Siyasi intriqalar kralı Bakıda saytın bağlanmasına səbəb oldu - TƏFƏRRÜAT

Siyasi intriqalar kralı Bakıda saytın bağlanmasına səbəb oldu
10 il əvvəl – 2013-cü il martın 23-də – Britaniyanın Askot yaşayış məntəqəsindəki evlərin birində Rusiya biznesmeni və siyasətçisi Boris Berezovskinin cəsədi aşkarlandı. Rəsmi versiyaya görə, o, intihar etmişdi, amma həyatının bir çox epizodları kimi ölümü də sirr pərdəsi ilə örtülüb. 1990-cl illərdə Berezovskinin adı “oliqarx” sözünün sinonimi idi. Onu həm “boz kardinal”, həm də “siyasi avantürist” adlandırırdılar. Putini Kremlə gətirənlərdən biri idi, sonra da Londona mühacirət etdi və rejimin ən sərt tənqidçilərindən biri oldu.

Boris Berezovski 1946-cı il yanvarın 23-də Moskvada anadan olub. SSRİ dağılana qədər mühəndis işləyib, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib, SSRİ EA-nın İdarəçilik problemləri institutunun laboratoriyasına rəhbərlik edib, hətta 1978-ci ildə Lenin komsomolu mükafatına layiq görülüb. Sonralar məlum olacaq ki, karyerasının bu mərhələsində ən mühüm məqamlarından biri “AvtoVAZ” ilə əməkdaşlığıdır. O, burada avtomatlaşdırılmış layihələndirmə sisteminin tətbiqinə kömək edirdi.

1989-cu ildə Berezovski “AvtoVAZ”la birgə “LoqoVAZ” şirkətini yaradır. SSRİ-də avtomobillərin defisit olduğu vaxt “LoqoVAZ” xaricdən qaytarılan VAZ maşınlarının satışı ilə məşğul olur. Şirkət maşın bazarında ən böyüklərdən birinə çevrilir. Berezovski 1992-ci ildə Rusiya hökuməti yanında sənaye siyasəti üzrə şuraya daxil olur. 1994-cü ildə “Mersedes”inin yanında bomba işə düşür.

Siyasi intriqalar kralı Bakıda saytın bağlanmasına səbəb oldu

Biznesmen yaralanır, sürücüsü həlak olur. İstintaqın versiyasına görə, qəsdin təşkilatçısı “Silvester” ləqəbli kriminal avtoritet Sergey Timofeyev olub. 1994-cü ilin sentyabrında Timofeyevin maşını Moskvanın ortasında partladı; qətlin üstü indiyə qədər açılmayıb.

Qəsddən salamat çıxan Berezovski həm biznesini, həm siyasi təsirini artırmaqda davam edir. 1995-ci ildə Rusiya İctimai Televiziyasının (ORT) yaradıcılarından biri və Roman Abramoviçlə birlikdə “Sibneft” şirkətinin ortağı idi. 1996-cı ildə Boris Yeltsinin prezident kampaniyasında fəal iştirak edir. Yetsinin seçkilərdə qalib gəlməsindən sonra RF Təhlükəsizlik şurası katibinin müavini postunu tutur. Katib isə İvan Rıbkin idi.

Siyasi intriqalar kralı Bakıda saytın bağlanmasına səbəb oldu

1997-ci ilin payızında Berezovskini Təhlükəsizlik şurasındakı vəzifəsindən çıxarıb, Rusiya prezidenti administrasiyasının rəhbəri Valentin Yumaşevin müşaviri təyin edirlər. 1998-ci ilin aprelində isə bu vəzifədən də çıxıb, Müstəqil Dövlətlər Birliyinin (MDB) ikinci icraçı katibi olur.

1998-ci ilin noyabrında Berezovski Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Vladimir Putinə açıq məktub ünvanlayır və siyasi rəqibləri tərəfindən divan tutulacağından qorxduğunu deyir. Bir neçə gün sonra aralarında Aleksandr Litvinenkonun da olduğu FSB əməkdaşları mətbuat konfransı keçirərək, Berezovskiyə qəsd planı barədə danışırlar.

Siyasi intriqalar kralı Bakıda saytın bağlanmasına səbəb oldu

Litvinenko FSB-dən qovulur, Berezovskinin təhlükəsizlik xidmətinin rəhbəri olur. Berezovski ilə Litvinenkonun münasibətləri ikinci 2006-cı ildə Böyük Britaniyada öldürülənə qədər davam edir.

1999-cu ilin yanvarında Berezovski “Aeroflot” vəsaitlərinin oğurlanması barədə işin fuqurantı olur. Apreldə Baş prokurorluq onun həbsinə order verir, Yeltsin isə “səlahiyyətlərini mütəmadi şəkildə aşması” səbəbindən MDB-nin icraçı katibi vəzifəsindən azad edir. Berezovski belə qərar qəbul etmək üçün Yeltsinin səlahiyyəti olmadığını bildirir, amma yenə də vəzifəsini tərk etməli olur. Həmin ilin noyabrında bütün ittihamlar götürülür. Dekabrda isə Berezovski Dövlət Dumasının deputatı olur. 1999-cu ildə Berezovski TV-6 telekanalını və “Kommersant” nəşriyyat evini alır.

