Azərbaycan hansı tarixi torpaqlarını azad edib? - Konfliktoloq


Azərbaycan hansı tarixi torpaqlarını azad edib? - Konfliktoloq
Novruz bayramı münasibətilə ABŞ prezidenti Baydenin təbrik məktubuna cavab olaraq Prezident İlham Əliyev adından Prezident Baydenə cavab məktubu ünvanlanmışdı.  Məktubda ifadə olunan bir məsələnin nə qədər zərərli olduğunu önə çəkmək istəyirəm. “Azərbaycanın tarixi torpaqlarının azad edilməsi ilə Ermənistanın 30 il davam edən hərbi təcavüzünə son qoyulmuşdur” ifadəsinin mövcud suveren dövlətlərin diplomatik yazışmasına tamamilə uyğun olmayan və təhlükəli ifadə olduğunu vurğulayıram. Məktubda ifadə edilən bu ifadəni biz ekspert dairəsində müzakirə edərkən, bir çox ekspertlər ifadənin qəbulolunmaz olduğunu qeyd edərək, xarici işlər nazirliyində məktubu hazırlayan şəxsin xatası kimi dəyərləndirdilər. Lakin Aprelin 2-də Çin Xalq Respublikası prezidentinə ünvanlanan məktubda “44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi...” ifadəsinin yenidən işlədilməsi Bayden məktubunun heç də təsadüfi olmadığını üzə çıxardı. 
 
Dövlətlərarası münasibətlərdə hər hansı dövlətin ərazisi dedikdə, onun suveren hüdudları daxilindəki ərazisi başa düşülür. Beynəlxalq hüquqda tarixi torpaq tərifi olmasa da, tarixi torpaq beynəxalq münasibətlərdə və siyasi elmlər dilində sadəcə hər hansı dövlətin orta əsrdə və ya qədim tarixdə mövcud olduğu ərazilər və ya bu dövləti təşkil edən hər hansı xalqın tarix boyunca daimi olaraq yüz illər boyunca eyni ərazidə yaşadığı yer kimi anlaşılır.Tarixi torpaqlar, hər hansı ərazidə uzun illər yaşayan millətlərin yaddaşına və mədəniyyətinə aid termindir. Bu baxımdan, hansısa bir dövləti təşkil edən xalqların tarixdə başqa ərazilərdə yaşaması tarixçılər və arxeoloqlar üçün məna daşıyır. Dövlət, tarixi torpaqları ilə ölçülmür. Eyni ərazidə, tarixin müxtəlif anlarında, fərqli dövlətlərin qurulub süqut etməsi halları təbiidir. 
 
Məsələ burasındadır ki, tarixi torpaqlar ifadəsini (historical lands) irəli sürən dövlətlər indiki dünyada, 1945 –ci ildən bəri qurulan dünyada və xüsusən də günümüzdə torpaq iddiasında olan, işğalçı niyyətli ölkələrə şamil olunur. Bu ifadəyə əsaslanan siyasətin hər zaman müharibəyə gətirdiyi bilinir. İndiki  dönəmdə bunun bariz nümunəsi Rusiyadır. Putinin Ukraynanı və digər keçmiş sovet ərazilərini öz tarixi torpaqları elan etməsi və bu əsasla Ukraynanı işğala məruz qoyması dünyanın gözü qarşısında hər an görünən ən pis nümunədir. Ukraynaya təcavüzün əsası elə tarixi torpaqlar xülyası ilə hazırlandı. Dostumuz İsrailin hər zaman öz tarixi torpaqları saydığı tarixi Judia və Samaria -indiki Qəzzə və İordan çayının qərb sahili ərazilərini heç kim İsrail torpaqları kimi qəbul etmir.  Səddam Hüseynin də tarixi torpaqlar deyib Kuveyti işğal etməsi və onun aqibəti, bu ifadənin nə qədər qəbuledilməz olduğunun göstəricisidir. Avstriya-Macarıstan imperiyasına daxil olan ölkələr tarixi torpaqlar iddiası irəli sürərsə, o zaman Avropa hansı günə düşər? Və ya Osmanlı mirası olan Türkiyə bunu edərsə..?
 
44 günlük savaşa qədərki dövrdə, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı tarixi torpaqlarımız adı altında yürütdüyü düşmənçilik siyasəti kim tərəfindən qəbul olundu? Ermənistan Qarabağ və ətraf rayonların işğalını “tarixi torpaqlarımız” adı ilə də müdafiə etməyə çalışsa da, kim onu qəbul etdi? Heç kim. Əksinə, zərərinə işlədi. Çünki hər bir dövlət, başqa dövləti onun tarixi torpaqları çərçivəsində yox, onun beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində tanıyır.   
 
“Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etmişdir”- dedkdə, hər şeyi kənara qoyaq, dünya birliyini də çaşdırmış oluruq. Bu cür ifadənin işlədilməsi ilə məsələ fərqli müstəviyə keçir. İkincisi, o zaman belə çıxır ki, 1993-cü ildə işğal olunmuş Qubadlı rayonu müstəqil Azərbaycanın tərkib hissəsi yox, Azərbaycanın tarixi torpağıdır? Heç erməni belə demirdi axı? Belə çıxır ki, Füzulinin və Ağdamın işğaldan azad edilən əraziləri tarixi torpaqlardır, qalanı isə Azərbaycan dövlətinə aiddir?  Tarixi torpaqlar yanaşması erməni qüvvələrinə təbliğat üçün ən yaxşı hədiyyədir. Digər tərəfdən, bu cür dilin işlədilməsi Azərbaycanın müqəddəs davasına ləkə salan, onun zərərinə işləyən ifadədir və gecikmədən düzəldilməlidir.
 
Elxan Mehdiyev, Tanınmış konfliktoloq

Tarix: 8-04-2022, 11:20
Xəbəri paylaş





Xəbər lenti