12-14 sentyabr döyüşlərinin pərdəarxası və ilkin nəticələri

Hüquq müdafiəçisi Anar Məmmədli
Qarabağ mövzusunda müzakirələr qızışanda rəhmətlik Hikmət Hacızadə ilə bağlı “Meydan” kitabından (Ədalət Tahirzadə) bir olayı xatırlayıram. 1989-cu ilin sonunda respublikada siyasi böhran gərginləşir, AXC rəhbərliyi ilə ziyalıların Elmlər Akademiyasında görüşü keçirilir. Görüşdə xeyli adam radikal addımlar atmağı tələb edir, həm hökumətə, həm də AXC rəhbərliyinə qarşı kəskin ittihamlar səslənir. Hikmət bəy də ön sıradan “radikallar”a səslənir ki, planınızı açıqlayın. Bəziləri bundan daha da qəzəblənib hay-küy salır, AXC-ni qətiyyətsizlikdə ittiham edir, “azadlıq qurban tələb edir” kimi fikirlər səsləndirirlər. Axırda Hikmət bəy əsəbləşib yarı rus, yarı azərbaycanca deyir ki, mən planlı şəkildə qurban olmağı tələb edirəm, plansız qurban olmaq istəmirəm.
Münaqişənin 33 illlik tarixi bizə rasional və məntiqli düşünməyi, manipulyasiyaya uymamağı öyrətməyib. Məsələn, dünən özünü siyasətçi sayan biri (adam 30 ildir özünü inandırıb ki, siyasətlə məşğuldur) yazır ki, 50 nəfərin şəhid olması vaxtilə Ağdamın müdafiəsi üçün verilən 5-6 min şəhidlə müqayisədə heç nədir. Bu adam anlamır ki, Ağdamın özünmüdafə batalyonlarının verdiyi qurbanlarla sərhəddəki toqquşmanı müqayisə etmək ayıbdır. Bir xeyli adam isə inanır ki, İlham Əliyevin niyyəti Zəngəzur və ya Göyçədə yeni ərazilər tutub sərhədləri genişləndirməkdir. Tutaq ki, Əliyevin belə niyyəti var, bəs buna imkanı varmı?!
Nə isə, gələk son hərbi toqquşmaların səbəblərinə.
İkinci Qarabağ müharibəsindən bəri Azərbaycan tərəfi Rusiya və Avropa Birliyinin vasitəçiliyi ilə danışıqlarda aşağıdakı tələbləri səsləndirir:
1) Naxçıvana Ermənistanın Sünik (Zəngəzur) vilayəti ərazisindən təhlükəsiz (gömrük-buraxılış məntəqəsi olmayan) koridorun çəkilməsi,
2) Qarabağdan erməni hərbi birləşmələrinin çıxarılması;
3) Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması;
4) İki ölkənin sərhədlərinin qarşılıqlı şəkildə tanınması və sərhədlərin demarkasiyası;
Yuxarıdakı tələblərə Yerevanın münasibəti isə belədir:
1) Ermənistan Naxçıvana (a) dəmir yolunu Mehri rayonundan, (b) avtomobil yolunu isə digər marşurut üzrə (c) öz gömrük-buraxılış məntəqələri ilə Rusiya təmsilçilərinin müşayiəti ilə yarada bilər;
2) Qarabağdan yalnız Ermənistan ordusuna aid hərbi qulluqçular çıxarıla bilər;
3) Azərbaycan ərazisindən istifadə etməklə Ermənistana Rusiya və Orta Asiya ölkələrinə nəqliyyat dəhlizlərinin verilməsi;
4) Sərhədlər və ərazi bütövlüyünün tanınması sülh sazişi ilə tənzimlənə bilər, ancaq Qarabağ ermənilərinin statusu və mədəni-siyasi hüquqlarına dair beynəlxalq təminat yekun sənədə daxil edilməlidir;
Göründüyü kimi, yuxarıda cüzi istisna ilə tərəflər arasında kəskin mövqe ayrılıqıları var.
Qonşu ölkələrdən Türkiyə və Rusiya dəhliz və nəqliyyat yollarının açılması məsələsində Azərbaycanı dəstəkləyir. Məsələn, Rusiya üçün Naxçıvana koridorun açılması iki tərəfdən sərfəlidir: 1) koridor öz nəzarətində olacaq 2) Türkiyə və Aralıq dənizi limalarına quru yolla alternativ çıxış əldə edəcək.