Qaraçay-Çərkəz respublikasından birmandatlı dairədən Dumaya seçilən Berezovski cəmi yarım il deputat oldu. 2000-ci ilin iyulunda elan etdi ki, mandatdan imtina edir və Dövlət Dumasından “təmiz vicdan və narahat ürəklə” gedir. Oliqarxın sözlərinə görə o, “Rusiyanın çöküşündə və avtoritar rejimin yaradılmasında iştirak etməyi” arzulamır. 2000-ci ilin əvvəlində Berezovski Putinin prezident kampaniyasına dəstək olur, amma artıq payızda onu publik tənqid etməyə başlayır, qanunverici təşəbbüslərini antidemokratik adlandırır. Elə həmin il Berezovski ORT səhmləri ilə vidalaşır, “Sibneft”dəki payını Abramoviçə satır və Rusiyadan gedir.

Siyasi intriqalar kralı Bakıda saytın bağlanmasına səbəb oldu

Böyük Britaniyaya köçən Berezovski oradan Rusiya hakimiyyətini və şəxsən Vladimir Putini tənqid etməkdə davam edir. Məsələn, o bildirir ki, 1999-cu ilin sentyabrında Moskvada, Buynakskda və Volqodonskda binaları partladan FSB olub, məqsəd də ikinci çeçen müharibəsini başlamaq idi. Litvinenkonun Yuri Felştinski ilə birlikdə yazdığı “FSB Rusiyanı partladır” kitabında iddia olunur ki, partlayışlar ictimai rəyi yeni siyasi liderin – Vladimir Putinin gəlişinə hazırlamaq üçün Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil olunub.

Rusiyada isə 2001-ci ilin sentyabrında Berezovskiyə yenidən “Aeroflot” işi üzrə, 2002-ci ildə “LoqoVAZ” səhmləri ilə dələduzluq işi üzrə ittiham irəli sürülür. 2007-ci ildə Rusiya məhkəməsi onu “Aeroflot” işi üzrə 6 il azadlıqdan məhrum edir. Berezovski hökmü qanuni saymır və məhkəməni “məzhəkə” adlandırır. “LoqoVAZ” və “AvtoVAZ” səhmlərinin oğurlanması ittihamı ilə isə oliqarx 13 il azadlıqdan məhrum edilir. Rusiya Böyük Britaniyadan biznesmenin verilməsi istəyir, amma imtina ilə üzləşir.

Rusiya hüquq-mühafizə orqanları 2004-cü ildə Berezovskini Moskva ətrafındakı “Jukovka”da dövlətə məxsus bağ evini qanunsuz ələ keçirməkdə, 2007-ci ildə də “hakimiyyəti zorakı yolla ələ keçirmək cəhdi”ndə ittiham edir. Bu işlər əsasında oliqarxı Britaniyadan almaq cəhdi də uğursuz olur. London Berezovskiyə siyasi sığınacaq və Platon Yelenin adına sənədlər verir.

Berezovski Rusiyanı tərk etsə də onun siyasi həyatında iştirakda davam edir. 2001-ci ilin dekabrında “Liberal Rusiya” partiyasını maliyyələşdirir və onun həmsədrlərindən biri olur, amma tezliklə siyasi fikir ayrılığı üzündən xaric edilir, bu da parçalanmaya səbəb olur. Partiyanın liderlərindən biri, Berezovski ilə əməkdaşlıqdan imtina edən Sergey Yuşenkov 2003-cü il aprelin 17-də Moskvada öldürülür. Məhkəmə “Liberal Rusiya”nın Berezovskini dəstəkləyən qanadının sədri Mixail Kodanevi qətlin sifarişçisi kimi tanıyır.

Kodanev səkkiz il həbsdə olandan sonra 2012-ci ildə bildirir ki, Yuşenkovun qətlinin əsl sifarişçiləri Boris Berezovski və onun işgüzar partnyoru Badri Patarkatsişvili olub. RF İstintaq komitəsi bəyan edir ki, Berezovskinin belə hay-küylü qətllərə, o cümlədən ORT-nin baş direktoru Vladislav Listyevin qətlinə aidiyyatı haqqında iddiaları yoxlayıb, amma onlar təsdiqlərini tapmayıb. Listyevin qətlinin təşkilatçısının Berezovski olmasını hələ 1996-cı ildə jurnalist Pol Xlebnikov Rusiyanın “Forbes” jurnalında yazırdı. Berezovski böhtanla bağlı London məhkəməsinə müraciət etdi, amma iş məhkəmədənkənar razılaşma ilə yekunlaşdı. Xlebnikov 2002-ci ildə buraxdığı “Kremlin xaç atası: Boris Berezovski və ya Rusiyanın talanması tarixi” kitabında biznesmeni çoxsaylı cinayətlərdə ittiham etdi. 2004-cü il iyulun 10-da Xlebnikov Moskvada “Forbes” redaksiyasının yaxınlığında öldürüldü. İstintaq qətlin təşkilatçısı kimi çeçen kriminal avtoritet Xocəhməd Nuxayevi tanıdı, motivin isə Xlebnikovun onun haqqında yazdığı “Barbarla söhbət” kitabına görə qisas olduğunu bildirdi. Nuxayev indi də axtarışdadır.

