Od içində olan Fransanın naziri Bakıya “yol açmağa” gəlir


 

“Özlərinə umac ova bilməyənlərin başqalarına əriştə kəsmək” iddiasına düşməsi acı gülüş doğurur

Aprelin əvvəlində Fransanın xarici işlər naziri Katrin Kolonna İrəvana və Bakıya səfər edəcək. O, bu barədə ölkə parlamentində çıxışı zamanı bildirib. “Turan”ın məlumatına görə, o, səfərinin məqsədinin Laçın yolunun “açılışına” nail olmaq olduğunu vurğulayıb.
Katrin Kolonna növbəti dəfə saxtakarlıq edərək iddia edib ki, Qarabağda qalan azsaylı erməni əhalisi kifayət qədər ərzaq almır. O, həyasızcasına Xankəndidəki ermənilərin Fransanın kömək etdiyi Qırmızı Xaç sayəsində yardım aldığını bildirib. Daha sonra həddini aşaraq Azərbaycanın daxili işlərinə müdaxilə edən Fransanın xarici işlər naziri Qarabağda qalan ermənilərin  təchizatını təmin etmək üçün Laçın yolu ilə “sərbəst hərəkəti” bərpa etməyin və təchizatı yaxşılaşdırmağın lazım olduğunu iddia edib. Bu zaman Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu “unudan”  fransız nazir erməniləri razı salmaq üçün Bakıya gələrək Azərbaycanı Laçın yolunu “açmağa” razı salmağa çalışacağını deyib.
Fransa pensiya islahatları səbəbindən indi özü od içindədir, ölkə tətillərə görə iflic vəziyyətdədir. Necə deyərlər,  “özlərinə umac ova bilməyənlərin başqalarına əriştə kəsmək” iddiasına düşməsi acı gülüş doğurur. Maraqlıdır ki, bu qədər narahat bir vəziyyətdə olan ölkənin xarici işlər naziri küçələrə tökdükləri xalqına deyil, hər cür təminatı olan bir ovuc erməniyə görə əl-ayağa düşüb.
Katrinini Bakıda diplomatik ranqına uyğun aşağı səviyyədə qəbul etmək lazımdır, yoxsa onun artıq məlum olan qərəzli mövqeyini dinləmək?

Deputat Bəhruz Məhərrəmov fransız nazirin dediklərinin heç bir çəkisinin olmadığını qeyd etdi: “Fransa Qafqazda bütün oyunlardan kənarda qalıb və proseslərin gedişatında Ermənistana münasibətdə təhrikçilikdən, beynəlxalq cinayətlərdə birgə iştirakçılıqdan başqa hər hansı formada rola malik deyil. Bu mənada Fransa xarici işlər naziri Ketrin Kolonnanın  bəyanatlarının heç bir çəkisi yoxdur və bizim üçün əhəmiyyətli deyil.  Fransanın heç bir rəsmisi, o cümlədən diletant bəyanatlar verən xarici işlər naziri Bakıda ya qəbul olunmamalı, ya da yalnız daha aşağı ranqlı diplomatlar tərəfindən qəbul olunaraq, ona reallıq başa salınmalıdır. Ketrin Kolonna anlamalıdır ki, Azərbaycan imkan verməyəcək ki, Fransa Qafqazda müstəmləkələrində davrandığı kimi hərəkət etsin. Bu bölgə Parisin təcavüzkarlıqla hökm edəcəyi Korsika adası deyil, Paris artıq Qafqazda məğlubdur, 44 günlük müharibədə Makron və Fransanın peykləri, komandası cənab İlham Əliyevə həm ikitərəfli müstəvidə, həm də başda BMT TŞ olmaqla, beynəlxalq müstəvidə məğlub olub. Artıq Qafqazda, hətta Ermənistanın özündə belə Fransanın mövcudiyyət perspektivi Azərbaycanın iradəsindən asılı olan məsələdir. İndi hər hansı bir Fransa rəsmisi, xüsusən Parisin xarici siyasətinə cavabdeh şəxs məsuliyyətsiz bəyanatlar verərkən bu reallığı anlamalıdır. Təsəvvür edin, Fransa bizdən tələb edir ki, Azərbaycan öz ərazilərindən separatçılara silah-sursat daşınmasına, ərazilərimizin sərbəst formada minalanmasına imkan verməlidir. Bu, Parisin açıq formada terror və separatizmə dəstək verməsinin daha bir nümunəsidir. Sərsəm bəyanatların əvəzinə xanım Kolonna ilk növbədə nazirliyin pəncərəsindən Parisin küçələrinə baxsın, haqları pozulmuş yüzminlərlə insanın polis tərəfindən əzilməsinə,  paytaxt küçələrinin isə zibilliyə və xarabazara çevrilməsinə gətirib çıxaran antiinsani siyasətə vaxt ayırıb ölkəsinin imici barədə düşünsün.
Bu gün Qarabağ iqtisadi rayonunda ermənilərin sayının süni şəkildə artırıldığı statistikalara istinad edən Paris hüquq müdafiəçisi rolunu üzərinə götürmək istəyirsə, ilk növbədə 400 minlik Korsika əhalisinin doğma dilinin sərbəst istifadəsinə imkan yaratsın, korsikalı siyasətçilərin məhz fransız olmadığına görə təqibini dayandırsın. Əks halda, insan haqları, xalqların təhlükəsizliyi kimi məsələlərdən nəinki Kolonna, ümumiyyətlə, Fransada heç bir məmur danışa bilməz".


AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bildirdi ki, Fransanın Azərbaycana qarşı mövqeyi həmişə qərəzli və qeyri-adekvat olub. Onun sözlərinə görə, Azərbaycan tərəfindən rəsmi Parisin bütün maraqları tam təmin olunub: “İstər iqtisadi, istər siyasi, istərsə də humanitar sahədə Bakı Fransanın istəklərinə heç vaxt yox deməyib. Hətta bir sıra tarixi mədəniyyət abidələri Azərbaycanın maliyyəsi hesabına restavrasiya olunub, əsaslı təmir edilib. "Total" şirkəti beynəlxalq konsersiumda xeyli paya malikdir və s. Tarixə qovuşan ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa böyük rol almışdı. Lakin bütün bunlar Fransanı, görünür, qane etmir. Daha geniş və böyük iddialardadır. Fransa hər zaman Ermənistanın tərəfində olub, himayədarlıq edib. Qatı millətçi ermənilərə ev sahibi olub, onlara hər cür şərait yaradıb. 44 günlük müharibə zamanı Fransanın əsl siması tam çılpaqlığı ilə üzə çıxdı. Bu gün Parisi Qafqaz uğrunda gedən böyük güclərin mübarizəsində daha fəal görürük. Əsrlər boyu Qafqaza sağlıq edən Rusiyanın zəifləməsindən istifadə edən Fransa bu vacib bölgədə əsas söz sahiblərindən biri olmağa çalışır. Onu da anlayır ki, Azərbaycansız və Bakının razılığı olmadan nəinki Cənubi Qafqaz regionunda möhkəmlənmək, hətta bu regiona girmək çox çətindir. Ona görə də müxtəlif üsul və vasitələrlə Azərbaycandan daha böyük güzəştlər qoparmağı hədəfləyir. Bunun üçün də böyük dövlətlərin tarixən əlində maşası olan ermənilərdən bəhrələnir. Bütün dünya ictimaiyyəti də bilir ki Xankəndi-Laçın yolu bağlı deyil və tam təhlükəsizdir. Bütün giriş-çıxış tam təmin edilir. Fransanın xarici işlər naziri Kolonnanın Bakıya nəzərdə tutduğu səfəri düşünürəm ki, təkcə Laçın yolunda "sərbəst hərəkətlə" bağlı deyil. Məqsəd Ermənistan- Azərbaycan arasında nəzərdə tutulan normallaşma prosesində Bakıdan İrəvanın xeyrinə güzəştlərə nail olmaqdır. Fransanın canfəşanlığı məhz ermənilərin maraq və mənafelərinin tam təminidir. Fransa böyük dövlətdir. Dünya siyasətinin müəyyənləşməsində rolu var. Avropa İttifaqında əsas güclərdən biridir. Xəfifə almaq da doğru yanaşma deyil. Diplomatik protokol qaydalarına görə, Fransanın xarici işlər naziri yüksək səviyyələrdə qəbul ediləcək. Lakin vacibi onun rəsmi Bakıdan Parisə nələr apara biləcəyidir. Təbii ki, münasibətlərin indiki xoş olmayan vaxtında müzakirələr asan olmayacaq. Nəzərə alaq ki, Fransanın özündə də ciddi sıxıntılar və böhran mövcuddur. Makron iqtidarına qarşı böyük etiraz dalğası var. Bununla belə, hesab etmirəm ki, bütün bunlar Fransanın Azərbaycanla bağlı sərgilədiyi qeyri-sağlam, hətta bəzən qeyri-etik beynəlxalq hüquq normalarından kənar münasibətinə ciddi təsir etsin. Yeri gəlmişkən, bu gün Azərbaycan hakimiyyəti də ciddi siyasi qüvvələrlə siyasi məsuliyyəti paylaşmalıdır. Təkbaşına indiki vəziyyətdə davamlı xarici basqınları dəf edə bilməz".
“Yeni Müsavat”
Tarix: 28-03-2023, 10:20
Xəbəri paylaş





Xəbər lenti