“Suriyada son sutka ərzində baş verən ABŞ-İran qarşıdurması təhlükəni bizdən xeyli dərəcədə uzaqlaşdırır. Amma tam yox, çünki nə ABŞ, nə də İran indiki məqamda genişmiqyaslı savaşda maraqlı deyil”.
Siam.az bildirir ki, bunu Gununsesi.info-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu deyib.
Onun sözlərinə görə, Suriyanın şimal-şərqində baş verən zərbə mübadiləsi sadəcə “nəbz yoxlamasıdır”, onun çox uzağa gedəcəyi də inandırıcı görünmür: “Belə ki, ABŞ bölgədə hava zərbələrindən uzağa, İran isə ABŞ bazalarına cavab atəşi açmaqdan uzağa gedə bilməz.
Ümumiyyətlə, hər iki ölkənin Suriyada resursları məhdud olması səbəbindən həmin bölgədə genişmiqyaslı müharibə real deyil. Eyni, amma Suriyadakından daha məhdud imkanlar da İraqdadır. Real ABŞ-İran qarşıdurması Fars körfəzində baş verə bilər.
Amma qeyd etdiyim kimi, tərəflərin heç biri hal-hazırda bunda maraqlı deyil. Belə miqyaslı hərbi qarşıdurma yalnız iki halda baş verə bilər: tərəflərdən biri bunu istədikdə və ya “üçüncü tərəfin” çox uğurlu təxribatı nəticəsində. İkinci hal inandırıcı görünmür”.
Ərəstun Oruclu bildirir ki, Azərbaycan hər bir halda ən müxtəlif ssenarilər üçün hazır olmalıdır: “Çünki biz nə İranın,, nə ABŞ-ın, nə də Rusiyanın Yaxın Şərqlə bağlı planları haqqında ətraflı bilgilərə malik deyilik”.