Təhlükəsizik şurasının keçmiş katibi İvan Rıbkin 2004-cü ildə RF prezidenti seçkilərində namizədliyini irəli sürəndə seçki kampaniyasının əsas sponsoru Berezovski idi. Səsvermə gününə təxminən bir ay qalanda, fevralın 5-də Rıbkin Moskvada yoxa çıxdı, arvadı polisə müraciət etdi. Namizəd beş gün sonra Kiyevdə tapıldı və orada peyda olmasını düz-əməlli izah edə bilmədi. Sonralar Rıbkin hadisəni belə izah etdi ki, aldadılaraq Ukraynaya aparılıb, narkotik verilib və ifşaedici videosu çəkilib. Onun sözlərinə görə, əgər namizədliyini geri götürməzsə, videonun yayılacağı ilə hədələnib. O, martın 5-də namizədliyini geri götürdü.

İvan Rıbkin Moskva, Volqodonsk və Buynakskdakı partlayışlarda Rusiya xidmət orqanlarının əli olmasını söyləyəndən sonra yoxa çıxmışdı. Bu versiya Aleksandr Litvinenkonun həmmüəllifi olduğu “FSB Rusiyanı partladır” kitabında nəql olunur. Britaniya hüquq mühafizə orqanlarının müəyyənləşdirdiklərinə görə, RF-nın Baş mühafizə idarəsinin zabiti Andrey Luqavoy və köməkçisi, biznesmen Dmitri Kovtun 2006-cı il noyabrın 1-də Litvinenkonu radioaktiv polonium-210 ilə zəhərləyiblər. Noyabrın 23-də o öldü. Luqavoy, öz növbəsində, bildirir ki, Litvinenkonun zəhərlənməsinə Berezovskinin aidiyyatı ola bilər. Rusiya Luqavoyu Böyük Britaniyaya verməkdən imtina etdi. Luqavoy 2011-ci ildə Dövlət Dumasının deputatı oldu və parlamentin aşağı palatasındakı yerini indi də saxlayır.

2008-ci ildə keçmiş baş nazir Mixail Kasyanov prezident seçkilərində müxalifətin namizədi olmağa hazırlaşırdı, amma MSK onun namizədliyini qeydə almadı. Berezovski Kasyanovu dəstəkləmədi. Buna baxmayaraq, hakim partiyanın tərəfdarları Berezovskinin obrazından anti-təbliğat məqsədilə gen-bol istifadə edirdilər.

Berezovski 2007-ci ildə London məhkəməsində Roman Abramoviçə qarşı iddia qaldırdı. O, “Sibneft” və “Rusala”dakı paylarını təzyiq və təhdid altında aşağı qiymətə satdığını iddia edir və 5,6 milyard dollar kompensasiya tələb edirdi. Beş il sürən çəkişmədən sonra məhkəmə iddianı rədd etdi.

Britaniya mətbuatına görə, prosesi uduzan Berezovski məhkəmə xərclərini ödəməkdən ötrü maliyyə çətinliklərilə üzləşib. Qohumları onun ruh düşkünlüyü keçirdiyini söyləyirlər. 67 yaşlı Berezovskinin cəsədi 2013-cü il martın 23-də Askotda, keçmiş arvadının evində tapıldı. Britaniyanın hüquq-mühafizə orqanları prioritet versiyanın intihar olduğunu söylədilər. Ölümünə az qalmış Putinə məktub yazan Berezovski səhvlərini etiraf edir, peşman olduğunu bildirir və Rusiyaya qayıtmaq üçün fürsət verilməsini istəyir. Putin Berezovskidən iki eyni məktub – ikincisini ölümündən sonra – aldığını təsdiq etdi. Məzmunu açıqlamaqdan imtina edən Rusiya prezidenti məktublara cavab vermədiyini söylədi.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://meduza.io/feature/2023/03/23/10-let-nazad-umer-boris-berezovskiy-odin-iz-glavnyh-geroev-postsovetskoy-rossii-kotoryy-vo-mnogom-opredelil-ee-istoriyu

QEYD: Boris Berezovskinin day.az saytına verdiyi müsahibə 2009-cu il fevralın 14-də “Böhrana qədər Vladimir Putinin sərvəti ən azı 40 milyard dollar təşkil edirdi” başlığı ilə saytda yerləşdirildi. Bundan sonra Azərbaycan hakimiyyəti saytı Anar Məmmədxanovun əlindən aldı. 
//“Pressklub”//
Tarix: 25-03-2023, 17:46
Xəbəri paylaş





Xəbər lenti