Tanınmış hüquqşünas Aslan İsmayılov deputat Qüdrət Həsənquliyevin biznes şəriki, Salyandan olan iş adamı Oqtay Abuzərovun bu ilin fevralında məhkəmədə uduzmağına rəğmən, yenidən Demokrat.az saytını və onun rəhbəri Vasif Həsənlini məhkəməyə verməsinə və ondan 50 min manat təzminat tələb etməsinə münasibət bildirib. Aslan İsmayılov
Demokrat.az-a açıqlamasında deyib ki, Qüdrət Həsənquliyevin və onun şərikinin bu gün həqiqəti yazan jurnalisti məhkəməyə verməsi onun saxtakarlığından xəbər verir:
"Onların bu hərəkəti bir daha göstərir ki, Qüdrət Həsənquliyev kimilər ömrü boyu Azərbaycanda haqsızlıq, qanunsuzluq edib və cəzasız qalıblar. Qüdrət Həsənquliyev ömrü boyu cəbhə dəyişməklə, intriqalarla məşğul olmuş və ölkədə bir oliqarxa çevrilmişdir. Onun bir şəriki yoxdur, onun bir neçə şərikləri var. Yəqin bundan sonra məni də məhkəməyə verər. Mən buna şübhə etmirəm. Amma hesab edirəm ki, bu hakimiyyətdə həqiqətən də dövləti, haqqı fikirləşənlər olacaq və Qüdrət Həsənquliyev kimilərə öz yerini bildirəcək. Əslində, bu gün məhkəmələr, hüquq-mühafizə orqanları Qüdrət Həsənquliyevin qanunsuz varidatını araşdırıb, onu cinayət məsuliyyətinə cəlb etməlidir. O, saxta deputatdır. Onun pulla muzdlu saxladığı əlaltıları var. Onlarda birini bələdiyyə sədri, digərini isə teleşərhçi edib”.
Hüquqşünas əlavə edib ki, Qüdrət Həsənquliyev haqqında ədalətli fikir söyləyənləri küçə söyüşləri ilə təhqir edirlər:
“Ətrafına gədə-güdələri yığıb və onlar da ona-buna xox gəlməklə məşğuldurlar. Mən sizin o yazılan yazı ilə tanışam. Hesab edirdim ki, bundan sonra Qüdrət Həsənquliyev və onun şəriki ifşa edildiklərinə görə məsuliyyətə cəlb olunacaq. Amma təsəvvür etmirdim ki, bunlar sizi məhkəməyə verəcək. Görün bunlar nə qədər harınlayıb.
Ümumiyyətlə, onlarda abır-həya yoxdur. Ona görə ki, Qüdrət Həsənquliyev Ramiz Mehdiyev və Əli Həsənov qruplaşmasının yetirməsidir. Bunlar Rusiyanın “beşinci kolon”unun nümayəndələridir. Təsəvvür edin ki, sabah xaricdən hansısa qüvvə təxribat törədib meydana çıxarsa, Qüdrət Həsənquliyev bu hakimiyyətin əleyhinə gedən dəstənin başında duracaq. Mən həmişə demişəm ki, Qüdrət Həsənquliyev kimilər bizim dövlətçiliyimizə, müstəqilliyimizə ən böyük təhlükədirlər. Bunu dediyimə görə də vaxtilə mənim haqqımda küçə söyüşləri söyüb, ən ləyaqətsiz hərəkətlər ediblər”.