“Ermənistanın minalar basdırması xarici şirkətləri bölgəyə gəlməkdən çəkindirməyə hesablanıb” — Politoloq





“30 illik işğal dövründə torpaqlarımızı talan edən, dövlətimizə, xalqımıza qarşı soyqırımı, terror siyasətini dövlət səviyyəsinə qaldıran Ermənistan məkirli addımlarından əl çəkmir. 44 gün ərzində Ermənistanın yalvarıb-yapışmadığı dünya lideri qalmadı. Son sentyabr təxribatlarında da gecə-səhərə telefondan asılı qalan Ermənistan baş naziri Nikol Paşinyan heç nəyə nail ola bilmədi”.

Siam.az-ın məlumatına görə, bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. 

“Müharibə sonrası isə kapitulyasiya aktına imza atan bu marionet dövlət Kəlbəcər, Ağdam və Laçından çıxmaq üçün vasitəçi dövlətlərin xahişi ilə vaxt istəyəndə dövlət başçımız humanistlik, xalqımız isə müdriklik göstərərək onlara vaxt verdi ki, rahat şəkildə bölgəni tərk etsinlər. Baxmayaraq ki, Kəlbəcər və Laçından vaxtilə insanlarımızın qarda-boranda çıxma səhnəsi hələ də yaddaşlarımızdan silinməyib. Buna rəğmən Ermənistan bu vaxtdan da öz məkirli planları üçün istifadə etdi. İllər ərzində ekoloji cəhətdən çirkləndirilən çaylarımıza paralel olaraq ərazilərə minalar döşəndi, meşələrimiz yandırıldı, flora və faunaya ciddi ziyan vuruldu. Təkcə avqustun 15-də bir gün ərzində ərazidən 991 PMN-Э tipli piyada əleyhinə mina çıxarıldı. Bu ərazidə aşkar edilən bütün minalar isə 2021-ci ildə, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda istehsal edilib”. 

Onun sözlərinə görə, burada başlıca məqsəd minaaxtaranlar və mülki insanlar arasında itkilərin çox olması və bərpa-quruculuq işlərinin ləngidilməsilə Böyük köçə mane olmaqdır:

“Ermənistan minaları basdırmaqla insanların həlak olmasına çalışır ki, nəticə etibarilə həm də xarici şirkətləri, investorları da bölgəyə gəlməkdən çəkindirsin. Torpaqlarımızda çoxlu sayda minaların basdırılması beynəlxalq humanitar hüququn, Azərbaycanın mülki əhalisinin hüquqlarının pozulması faktıdır. Hərbi əhəmiyyəti olmayan ərazilərin minalanması etnik təmizləmənin davamı, ölkəmizə qarşı yeni cinayət aktıdır. Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini, BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarını kobud şəkildə pozur”.

Ş.Həsənova bir tərəfdə sülh əlini uzadan, yaralı hərbçinin həyatını xilas edən xalq, digər tərəfdə isə haqsız olduğu halda hayasızlıq salan toplumdur:

“Mina məsələsində də beynəlxalq təşkilatların, güclü dövlətlərin deklarativ təəssüf dolu bəyanatları deyil, təzyiqləri olmalıdır ki, xəritələr təqdim olunsun, piyadalara qarşı minaların basdırılmasına son qoyulsun. Bütün bu əməllər Ermənistanın hərbi cinayətlərinin inkar edilə bilməyən, əyani nümunəsi, həm də rəsmi Yerevanın beynəlxalq öhdəliklərindən bu məsələdə də yayınmasıdır”. 
Tarix: 18-09-2022, 10:56
Xəbəri paylaş





Xəbər lenti