Koridor və kommunikasiya məsələsində ABŞ və Avropa Birliyi ölkələrinin xüsusi marağı yoxdur. Yalnız İran Zəngəzur koridorunun gələcəkdə Ermənistanla əlaqələrini təhlükə altına alacağından narahatdır. Eyni narahatlıq Ermənistanda da var ki, koridor illər sonra bu ərazidə onun suverenliyinin itirilməsi ilə nəticələnə bilər.
Qarabağ ermənilərinin gələcək statusu və mədəni-siyasi hüquqlarına təminat məsələsində Azərbaycandan inandırıcı və optimal təminat gözləyən ABŞ və Fransa hökumətləri buna xüsusi həsasslıqla yanaşırlar. Bu ölkələrdə erməni diasporalarının siyasi qruplara təzyiqlərini nəzərə alsaq, hər iki ölkənin Qarabağ erməniləri üçün beynəlxalq himayədar qismində çıxış etməsini anlamaq olar.
İndi isə son hərbi əməliyyatların perspektivinə baxaq.
Qarabağın dağlıq hissəsində silahlı ermənilər və Rusiya hərbi kontingentinin varlığı suverenliyin pozulması deməkdir. Amma bu status-kvonu iqtidar ölkənin suverenliyi üçün ciddi təhdid saymır və müvəqqəti durum kimi təqdim edir. Maraqlıdır ki, bəzi hərbi-siyasi analitiklər Rusiyanın Qarabağdakı hərbi kontingentinin dislokasiyasını Kremlin digər münaqişə zonalarındakı hərbi qüvvələri ilə müqayisədə əlverişsiz sayır. Yəni Qarabağda hərbi toqquşmalar başlasa, hərbi kontingentin manevr və müdaxilə imkanları məhdud olacaq və günlərlə neytral qalacaq. Bu mövzuda həmrəy olan bəzi erməni analitikləri isə təklif edirlər ki, Qarabağ ermənilərinin təhlükəsizliyi üçün hərbi yardım deyil, Azərbaycan və Ermənistan arasında beynəlxalq səviyyəli təminat, yəni ABŞ, Fransa və Almaniya kimi ölkələrin qoşulduğu sülh sazişi lazımdır.
Qayıdaq son hərbi toqquşmalara.
Əgər Azərbaycan rəsmilərinin iddia etdiyi kimi qarşı tərəfin təxribatına əks-həmlə əməliyyatı ilə cavab verilibsə, bu proses təxribat bölgəsində düşmənin manevrini lokallaşdırıb zərərsizləşdirməklə bitməyib. Əks-hücum planı geniş miqyasda icra olunub. Nəticədə bu əməliyyatı şərti olaraq, hərbi-siyasi terminlə təqdim edə bilərik– Azərbaycanın Ermənistanı “sülhə məcburetmə” planı. Əgər bu planın hədəfi yuxarıdakı tələblərdən biri və ya bir neçəsinə Ermənistan rəhbərliyini razı salmaq olubsa, hələlik hansı tələblərin qəbul edildiyini iddia etmək tezdir. Yerevanda dünəndən başlayan etirazlar Paşinyan hökumətinə qəti qərarlar verməyə imkan vermir.
Hərbi əməliyyata gəldikdə, bunun icrasında bir sıra qüsurları qeyd edək:
a) Hərbi toqquşmalar Azərbaycanın Ermənistana hərbi təcavüzü kimi anlaşılır. Çünki Azərbaycan hərbi müdafiə və təhlükəsizliklə bağlı ciddi əsaslar təqdim etmədən Ermənistanın dünya birliyi tərəfindən tanınmış hüdudlarına zərbələr endirib. Bəzi video görüntülər, o cümlədən Yerevan rəsmilərinin açıqlamasında sərhədboyu bəzi ərazilərin Azərbaycanın hərbi nəzarətinə keçdiyi deyilir (bu ərazilərdə uzunmüddət yerləşmə mümkünsüzdür);
b) Bu hərbi əməliyyatlar digər hərbi-siyasi terminlə ifadə etsək, ilkin xəbərdarlıq (early warning) xarakteri daşımayıb. Ilkin xəbərdarlıq hərbi əməliyyatlar öncəsi bir çox məsələni, o cümlədən düşmən tərəfin potensial hücumu və ya təxribatına dair məlumatlar və faktların yayılmasını, hərbi-müdafiə addımlarını nəzərdə tutur. Nəticədə yuxarıda qeyd etdiyim təcavüz məsələsi beynəlxalq çevrələrdə aktuallaşıb;
c) Hər iki tərəfdə itkilərin miqyası olduqca çoxdur. Bu itkiləri miqyasına görə 2016-cı il aprel döyüşləri ilə müqayisə etmək olar. Bu durum bir yandan humanitar böhran yarada, digər tərəfdən sülh prosesinə uzunmüddət əngəl ola bilər.
