Beynəlxalq təşkilatların "erməni sevgisi": - “Onlardan inciyə bilərik, amma...”

Beynəlxalq təşkilatların "erməni sevgisi":
Ermənistanın sərhəddə törətdiyi təxribatdan sonra dünyadan fərqli reaksiyalar gəlməkdədir.

Təəssüf ki, beynəlxalq təşkilatların mövqeyində və açıqlamalarında yenə də ikili standartların olduğunu görürük. Hətta onların bəziləri açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirirlər. Bu isə təbii olaraq cəmiyyətin kəskin etirazına səbəb olur. Çünki ermənilərin təxribatı nəticəsində 50 həbçimiz şəhid olub, 2 mülki vətəndaşımız isə yaralanıb. Buna baxmayaraq, hələ də bəzi beynəlxalq təşkilatlar ikili standarlardan çıxış edir.

SİAM.AZ-ın məlumatına görə, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, beynəlxalq təşkilatlar 30 ildir Azərbaycanı dəstəkləmirlər:

“Onlar bizə heç bir zaman dəstək verməyiblər. Yəni beynəlxalq təşkilatların bu gün də Ermənistanla belə yaxınlıq etməsi heç təəccüblü deyil. Əgər onlar Ermənistanla qonşu kimi sülh içində yaşamağımızı istəyirlərsə, gəlib bizimlə söhbət etməlidirlər. Yəni Azərbaycan tərəfi ilə danışdıqdan sonra haqq-ədalətin harada olduğunu görməlidirlər. Amma onlar heç nə bilmədən, heç nəyi araşdırmadan ermənilərin tərəfində dayanırlar. Axı bu hansı məntiqə, hansı hüquqa sığır? Onlar hansı beynəlxalq hüquqa və insan haqlarına istinad edirlər? Yəni bütün məsələ budur”.

Hüquq müdafiəçisi qeyd edib ki, indiki vəziyyətdə Rusiya bizdən asılıdır:

“Rusiyaya nifrət etsəm də, onlar bu gün bizdən asılıdırlar. Hazırda biz Ermənistandan daha çox Rusiyaya lazımıq. Nəzərə almaq lazımdır ki, Rusiyanın hər tərəfdən yolu bağlıdır və Zəngəzur dəhlizi onlara lazımdır. Çünki Rusiyanın həmin yolla Türkiyə və Orta Asiyaya çıxışı olacaq”.

Hüquqşünas Əsabəli Mustafayev isə saytımıza açıqlamasında deyib ki, dünyanın aparıcı ölkələrində erməni lobbisinin güclü olduğu tarixən məlumdur:

“Bu, ABŞ, Fransa və digər ölkələrdə əvvəllər də belə olub, indi də belədir. Həmin ölkələrdə erməni lobbisi güclüdür və oralarda özlərini tanıtdırmaq üçün işləyirlər. Yəni o dövlətlərdəki seçkilərdə əhalinin səsi çox mühüm olduğu üçün onlar erməni lobbisi ilə hesablaşmalı olurlar. Amma bütün dünya da bizə qarşı kəskin mövqe tutmayıb. Biz mənfi mövqe nümayiş etdirənlərdən müəyyən qədər inciyə bilərik, amma küsmək də olmaz.

İnformasiya mübarizəsini davam etdirməli və bütün üsullardan istifadə etməliyik. Həmin beynəlxalq təşkilatları haqq tərəfində olduğumuza inandırmalıyıq. Biz erməni lobbiçiliyinə qarşı öz lobbi qüvvəmizi hazırlamalıyıq. Yəni beynəlxalq standartla işləyən beynəlxalq lobbi qrupları hazırlamalı və bundan informasiya mübarizəsində istifadə etməliyik. Həmçinin, beynəlxalq təşkilatlarla da işləməliyik”.
Tarix: 14-09-2022, 21:43
Xəbəri paylaş





Xəbər lenti