Tərtərdə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi- praktiki konfrans keçirilib


Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Umummill  Lider Heydər Əliyevin 100  
illik yubileyi münasibəti ilə “Heydər Əliyev ili” çərçivəsində əslən Tərtər rayonundan olan 
görkəmli ziyalıların və elm xadimlərinin iştirakı ilə “Heydər Əliyev  və azərbaycançılıq 
məfkurəsi” mövzusunda  elmi-praktiki konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini  
və Şəhidlər Abidə Kompleksini ziyarət edib, xatirələrinə ehtiram əlaməti olaraq  
abidələrin önünə gül dəstələri düzüblər.
Konfransda rayon icra hakimiyyətinin  akt zalında davam etdirilib. 
Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli 
Məclisin deputatı Sahib Alıyev, akademik Vaqif Abbasov , Xalq şairi Vahid Əziz, 
ehtiyatda olan polkovnik-leytenant, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl, Tarix elmləri 
doktoru, “Əməkdar müəllim” Vəkil Həsənov, Filologiya üzrə fəlsəfə doktoru İlahə 
Əliyeva, həkim, şəhid bacısı, birinci Qarabağ müharibəsi veteranı Məhəbbət Paşayeva, 
İqtisad üzrə fəlsəfə doktoru Zöhrab Paşayev, Xalq artisti Teyyub Aslanov, yazıçı-
jurnalist, “İki Sahil” qəzetinin müxbiri Vəli İlyasov, bəstəkar Elçin Atayev, İlahiyyat 
jurnalının baş redaktor müavini Rahilə Misirxanlı, ESTM klinikasının rəhbəri, Tibb üzrə 
fəlsəfə doktoru Sona Əsgərova, şairə Səidə Əşrəfqızı, şəhid ailələri, qazilər, rayon icra 
hakimiyyətinin əməkdaşları, YAP rayon təşkilatının və Ağsaqqallar şurasının sədrləri, 
idarə, müəssisə və təşkilar rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, mətbuat və 
rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak 
olmuş səhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonar Azərbaycan 
Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 
iştirakçıları salamlayaraq, qonaqlara “xoş gəlmisiniz“,- deyib.
Rayon rəhbəri bildirib ki, Azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan 
etnik azərbaycanlıları və ya etnik xalqları deyil, eyni zamanda, harada yaşamasından və 
hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan 
azərbaycanlıların və qeyri azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir 
məfkurədir. Eləcə də milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana mənən 
və fiziki bağlı olan və onun nüfuzunu uca tutan hər bir insan Azərbaycançılıq 
ideologiyasının yaşadanına çevrilir.
Ümummilli lider, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev deyirdi “Hər bir 
azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - 
Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini 
yaşatmalıdır”.
Sovet dövründə azərbaycançılıq ideyası əsasən xalqın yaddaşında, o cümlədən milli 
adət-ənənələrdə, müəyyən qədər də bədii əsərlərdə yaşamış və təbii ki, dövlət 
ideologiyasına çevrilə bilməmişdir. Lakin bir faktı xüsusi vurğulamalıyıq ki, Heydər 
Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə – 1970–80-ci illərdə 
azərbaycançılığın inkişafına əlverişli ictimai-siyasi, elmi və mədəni-mənəvi şərait 
yaradılmışdır.
Rayon rəhbəri qeyd edib  ki, hələ Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə, 
1969-1982-ci illərdə Azərbaycanda məhz onun rəhbərliyi ilə azərbaycan dilinin 
əhəmiyyəti artmış və ana dilinə olan diqqət və qayğı, eləcə də dövlət qurumlarında 
azərbaycanlıların yüksək vəzifələrə gətirilməsi  halları coxalmışdır.
1993-cü ildən Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə bütün Azərbaycan 
vətəndaşlarının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin 
istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi 
iş aparıldı. Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin 
bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti 
tezliklə ictimai-siyasi və elmi-mədəni dairələrin gündəliyinə çıxarıldı. Bunun ardınca, 
Azərbaycan dilinin rəsmi dövlət dili statusu alması və latın qrafikasının tətbiqi, milli-
mənəvi dəyərlərin qorunması, inkişafı və azərbaycançılıq ideyaları ilə birgə bütün 
dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılması, 31 dekabrın hər il Dünya 
Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi və bu münasibətlə xarici 
ölkələrdə yaşayan soydaşlarımızın iştirakı ilə təşkil olunan toplantılar, xarici səfərlər 
zamanı Heydər Əliyevin həmvətənlərimizlə keçirdiyi görüşlər və s. 1993-cü ildən 
başlayaraq azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə qaldırılmasının 
bariz nümunələri idi. 
Müstəqilliyinin ilk illərində, xüsusən 1991–1994-cü illərin təhlükəli milli-vətəndaş 
qarşıdurması və ictimai-siyasi böhranı dövründə Heydər Əliyev azərbaycançılıq 
ideyasını daha çox ölkədaxili ictimai-siyasi qüvvələrin, sosial, milli və dini qrupların 
birləşdirici amili kimi təlqin edir və bu istiqamətdə onu inkişaf etdirməyə çalışırdı. O, 
mövcud təhlükəli vəziyyəti dəyərləndirərək qeyd edirdi ki, hakimiyyətə, iqtidarlara və 
onların fəaliyyətinə müxalifətdə durmaq olar. Lakin dövlətə, dövlətçiliyə, milli birliyə, 
Vətənin, xalqın ümumi marağını ehtiva edən azərbaycançılıq ideyasına, milli-mənəvi 
dəyərlərə, milli məsləkə, milli dilə, milli varlığa heç zaman müxalifətdə durmaq olmaz.