d) Hərbi toqquşamalar göstərdi ki, 2020-ci ildə imzalanmış atəşkəs sazişi istənilən vaxt pozula bilər. Tərəflərin atəşkəslə bağlı qırmızı xətti isə Rusiyaya məxsus hərbi kontingent, şəxsi heyət və hərbi texnikanın zərər çəkməməsidir. Bu isə məchul gələcəkdə hərbi gərginliyin yenidən alovlanması deməkdir.
Hərbi toqquşmanın mümkün siyasi nəticələrini də ehtimal edə bilərik:
a) Son olaylar Qərbin nifrət etdiyi Putin Rusiyasını bizim bölgədə arzuolunan güc kimi təqdim etməyə, Kremli dünya birliyinin təcridindən xilas edib Qərbi onunla bir masada əyləşməyə zəmin yaradır. Çünki Rusiya bütün münaqişə zonlarında işğalçı, Qarabağda isə arzuolunan güc olaraq öz statusunu qoruyur.
b) Ermənistanın siyasi rəhbərliyinin Kreml ilə soyuq münasibətləri bu ölkədə həm Rusiyanın nüfuzunu sarsıdır, həm də mötədil siyasi mövqeyi olan Paşinyanı etibarsızlaşdırır. Nəticədə həm Ermənistanda Avroatlantik məkana intqerasiya meylləri güclənir, həm də Paşinyanın siyasi reytinqi azalır. Əgər Paşinyan bu günlərdə etirazlar və ya çevriliş nəticəsində iqtidarını itirməzsə, Ukraynada müharibənin yekununu gözləmədən Qazaxstanla birgə 2023-cü ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edə bilər.
c) Paşinyanın hakimiyyətdən getmə ssenarisi yeni parlament seçkiləri ilə müşayiət olunmasa (impiçment baş versə), revanşist qüvvələrin hakimiyyətə gəlməsi ilə Kremlin Ermənistana siyasi dəstəyi güclənə, Azərbaycan tərəfinin siyasi dominantlığı azala bilər;
d) Ermənistan Paşinyan və ya digər bir siyasi liderin rəhbərliyi altında Azərbaycanın irəli sürdüyü tələblərdən – Qarabağda yerli hərbi birləşmələrinin silahsızlanması istisna olmaqla qalan məsələlər üzrə spesifik və ya ümumi xarakterli sənəd imzalaya bilər. Amma Qarabağ ermənilərinin statusu ilə bağlı müddəalar əksini tapmasa münaqişə bitmiş sayılmayacaq.
Şəxsi qənaətimə görə, Azərbaycan hakimiyyəti geniş miqyaslı hərbi əməliyyatlar əvəzinə çoxqütblü diplomatik həmlələri və beynəlxalq təzyiqləri, habelə fərqli siyasi ritorika ilə Ermənistan cəmiyyətinə son iki ildə bəzi tələblərini qəbul etdirə bilərdi. Zəngəzur və Göyçə mahallarına qayıtmaq kimi boş və çürük irredentist ideyaları bilərək və bilməyərəkdən siyasi təbliğata çevirməkdənsə, Türkiyə ilə birgə Ermənistanı Rusiyanın siyasi təsirindən qoparmağa zəmin hazırlamaq olardı. Amma bunu bacarmağa nə siyasi iradə oldu, nə də qabiliyyət.
Tarix: 16-09-2022, 08:56
Xəbəri paylaş





Xəbər lenti