“Azərbaycanı Rusiya sülhməramlı qüvvələri ilə toqquşdurmağa çalışanlar açıq görünür” - Zahid Oruc belə deyir...
“Azərbaycan Ordusunun Xocalının Fərrux kəndi və yüksəliyinə nəzarətindən sonra Amerika Dövlət Departamenti və bir sıra konqresmenin verdikləri açıqlamaları qəbuledilməz sayırıq”. Siam.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu bu gün parlamentin iclası zamanı deputat Zahid Oruc bildirib.
“Torpaqlarımızda ikinci ölkənin Silahlı Qüvvələrinin yolverilməzliyi dəfələrlə bəyan edilib və Xankəndi də daxil bütün ərazilərdə sülhün qarantı Azərbaycan dövləti və ordusudur. Ona görə də Xocalıya, Əsgərəna, yaxud Kəlbəcərə yaxın ərazilərdə yeni Ohanyan səddi, yaxud təmas xətti düzəltmək mümkün deyil.
Beləliklə, son hadisələr, iki il əvvəlki savaşın davamı sayıla bilməz, çünki Prezidentin “müharibə bitib” bəyanatı qüvvədədir və belə lokal gərginliklər “sülh müqaviləsi”nin imzalanmamasının birbaşa nəticəsidir”, - Zahid Oruc qeyd edib.
O, həmçinin vurğulayıb ki, Azərbaycanı Rusiya sülhməramlı qüvvələri ilə toqquşdurmağa və belə planın arxasında gizlənməyə çalışanlar açıq görünür: “Lakin Azərbaycan dövləti sülhyaradıcı qüvvələrə dəqiq məsuliyyət zonası və hüquqi çərçivə yaratdığından imzaladığı prinsiplərə sadiqdir”.