Ermənistan 12-13 sentyabr təxribatları ilə son 22 ayda irəliyə doğru gedən prosesi tormozladı, Azərbaycanın tərtib etdiyi sülh gündəliyini zədələdi. Xüsusilə ilin sonunadək imzalanması gözlənilən sülh sazişi təhlükə altındadır. Ermənistanın təxribatının nəticəsində Azərbaycan 77 nəfər şəhid verib, cəmiyyətdə ermənilərə qarşı qəzəb ikiqat artıb. Eyni zamanda ermənilərin təxribatına layiqli cavab verən Azərbaycan Ordusu qeyri-rəsmi rəqəmlərə görə, 200-dən artıq erməni hərbçini məhv edib, yüzlərlə yaralıları var, düşmənin döyüş sahəsindəki texnikaları darmadağın edilib.
Elə baş nazir Nikol Paşinyan hökumətin toplantısında etiraf edib ki, sərhəddəki son toqquşmalar nəticəsində 135 erməni hərbçi ölüb. Ancaq onun sözlərinə görə, ölənlərin sayının dəqiqləşdirilməsi davam edir və bu, son deyil. Paşinyan çoxsaylı yaralıların olduğunu da diqqətə çatdırıb. Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Nəticədə xeyli sayda erməni hərbçisi məhv edilib. Baş nazir Nikol Paşinyan ilkin olaraq 49 itkinin olduğunu açıqlasa da sonradan bu rəqəmin 135 olduğunu açıqladı. Yerli media və ekspertlər ölü sayının daha çox olduğunu iddia edir.
Azərbaycan Beynəlxalq Qızıl Xaç Təşkilatına müraciət edərək, Ermənistan ordusuna məxsus 100-dək meyiti birtərəfli qaydada təhvil verməyə hazır olduğunu bildirmişdi. Göründüyü kimi, Ermənistan cəmi bir neçə saat çəkən döyüşlərdə çoxsaylı itkilər verib, hətta onların sayının 400-500 arasında olduğu bildirilir. Belə bir durumda da Ermənistandakı revanşistlərin meydana çıxması, hətta “xain”, “satqın” adlandırdıqları Paşinyanı dar ağacından asmağa hazır olmaları heyrət doğurur. Qarabağ canilərindən olan keçmiş müdafiə naziri Seyran Ohanyan isə ölkədə hərbi vəziyyətin elan olunmasını təklif edib və növbəti dəfə müharibəyə çağırıb. Şuşa azad olunan ərəfədə oğlu ilə birgə siçan kimi Qarabağdan qaçıb, canını qurtaran Ohanyan səhnənin boş olduğunu gördükdə yenidən meydana çıxmaq istəyir. Maraqlıdır ki, 15 sentyabr gecəsi etirazçılar eks-prezident Robert Köçəryanın ofisi qarşısına toplaşıb, onu səsləsələr də, ondan cavab ala bilməyiblər. Görünür Köçəryan indiki halda Ermənistan rəhbərliyinə gəlməyin nə qədər riskli olduğunu yaxşı anlayır. Xüsusilə də Azərbaycan Prezidentinin Sərkisyan-Köçəryan cütlüyünə ünvanlı sərt xəbərdarlıqlarını da unutmuş deyil ermənilər.
Ermənistandakı etirazlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərən N.Paşinyanın durumunu qısaca belə ifadə etmək olar: “Həm qorxur, həm də qorxutmağa çalışır”. Budur, Ermənistanın baş naziri cümə günü hökumətin iclasında bildirib ki, ölkədə hərbi vəziyyətin tətbiqini, səfərbərliyin elan olunmasını hələlik məqsədəuyğun hesab etmir. Paşinyan qeyd edib ki, Təhlükəsizlik Şurasının iclasında hərbi vəziyyətin tətbiqi məsələsi müzakirə olunub. “Lakin belə qənaətə gəldik ki, hazırda hərbi vəziyyət elan etməyə ehtiyac yoxdur”. Bununla belə Paşinyan müharibə tərəfdarı olanlara da xitab edib. Onun sözlərinə görə, Ermənistan Təhlükəsizlik Şurasının iclasında qərara gəlinib ki, könüllülər yerli hərbi komissarlıqlara müraciət etsinlər. “Əllərinə silah götürmək istəyənlər adi qaydada yerli hərbi komissarlığa müraciət edə bilərlər”, - deyə o bildirib.
