliban Əfqanıstanı BRİ-nin quru dəhlizləri üçün də potensial risklər vəd edir, daha konkret desək, ABŞ-ın çəkilmə strategiyasına buna hesablanmış kimi görünürdü; proses yavaş irəliləsə belə, potensial qeyri-stabil bölgə yaradılır; (Taliban üzərində ciddi təsir imkanı olan Pakistanın baş nazirinin bu günlərdə “ABŞ məni devirmək istəyir” açıqlaması diqqət çəkir, mümkündür ki, İslamabad Əfqanıstan planının effektli olmasına, yaxud prosesin sürətlənməsinə maneə kimi görülür);
- ABŞ-ın Əfqanıstandan çıxması Mərkəzi Asiyada təhlükəsizlik risklərini gündəmə gətirdi və bu, Rusiyaya bölgə üzərində “müdafiə qalxanı” rolunu gücləndirmək şəraiti yaratdı: TDT-nin aktivləşməsi, bölgə ölkələrinin Türkiyə ilə yaxınalşması və Ankara ilə siyasi-iqtisadi əlaqələrlə yanaşı, hərbi əməkdaşlığı genişləndirmək Moskvanın təsir imkanlarına risklidir və Vaşinqtonun Əfqanıstanda qəfil gedişi Rusiyaya rəhbərlik etdiyi hərbi ittifaqı – KTMT-ni gücləndirmək imkanı verdi;
- Rusiya ABŞ-a “təhlükəsizlik müqaviləsi”ni təqdim etməklə “soyuq müharibə” dövrünün geosiyasi şərtlərini yetişdirdi və bu, Vaşinqtona Rusiya təhlükəsi üzərindən Qərb cəbhəsini NATO çətiri altında toplaması üçün “qapını açmış” oldu;
- Dünya rusların Ukraynaya hücumunu gözləyərkən, Qazaxıstan hadisələri baş verdi: bu ölkə Çinin BRİ layihəsinin (Si Cinpin BRİ layihəsini Qazaxıstanda elan edib və layihə çərçivəsində istehsal bazalarının bir qismini bu ölkəyə köçürüb) və TDT-nin Mərkəzi Asiyada əsas dayağıdır; baş verənlərin nəticəsində Ankara və Pekinlə əməkdaşlığı genişləndirən Nazarbayev xətti böyük ölçüdə sıradan çıxarıldı; Rusiya zəifləyən təsirini bərpa etdi, həm də KTMT-nin tarixində ilk dəfə müdaxilə prinsipinin işə salınması ilə “rus NATO”-sunu aktiv vəziyyətə gətirdi;
- Qazaxıstan ssenarisi ABŞ-ın BRİ-nin önünün kəsilməsi planına uyğun görünürdü, çünki Mərkəzi Asiyadan Şərqi Avropaya uzanan Orta dəhliz üzərində Çinin önünə regional təsir uğrunda maraqları toqquşan Rusiya çıxır, nəticə etibarilə, Pekinin genişlənmə strategiyasına xidmət edən layihədə ən azı tramplinlər yaranırdı;
- Bir ay sonra – fevralda Ukraynaya işğal hücumuna başlayan Rusiya siyasi masadakı bütün üstünlükləri qurban verir, “öz ayağına sıxır” və Baydenə Avropanı birləşdirmək, NATO-dakı çatları bərpa etmək üçün “kömək edir”;
Hissələri birləşdirib pazlı tamamladıqda ortaya çıxan mənzərə belədir: ABŞ və Rusiya bir-birinə lideri olduqları hərbi ittifaqları gücləndirmək imkanı yaratdı, Qərb və Şərq olmaqla hər ikisi öz təsir coğrafiyasında “əsas hakimliyini” yenidən təsdiqlədi (mövcud vəziyyətdə hələki belədir) və bu nəticə qarşılıqlı gedişlərin hesabına yaranıb.
Və bütün bunlar ABŞ və Rusiyanın qarşıdurma yox, anlaşma, yaxud maraqların uzlaşması çərçivəsində “döyüşdüyü”, hədəf taxtasındakı ölkənin Rusiya yox, Çin olduğunu deyə bilmək üçün əsaslar yaradır.
Və ən əsas məqam: Ukraynaya hücumla ABŞ-a “kömək edən” Rusiyanın qarşılığında alacaqları var: Ukraynada rusların “burnunun əzildiyini”, “oyuna salındıqları”nı demək üçün yetərincə əsas olsa da, müharibəyə qədərki proseslər Moskvanın “qarşılığını almaq üçün” hücuma keçdiyi versiyasının aktuallığını azaltmadığını göstərir:
- ABŞ Qərb cəbhəsində, Rusiya Şərq cəbhəsində təsir gücünü bərpa edir;
- Avropada ABŞ-a, Asiyada (xüsusilə rus ittifaqlarının mərkəzi olan Mərkəzi Asiyada) Rusiyaya təhlükə olan Çinin genişlənməsinin qarşısı alnır;
- Yeni dünyanın böyüyən və potensial ikinci qütbü olmağa namizəd gücü – Çin geosiyasi qarşıdurmada həlledici “güc mərkəzi” olmaqdan çıxaraq, iki toqquşan cəbhənin arasında Rusiyadan yana seçim edən tərəfə çevrilir; geosiyasi qarşıdurmada maraqlarının nəzərə alındığı “güc mərkəzi” olmaq istəyən Avropa da iki toqquşan cəbhənin arasında ABŞ-dan yana seçim edən tərəfə çevrilir;
- ABŞ Baydenin dediyi kimi, “yeni dünya nizamında liderliyini” qoruyur və buna “kömək edən” Rusiya ikinci qütb olmasa da, “dünya gücü” olmağa davam edir – ruslar dünyanın yeni siyasi xəritəsində “regional” güc olmaqdansa, “dünya gücü” kimi qəbul edilməyi seçir, bunun üçün siyasi və iqtisadi itkilərə səbəb olacaq işğal hücumuna əl atırlar;
Burada cəzalandırılan tərəf həm də Avropadır və Rusiya belə demək mümkünsə, yenidən “Avropanın jandarmı” rolu oynayır.
