Türkiyənin Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib. Anadolu Agentliyi yazır ki, səfirlik sosial şəbəkə hesabından paylaşım edərək vətəndaşlara müraciət ünvanlayıb. Rusiya-Ukrayna müharibəsi səbəbindən Kiyev ətrafında yaranmış təhlükə ilə bağlı riskləri nəzərə alaraq Türkiyənin bu ölkədəki səfirliyi martın 11-dən işini müvəqqəti olaraq Çernivtsi şəhərinə köçürmüşdü.Bəs Azərbaycanın Ukraynadakı səfirliyi fəaliyyətini nə vaxt bərpa edəcək?
Müharibənin ilk günlərində postunu qoyub Bakıya gələn, “mən qadınam” deyib gəlişinə haqq qazandırmağa çalışan Elmira Axundova yenidən Kiyevə qaytarılmalıdırmı?Yada salaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bu dövlətin ərazisində olan əcnəbilər öz səfirliklərinin xətti ilə ölkələrinə təxliyə olunurdular. Həmin günlərdə Ukraynada yaşayan minlərlə azərbaycanlı Kiyevdəki səfirliyimizdən dəstək görmədilər. Əvəzində həmyerlilərimizin Ukraynadan geri dönmək üçün arayışları səfirlikdə 200-300 dollar qarşılığında ala bilmələri xəbərləri yayıldı.
“Ukrayna paytaxtında, Kiyev şəhərindəki səfirliyimiz Bakıdakı Xocahəsən qəsəbəsində yerləşən ”Sədərək", “Binə” ticarət mərkəzlərini xatırladır. Arayışların qiyməti 200-300 dollardan başlayır. Deyirlər ki, raket atəşi altında işləyirlər, ona görə də arayış bahadır". Bu sözləri azərbaycanlı baş redaktor Ramiz Mikayılov Youtube platforması üzərindən yayınladığı müəllif verilişində demişdi...
Qeyd edək ki, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində Rusiya-Ukrayna müharibəsi zamanı Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın davranışları da müzakirə edilərkən deputat Fəzail Ağamalı kəskin mövqe sərgiləmişdi.Fəzail Ağamalı deyib ki, bu fraqment Elmira Axundovanın yerində olan səfir olmadığını üzə çıxarıb.Sitat: “Doğrudan da o, heç diplomat deyil. Fərarilik etdi. Zamanında Milli Məclisdə olub, sonra hansısa yüksək səviyyəli məmurun, Ramiz Mehdiyevin himayəsi ilə səfir olub. Rusiyaya meylli idi. Diplomatiyadan təsəvvürü yox idi. Parlamentdə də hər zaman populist çıxışları ilə yadda qalmışdı. Qayıdıb gələndən sonra isə dedi ki, unutmayın ki, mən qadınam. Qadınsansa sənin o diplomatik missiyada nə işin var? Həm də orda artıq fiziki gücə ehtiyac yox idi. Orada iradəyə, düşüncəyə, ağla, insanlığa, sədaqət hissi olan bir insana ehtiyac var idi. Nə edəcəkdi ki? Sənin əlinə ağır yük verəcəkdilər ki, apar daşı?”
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a deyib ki, Azərbaycanın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa etməlidir:“Düşünürəm ki, qadınlıq heç bir rol oynamır. Söhbət peşəkarlıqdan gedir. Peşəkar diplomat istənilən durumda özünün yüksək keyfiyyətlərini göstərməyi bacarmalıdır. Postu qoyub gəlməyi səhhətlə əlaqələndirmək ola bilsin ki, qəbul oluna bilər. Amma qadınlıqla bağlamaq düşünürəm ki, doğru deyil. Çünki Azərbaycanda ən kritik situasiyalarda doğru qərar verməyi bacaran, peşəkarlıq nümayiş etdirən, vəzifəsinin öhdəsindən layiqincə gələn qadınlar var.
Elçin Mirzəbəyli: “Azərbaycanı Ukraynada təmsil edəcək şəxs siyasi biliklərə, kifayət qədər təcrübəyə malik olmalıdır”Politoloq deyir ki, müharibə başlayandan sonra Ukraynada yeni situasiya, yeni reallıqlar yaranıb: “Düşünürəm ki, Azərbaycanı Ukraynada təmsil edəcək şəxs siyasi biliklərə, kifayət qədər təcrübəyə malik olmalıdır. Ukraynada mürəkkəb bir situasiyadır, orada Azərbaycanın maraqlarını mürəkkəb şəkildə qorumağı bacaran bir şəxs ölkəmizi təmsil etsə, məncə, daha doğru olardı”.
Tural Abbaslı: “Qüdsi Osmanovun Ukraynaya səfir göndərilməsi çox yaxşı olardı”AG Partiya sədri Tural Abbaslı “Yeni Müsavat”a deyib ki, səfirliyin fəaliyyəti iki aspektdə olur: “Yerləşdiyi ölkənin ərazisində yaşayan həmyerlilərimizə xidmət edir. İkinci aspekt isə dövlətin mövqeyini sərgiləyir. Məsələn, Amerika səfirliyini Qüds ərazisinə keçirməklə mövqeyini sərgilədi. Türkiyə səfirliyini Çernivtsi şəhərindən Kiyevə qaytarmaqla Kiyevin mühasirəsi, işğalının artıq geridə qalması mesajını verir. Azərbaycan da eyni addımı atmalıdır. Amma indiki səfirin özünü Kiyevə qaytarmağın mənası yoxdur. Fərqli situasiyada qadınlığını önə çəkib vəzifəsinin icrasından yayınan səfirin daha başqa şərtlər çərçivəsində hansı addımları atacağını proqnozlaşdırmaq elə də çətin deyil. Azərbaycan da Türkiyə kimi addım atmalıdır. Elmira Axundovanın yenidən Kiyevə göndərilməsinin tərəfdarı deyiləm. Ukraynada müharibə bitməyib və onun oradan növbəti dəfə qaçışı da əvvəlki biabırçılıqdan daha ötə olar. Bu baxımdan yeni səfir təyinatı Azərbaycanın maraqlarına uyğun olardı. Moldovadakı səfirimiz Qüdsi Osmanov Ukraynada müharibə başlayan gündən faktiki olaraq Ukraynadakı səfirin də vəzifəsini şərəflə icra etdi. Qüdsi Osmanovun Ukraynaya səfir göndərilməsi çox yaxşı olardı. Elmira Axundovanı təqaüdə göndərsinlər. Bakıda nəvələri ilə oynasın”.
Partiya sədri deyib ki, diplomat ölkəni təmsil edir və onun qorxu hissini büruzə verməsi yolverilməzdir: “Bu adamlar dərk etmirlər ki, qorxu hissi diplomata yad olmalıdır. Öz maraqlarını dövlətin maraqlarından üstün tutan birinin nəinki səfir postunda, adi dövlət işində olması da doğru deyil. Elmira Axundovanın parlamentdə də fəaliyyəti o qədər uğurlu deyildi, diplomat kimi də ümumiyyətlə yararsızlığını təsdiq etdi. Bu baxımdan Elmira Axundovanın siyasi fəaliyyətini yekunlaşdırması daha doğru olardı”.
Tarix: 7-04-2022, 11:27