Faktiki olaraq Ermənistan öz revanşizminin məngənəsinə düşərək çabalayır. Nəticə isə faciəvidir. Belə bir vəziyyətdə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb ki, sərhəddəki gərginliyə baxmayaraq, sülh sazişi üzrə iş dayanmayıb. “Bu, başlıca prioritetdir. Rusiya tərəfi lazımi köməkliyi göstərir. Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev sentyabrın 8-9-da Bakıda, 13-14-də İrəvanda səfərdə olub. Hər iki səfərdə əsas mövzu sülh sazişinin müzakirəsi olub. Biz tərəflərin mövqelərini yaxınlaşdırmağa səy göstəririk. Sizi əmin edirəm ki, bu səylər davam edəcək”, - deyə XİN sözçüsü Mariya Zaxarova vurğulayıb. Məsələnin maraqlı tərəfi həm də budur ki, 14 sentyabr axşamı Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan da açıqlama verdi ki, bu ayın sonlarına doğru azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək, sülh danışıqları davam edəcək, sülh müqaviləsinin layihəsi müzakirə olunacaq. Paşinyanın verdiyi (sonradan geri çəkdiyi) açıqlama da sülhyönlü idi... Bütün bunlar anormallıq deyilmi? Necə, həm təxribat edib, vuruşasan, həm də sülh gündəliyi üzrə prosesin içərisində olasan. Bu arada, Rusiya adına Zaxarovanın verdiyi açıqlama da sual doğurur. Rusiya nə demək istədi? Yəni işarə edir ki, sülh prosesi yalnız ondan asılıdır? İkincisi, son baş verənlərdən sonra sülh danışıqlarını bərpa edib, tezliklə saziş imzalamağa nail olmaq mümkündürmü? Bu nə dərəcədə realdır? Qarşılıqlı aqressiya dövründə bunu necə tənzimləmək olar? Hansı vədlər, şərtlərlə? Rusiya təminat verə bilərmi ki, danışıqların hansısa mərhələsində Ermənistan yenidən diversiyalara başlamayacaq? Ön şərt kimi birinci belə öhdəlik qoymaq olarmı Ermənistanın üzərinə?
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın son təxribatları Azərbaycan cəmiyyətində bir sıra suallar və hiddət doğurdu, sülh müqaviləsinin imzalanmasına ümidləri azaltdı: “Ancaq bütün bunlara baxmayaraq sülhə nail olmaq üçün səylərimizi əsirgəməməliyik. Bizim böyük planlarımız var, bölgə daha sürətlə inkişaf etməlidir. Bunun üçün bölgəyə daimi sülh gəlməlidir. Bölgədə müharibənin davam etməsi bir sıra dövlətlərin maraqlarına xidmət edə bilər”. Deputat hesab edir ki, Rusiya tərəfinin açıqlamalarında bizim maraqlarla üst-üstə düşən məqamlar var: “Bizə sülh lazımdır. Odur ki, danışıqlara davam etməliyik. Onu da nəzərə almaq lazımdır ki, 30 ilə yaxın həll olunmamış qalan keçmiş münaqişənin qısa müddətə həlli asan məsələ deyil. Bu bir az vaxt alacaq. Ancaq Azərbaycan bütün məqsədlərinə mütləq nail olacaq”.