Təbii ki, hansısa planın olması hər şeyin plana uyğun gedəcəyi demək deyil: Rusiya Ukraynada gözləmədikləri mənzərə ilə qarşılaşdı, siyasi planlarda ciddi korektlər olmasa da, hərbi plan baş tutmamış kimi görünür və bu, Qərb cəbhəsindən daha çox, Böyük Britaniyanın müharibənin gedişinə təsir edən dəstəyinin nəticəsidir;
Və burada uzlaşan maraqlar olmaqla yanaşı, hər kəsin öz oyununun olduğu də gerçəkdir:
Böyük Britaniya: rusların hücumu ingilislərin Avrasiya planının – Çinin ikinci qütb, Rusiya və Türkiyənin regional güclər olması - əleyhinədir; Rusiya təhlükəsi üzərindən NATO-nu birləşdirmək, Fransa və Almaniyanı cəzalandırmaqda maraqlı olsa da, Çinin Orta dəhlizdə yolunun kəsilməsində maraqlı deyil; Türkiyənin NATO ölkəsi olmasına baxmayaraq, Rusiya əleyhinə sanksiyalara qoşulmaması, Rusiya-Ukrayna danışıqlarında aparıcı qüvvə olması həm də buradan qaynaqlanır;
Çin: müharibədən öncə Rusiya ilə genişçaplı müqavilələr imzalayan Pekin II Dünya müharibəsindəki ABŞ-ı xatırladır, nəticənin nə olacağını görmək istəyir və mümkündür ki, siyasətini buna uyğun quracaq, müharibənin ilk günlərində fərqli, sonrakı günlərində fərqli mövqelər sərgiləməsi də bunu deməyə əsas verir; Rusiyanın “qan itkisi” Çinin xüsusilə Mərkəzi Asiyada yolunu aça bilər, o cümlədən, Moskvanın üzləşdiyi sanksiyalar Pekinə enerji resursları da daxil olmaqla sənayesinin inkişafı üçün lazım olanları Rusiyadan daha münasib almasına şərait yaradacaq; Rusiyanın Ukraynaya hücumu həm də Çinin “çoxqütblü dünya” siyasətinə uyğundur;
Rusiya: ikinci qütb olmasa da, “dünya gücü” rolunu qəbul etdirmək, postsovet məkanında “hakimliyini” qorumaq, böyüyən Çinin onun təsir dairəsinə müdaxiləsini zəiflətmək və “müharibəni aparan tərəf” kimi Pekinin Avrasiyada onun maraqlarını nəzərə almasına nail olmaq istəyir;
ABŞ: Avropadakı məqsədi bəllidir, lakin əsas hədəfi Çin olan Vaşinqtonun Rusiya ilə döyüşməsi, nəticə etibarilə, Pekin-Moskva “ittifaqına” şərait yaratması maraqlıdır:
- Trampın dövründə ABŞ Suriyadan çəkiləcəyini elan etdi və bu, ABŞ-ın “çəkilməsinə” qədər eyni cəbhədə birləşən Rusiya, Türkiyə və İranın toqquşan maraqları ön plana çıxdı, çünki üç ölkə Vaşinqtonun mövcudluğuna görə toqquşan maraqlarını kənara qoymuş və birləşmişdilər: mümkündür ki, Vaşinqtonun Rusiya və Çinə qarşı eyni strategiyanı tətbiq edir;
- Çin və Rusiyanın birləşdirən maraqlardan çox, toqquşan maraqları var və Qərb cəbhəsini birləşdirən ABŞ-ın “çəkilməsi” iki ölkənin mübarizəsini kəskinləşdirə bilər;
- Rusiya ilə döyüş Moskvanın Çin qarşısında “müharibəni aparan tərəf” kimi əlini gücləndirir və bu, Pekinin ikinci qütb olmasına əngəl yarada biləcək faktordur;
- ABŞ-a böyüyən Çin yox, üzərində təsir gücü olan və bu müharibə ilə daha da itirən Rusiya lazımdır və bu, “soyuq müharibə” dövründə SSRİ-yə qarşı taktiki planını yeniləməyə, bu dəfə Çinə qarşı Rusiya ilə “gizli ittifaq” qurmağa imkan verə bilər;
Bütün bunların fonunda Ukraynanın taleyinin Finlandiyanın taleyi ilə oxşar olacağı ehtimalı böyükdür: torpaq itkisi hesabına olsa belə, Rusiyadan xilas olur, daha xoşbəxt və rifah ökəsinə çevrilir;
Hərçənd, yaxın və orta perspektivdə “soyuq müharibə”ni xatırladan geosiyasi qarşıdurmanın mərkəzi olaraq qalacaq. Çünki hər kəs istəyinə hələ tam nail olmayıb...
Asif Nərimanlı
Tarix: 4-04-2022, 10:25