2001-ci ildə Bakıda tarixdə ilk dəfə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi 
və minlərlə soydaşımızın iştirakı ilə azərbaycançılığın əsaslarının bir daha geniş 
müzakirə edilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək vəzifələrin 
müəyyən olunması milli ideologiyamızın formalaşması və  inkişafında yeni bir mərhələ 
kimi dəyərləndirilə bilər. 
“Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm 
və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu ifadələr Ümummilli Liderimizin 
milli-mənəvi dünyasını, vətəndaş mövqeyini və varlığını göstərən, öz milli köklərinə 
bağlılığını sübut edən tarixi bir bəyanat idi.
Ümummilli Lider qeyd edirdi: “Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, 
onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın. Gənc 
nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən 
öyrənməli, eyni zamanda, bəşəri dəyərləri mənimsəməlidir.”
Bəli, belə bir nəsil yetişdi və cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  
44 günlük Vətən Müharibəsində totpaqlarımızı işğaldan azad etdi.
Konfransda Milli Məclisin deputatı Sahib Alıyev “Heydər Əliyev və Azərbaycan 
Parlamenti”, akademik Vaqif Abbasov “Heydər Əliyev və neft strategiyası”, Xalq şairi 
Vahid Əziz “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, ehtiyatda olan polkovnik-
leytenant, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Heydər Əliyev-Türk məfkurəsi və 
Azərbaycanın təhlükəsizliyi”, Tarix elmləri doktoru, “Əməkdar müəllim” Vəkil Həsənov 
“Heydər Əliyev və Azərbaycanda ictimai-siyasi vəziyyət”, Filologiya üzrə fəlsəfə doktoru 
İlahə Əliyeva “Heydər Əliyevin dil siyasəti”,  həkim, şəhid bacısı, birinci Qarabağ 
müharibəsi veteranı Məhəbbət Paşayeva “Heydər Əliyev və Azərbaycan səhiyyəsi”, 
İqtisad üzrə fəlsəfə doktoru Zöhrab Paşayev “Heydər Əliyev və Azərbaycan 
iqtisadiyyatı”, Xalq artisti Teyyub Aslanov “Heydər Əliyev- Azərbaycan mədəniyyəti və 
incəsənəti”, yazıçı-jurnalist, “İki Sahil” qəzetinin müxbiri Vəli İlyasov “Heydər Əliyev və 
Azərbaycan mətbuatı”, bəstəkar Elçin Atayev “Heydər Əliyev və Azərbaycan musiqisi”, 
İlahiyyat jurnalının baş redaktor müavini Rahilə Misirxanlı “Heydər Əliyev və 
Azərbaycan təhsili”, STM klinikasının rəhbəri, Tibb üzrə fəlsəfə doktoru Sona Əsgərova 
“Heydər Əliyev müasir səhiyyənin qurucusudur” mövzularında çıxış ediblər. Şairə Səidə 
Əşrəfqızı Ulu Öndərə həsr etdiyi şeiri oxuyub.
Cıxışlarda bir fikir vurğulanıb: Bu gün çəkinmədən və inamla söyləmək olar ki, Heydər 
Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, 
dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki 
azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun 
alaraq mükəmməl bir təlimə çevrildi və müstəqil dövlət ideologiyası səviyyəsinə 
qaldırıldı.
Sonda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən 
tədbirdə iştirak edən Tərtər rayonundan olan elm adamlarına rayon icra hakimiyyətinin 
fəxri fərmanları və xatirə hədiyələri təqdim edilib.
Tarix: 26-03-2023, 11:33
Xəbəri paylaş





Xəbər lenti