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov isə bu məsələdə rəsmi İrəvanı söz sahibi hesab etmir: “Nəzərə almalıyıq ki, Ermənistan bundan sonra regionda baş verən hadisələrlə bağlı əsla söz sahibi deyil. Ona görə hesab edirəm ki, Ermənistanın hansısa provokasiyalarından asılı olmayaraq, bölgədəki siyasi konfiqurasiyalarda bu ölkə söz sahibi deyil. Azərbaycan qalib tərəf kimi şərtləri diktə edir. Bu baxımdan sülhlə bağlı ortada konkret mövqeyimiz var və reallaşmalıdır”. Politoloqun sözlərinə görə, Ermənistanı sülhə məcbur etməliyik: “Bu məsələdə Azərbaycanın mövqeyi prinsipialdır və beynəlxalq birlik tərəfindən də dəstəklənir. Mirzoyan və digər Paşinyan məmurları Qərbdə sülhə zidd olmadığı haqqında görüntü yaratmaq üçün beynəlxalq kuluarlarda sülhdən danışır. Reallıqda isə sərhəddə təxribat törədərək Azərbaycanı günahkar çıxarmağa çalışır”. T.İsmayılovun fikrincə, eyni zamanda Rusiya regiondakı yeni kommunikasiyaların iqtisadi imkanlarını dərk edir: “Buna görə də çalışır ki, Qərb məsələdə fəal olmasın. Rusiyanın tək vasitəçiliyə iddiası açıqdır və bunu hər vəchlə bildirir. Son baş verən erməni təxribatları Rusiyaya da aydındır. Hesab edirəm ki, Rusiya məmurlarının Ermənistana qarşı tənqidi mövqeyi artıq daha aydın eşidilir. Son hadisələrdən sonra tezliklə böyük həcmli bir saziş gözlənməsə də irəliləyişlər olacaq”. Ekspertin fikrincə, noyabra qədər sülhlə bağlı müəyyən addımlar atılmağı labüd və gözləniləndir. Rusiya da, Avropa İttifaqı Şurası da Ermənistanı təxribatlardan çəkindirən şərtlərdə bundan sonra qısa müddətlik də olsa fəal görünməyə cəhd edəcək. Rusiya Paşinyan və Ermənistan elitasına güvənmir. Ermənistana heç bir halda güvənmək olmaz. Lakin Ermənistanı sülhə məcbur etmək mümkündür. Ermənistana diversiyalara son qoymaqla bağlı şərt kəskin qoyulmalıdır . Çünki bu diversiyalar həm də Moskva və Brüsselə xələl gətirir".
Son hadisələrə beynəlxalq aləmin ya seyrçi yanaşması, yaxud da Azərbaycanı hədəfə alan mövqelərdən çıxış etməsi təəssüf doğurur. Hansı ki, Ermənistanı sülhə vadar edən Azərbaycana dəstək motivli açıqlamalar verilməliydi, əgər həqiqətən də bölgədə normal həyatın bərpasını istəyirdilərsə. Lakin təəssüf doğuran budur ki, təkcə Rusiya deyil, hətta bir-biri ilə düşmən olan İran və ABŞ-ın da bu məsələdə mövqeləri üst-üstə düşür. Rusiyaya sülhün bərqərar olması üçün müraciət edən ABŞ və Fransa da bu ölkə ilə Ukraynada döyüşür. Qarabağ və Zəngəzur mövzularında isə bir-birinə qənim olan ölkələr eyni mövqe sərgiləməkdədirlər. 30 il ərzində Azərbaycan torpaqlarının işğalına stimul verən qüvvələr indi də “nə hərb, nə sülh” vəziyyətinin davamını, status-kvonun qorunub-saxlanılmasını istəyirlər, təəssüf ki... Amma dövlət başçımız növbəti xəbərdarlığını Səmərqənddə etdi...
Amma şübhə etmirik ki, Şanxay Əməkdaşlıq Konfransının sammiti çərçivəsində Özbəkistanda keçirilən görüşlərdə Azərbaycan və Ermənistan arasındakı gərginlik, ölkəmizə qarşı xain hücum müzakirə mövzusu olub. Eyni zamanda Azərbaycan Prezidenti sammitdəki çıxışında da vacib məqamlara toxunub. Dövlət başçısı deyib: “Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq”. Dövlət başçısı 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həll olunmasının regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını bildirib.
Bundan əlavə, ölkə rəhbəri beynəlxalq təşkilatlara da iradını bildirib. “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Bu baxımdan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsini qeyd etmək istərdim. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra olunur. Bizim vəziyyətimizlə bağlı qəbul edilmiş qətnamələr 27 il ərzində icra olunmamışdı. Azərbaycan özü Qarabağ münaqişəsini hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının qeyd olunan qətnamələrinin icrasını təmin edib”, - dövlət başçısı vurğulayıb.
Bu, Ermənistanın yanında yer alan bütün qüvvələrə, paytaxtlara xatırlatmadır...
Tarix: 17-09-2022, 09:53