Son təxribatlarda Fransa kölgəsi - ANALİZ



Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları dünyada gedən mühüm proseslər fonunda baş verir. Ermənistanın bu hərbi təxribatları törətdiyi vaxtda Yunanıstanın da Türkiyəyə qarşı hərbi-siyasi təxribatlar törətməsi diqqət çəkir. Lozanna (1923) və Paris (1947) müqavilələrinə görə, Yunanıstan Egey dənizində bir sıra adalara nəzarət etmək imkanı əldə etsə də, onların militarizasiyasına yol verməməli idi. Yunanıstan üzərinə götürdüyü öhdəliyi icra etməməklə yanaşı, 2022-ci ilin avqustun sonunda Türkiyə hərbi hava qüvvələrinə qarşı S-300 zenit raket komplekslərini tədbiq etmiş, keçən həftə isə Yunanıstanın sahil mühafizə polisi Türkiyənin mülki gəmisini atəşə tutmuşdur. 
 
Türkiyə və Yunanıstan arasında baş verənlərin Cənubi Qafqaz regionuna birbaşa təsiri var. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinə görə tərəflərdən hər hansı birinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı üçüncü dövlət tərəfindən təhdid olarsa tərəflər məsləhətləşmələr aparıb, bir-birinə zəruri yardım göstərməlidirlər. Qeyd edək ki, Ermənistan və Yunanıstan arasında da ikitərəfli hərbi əməkdaşlıq münasibətləri mövcuddur. Ölkələr arasında hərbi əməkdaşlıq tarixi müdafiə nazirliklərinin 1996-cı ildə imzaladığı müqavilə ilə başlayır. 1998-2008-ci illərdə tərəflər erməni hərbçilərinin Yunanıstanın hərbi məktəblərində təhsil almalarına dair müvafiq sazişlər imzalamışlar1998-ci ildə isə tərəflər silah və hərbi texnika sahəsində əməkdaşlıq haqqında saziş imzalamışlar. 2011-ci ildə hərbi əməkdaşlıq haqqında saziş yenilənmiş, 2016-cı ildə isə hərbi əməkdaşlıq proqramı qəbul edilmişdir. Vurğulayaq ki, Ermənistan hərbi birləşmələri 2003, 2007 və 2008-ci illərdə Yunanıstanın hərbi taboru daxilində Kosovoda əməliyyatlarda iştirak etmişdir.
 
Nəticə etibarı ilə Ermənistan Azərbaycana, Yunanıstan isə Türkiyəyə təhdid yaradır. Ermənistan və Yunanıstan hərbi əməkdaş, Türkiyə və Azərbaycan isə Şuşa bəyannaməsi üzrə qarşılıqlı təhlükəsizlik öhdəliklərinə malik ölkələrdir. Qeyd edilən iki qarşıdurmanın eyni zamanda baş verməsi, habelə, Türkiyə və Yunanıstanın NATO üzvü olması, Ermənistan və Azərbaycanın isə Brüssel formatı çərçivəsində danışıqlar aparması proseslərin analizini yeni müstəvidə nəzərdən keçirməyi tələb edir.
 
Müşahidələr hər iki prosesin arxasında üçüncü tərəfin, daha dəqiq desək Fransanın dayandığını deməyə imkan verir. Türkiyənin diplomatik uğurları - Ukrayna taxılının dünyaya təhlükəsiz ixracının təmin edilməsiAnkaranın Kiyev və Rusiya tərəfindən eyni dərəcədə münasib vasitəçi kimi qəbul edilməsi, habelə Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və digər regionlarda Türkiyənin mövqeyinin güclənməsi Fransa tərəfindən xüsusi qısqanclıqla qarşılanır. Fransa Türkiyənin dünyada artan, özünün isə azalan rolundan çox narahatdır.
 
Paris Ankaranın nüfuzunun artmasını qabaqlamaq məqsədilə Yunanıstanı Türkiyəyə, Ermənistanı isə Türkiyənin Cənubi Qafqazdakı müttəfiqi Azərbaycana qarşı hərbi təxribatlara sövq etməyə çalışır. Bununla yanaşı, Fransa Ermənistanın Brüssel və Moskva formatlarında maraqlarının təmin edilməməsindən narazıdır. Baş verən hadisələri Təhlükəsizlik Şurası səviyyəsində müzakirəyə çıxarmaqla Fransa bir tərəfdən özünün Təhlükəsizlik Şurasının daimi üzvü olmasını qabartmaq istəyir, digər tərəfdən də Ermənistan timsalında Cənubi Qafqazdakı tərəfdaşının mövqelərini gücləndirməyə çalışır. Fransanın Təhlükəsizlik Şurasında məsələni məhz indi qaldırması təsadüfi deyil. Fransa hazırda BMT Təhlükəsizlik Şurasına sədrlik edir
 
Qeyd edək ki, Brüssel formatında Fransanın rolu məhdud olduğu halda, Moskva formatında Paris ümumiyyətlə iştirak etmir. Məsələni Aİ-dən də yüksəkdə duran BMT Təhlükəsizlik Şurası səviyyəsində müzakirəyə çıxartmaqla Fransa Cənubi Qafqazda zəifləmiş mövqelərini bərpa etməyə çalışır. Bununla yanaşı, beş daimi üzvdən məhz Fransanın məsələni Təhlükəsizlik Şurası səviyyəsində qaldırması Ermənistan daxilində Fransa “partiyasının” mövqelərini gücləndirməlidir. 
 
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi



Tarix: 15-09-2022, 09:28
Xəbəri paylaş





Xəbər lenti