“Ermənistanı daha acınacaqlı sülhəməcburetmə əməliyyatı gözləyir” - ÖZƏL
Ermənistan və Azərbaycan arasında müharibənin bitməsindən iki ilə yaxın vaxt keçsə də, qarşı tərəf üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Sülh prosesinin reallaşmasını ləngidən Ermənistan son zamanlarda cəbhədə təxribata əl atmaqdan da çəkinmir. Bu isə onu göstərir ki, düşmən heç də sülh tərəfdarı deyil. Mövcud şəraitdə sülh prosesinə doğru atılan addımların aqibətinin necə olacağı isə haqlı suallar doğurur.Mövzunu
KONKRET.az-a şərh edən siyasi ekspert Elçin Mirzəbəyli bildirib ki, Ermənistan 10 noyabr Bəyannaməsinin prinsiplərinin mahiyyət etibari ilə əhəmiyyətli hissəsini yerinə yetirməyib: “Həm Rusiya, həm də Avropa İttifaqı Şurasının prezidenti ilə keçirilən görüşlərdə bir çox istiqamətlər üzrə razılaşmalar əldə olunub. Razılaşmaların bir hissəsi delimitasiya prosesi ilə bağlı idi. Digər hissəsi isə sülh razılaşması və müqaviləsi üzərində iş prosesini təşkil edirdi. İndiki şəraitdə Ermənistanın verdiyi açıqlamalar prinsip etibari ilə prosesin davam etdirilməsinin mümkünsüzlüyünü ortaya qoyur. Xüsusi ilə Nikol Paşinyanın son çıxışından da göründüyü kimi Ermənistan sülh müqaviləsinin üzərində işləməyə hazır deyil. Baxmayaraq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir və burada sülh müqaviləsi ilə bağlı məsələ müzakirə olunmalıdır. Ermənistan tez bir zamanda sərhədlərin delimitasiya prosesi ilə bağlı konkret mövqeyini ortaya qoymalıdır. Çünki, sərhəd məsələsi dövlətlərarası münasibətlərin təməl prinsipini təşkil edir. Əgər bir dövlətlə digərinin sərhədi müəyyənləşdirilməyibsə, deməli onlar arasında hər hansısa bir formada münasibətlərin qurulması və ya sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz”.
Politoloq onu da bildirib ki, Azərbaycanın son tutarlı cavabından sonra Ermənistanın həyata keçirməyə çalışacağı təxribat imkanları minimuma endirilib: “Birmənalı şəkildə tərəflərin imzaladığı sülh müqaviləsi olmalıdır. İndiki şəraitdə həm Təhlükəsizlik Şurası tərəfindən verilən açıqlamalar, həm də bizə dost dövlətlərin mövqeləri məsələnin artıq diplomatik-siyasi yolla həllinin zəruriliyini ortaya qoyur və bu, 10 noyabr bəyannaməsinin prinsiplərinə əsaslanır. Bu aspektdən yanaşaraq onu qeyd edə bilərəm ki, proses ya 10 noyabr Bəyannaməsinə uyğun olaraq davam etdirilməlidir, ya da Ermənistanı daha acınacaqlı sülhə məcburetmə əməliyyatı gözləyir”.
Tarix: 16-09-2022, 22:42