Demokratiyadan bixəbər ölkə olan Ermənistan dəvət edildiyi halda, Azərbaycan və Türkiyə niyə kənarda qalıb?
Bu il 29-30 mart tarixlərində ABŞ-ın təşkilatçılığı ilə 2-ci Demokratiya Sammiti keçiriləcək. Co Bayden administrasiyasının təşəbbüsü ilə baş tutacaq builki sammitə ABŞ-la yanaşı, Kosta Rika, Niderland, Cənubi Koreya və Zambiya da ev sahibliyi edəcək. Sammitin ilk günü virtual formatda keçiriləcək və ardınca hibrid formatda hər bir ev sahibi ölkədə hökumət nümayəndələrinin, vətəndaş cəmiyyəti təmsilçilərinin və özəl sektorun iştirakı ilə müxtəlif toplantılar təşkil olunacaq.
Bayden administrasiyasının sammitə dəvət etdiyi dünya liderlərinin sayı isə bu il 120-yə çatdırılıb. Onlar arasında 2021-ci ilin dekabrında keçirilən birinci sammitə dəvət edilməmiş səkkiz ölkə - Bosniya və Hersoqovina, Qambiya, Honduras, Kot-Divuar, Lixtenşteyn, Mavritaniya, Mozambik və Tanzaniya da var. Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edən Qərb bu dəfə də öz məqsədli siyasətini həyata keçirməkdə davam edir. Belə ki, Demokratiya Sammitinə demokratiyadan bixəbər ölkə olan Ermənistan dəvət edildiyi halda Azərbaycan, Türkiyə, Macarıstan, Çin kimi dövlətlər ABŞ-ın siyahısından kənar qalıblar. Gürcüstanın isə məqsədli şəkildə yalnız prezidenti demokratiya tədbirinə dəvət alıb. Bütün bu məqamlar ABŞ-ın Cənubi Qafqazda parçalama siyasəti yürütdüyü haqqında iddiaları gücləndirib.
ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəsinə güclü dəstək verən, onun Yaxın Şərqdə və Əfqanıstandakı əməliyyatlarında sülhməramlı missiya ilə iştirak edən, hazırkı enerji böhranı şəraitində Qərbin etibarlı tərəfdaş adlandırdığı Azərbaycanın da bu sammitə dəvət edilməməsi ölkənin müstəqil xarici siyasət yürütdüyünü göstərən daha bir nümunədir. Azərbaycan hakimiyyəti müstəqillik illərində ölkənin yerləşdiyi əlverişli geostrateji mövqeyindən məharətlə istifadə edərək qlobal və regional qarşıdurmalardan, toqquşmalardan, gərginliklərdən kənarda qalmağı bacarıb və hər hansısa qruplaşmaya daxil olmadan öz müstəqil siyasətini tətbiq edib. Azərbaycanın hazırda regionun ən güclü dövlətlərindən birinə çevrilməsində bu cür qoşulmama mövqeyinin danılmaz rolu olub.
2021-ci ilin 9-10 dekabrında birinci Demokratiya Sammitinə dəvət alan ölkələrin siyahısından da belə anlaşıldı ki, Vaşinqton əsasən sammitdə müstəqil siyasət yürüdən dövlətləri görmək istəmir. Ermənistan kimi ciddi insan haqları pozuntularına yol verən, demokratiya anlayışından çox uzaq ölkələrin də sammitə dəvət edilməsi ABŞ-ın bu tədbiri keçirməkdəki məqsədini daha da anlaşılmaz etdi.
Məlumatlara görə, təşkilatçılar arasında Azərbaycanda “inqilab” arzusunda olan NED də var. Vaxtilə NED Azərbaycanda rəngli inqilablar arzusunda olduğunu bildirirdi. Azərbaycanda müxalifətini ciddi surətdə maliyyələşdirirdi, ona təkan verirdi.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, sammitə dəvət edilənlərin hansı kriteriyalarla seçildiyi sual doğurur: “Kriteriyaları kimlərin müəyyənləşdirdiyi də maraqlıdır. Bayden administrasiyasının təşəbbüsü ilə keçiriləcək sammit bundan öncə keçirilən sammitdən heç nə ilə fərqlənməyəcək. Dünya demokratiyası üçün bu toplantı hər hansı bir töhfə verməyəcək. 2021-ci ildə də yığışdılar, danışdılar və nəticəsiz bir toplantı kimi yadda qaldı. Budəfəki sammitin fərqi odur ki, ev sahibliyi edənlərin sayı artıb. Əgər bu sammitə Zambiya, Kot-Divuar kimi ölkələr də ev sahibliyi edəcəksə, artıq hər şey aydındır. Bu ev sahibliyi eləyən dövlətlərin özlərində demokratiyanın, insan haqlarının hansı vəziyyətdə olduğu bəllidir. Sammitə dəvətlər məsələsində ABŞ-ın Türkiyəyə, Çinə münasibəti sanki əsas kriteriya kimi götürülüb. Azərbaycan isə Türkiyə ilə müttəfiq, qardaş dövlət olduğu, Macarıstan da Türkiyə ilə yaxın olduğundan dəvətlilər siyahısına daxil edilməyib. ABŞ Zambiyada demokratiyanın Türkiyədəki demokratiyanı üstələdiyini düşünürsə, burada qərəzin səviyyəsi ortadadır. Məgər Macarıstanda demokratiya hansısa Afrika dövlətlərindən aşağı səviyyədədir? NED kimi təşkilatların sammitin təşkilatçılarından olması da dəvətlərdə qərəzin ön planda olduğuna şübhə yeri qoymur. NED-in Azərbaycana münasibəti bəllidir. Macarıstanın Rusiyaya münasibətdə Avropa İttifaqı ilə fikir ayrılıqları var. Türkiyə Rusiya ilə isti münasibətlərdə davam edir. Bu kimi məqamlar da həmin dövlətlərin sammitə dəvətlilər siyahısından kənarda saxlanmasına səbəblərdəndir. İşğalçı dövlət olan, konstitusiyasında qonşu dövlətə qarşı ərazi iddiası əksini tapan, insan haqlarını heçə sayan Ermənistanı sammitə dəvət etmələri faktı da bu toplantının əslində demokratiyaya xidmət etmədiyinin göstəricisidir. Bu sammit mənasız toplantıdır və orada qəbul ediləcək hər hansı bir bəyanatın və ya sənədin heç bir hüquqi təsiri olmayacağı aydındır. Azərbaycanın belə bir mənasız tədbirdə iştirak etməməsi daha yaxşıdır”.
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə bildirdi ki, sammit adı altında “ikinci demokratiya şousu” başlayır. Bu sammit Bayden administrasiyasının maraqlarına cavab verən, ABŞ-ın istəklərinin həyata keçməsinə dəstək olan dövlətlərin və təşkilatların yığıncağıdır. Yəni bu, əslində real demokratiya deyil, bir sıra dövlətləri “amerikasayağı demokratiya” çətiri altında birləşdirmək istəyidir: “Kimlər ki, Amerikanın diktəsi ilə hərəkət etmir, öz maraqlarını kənara qoyub ABŞ-ın maraqlarını önə çəkmir, onları sammitə dəvət etmirlər. ABŞ dünyanı idarə etmək üçün həmişə müxtəlif mexanizmlər tətbiq edir. İki ildir siyasi gündəmə gətirilən Demokratiya sammiti də bu siyasətin davamıdır. Demokratiya və insan hüquqları ABŞ üçün ölkələri təsir altına salmaq üçün silahdır. Məqsəd heç də demokratiya və insan haqlarını qorumaq, inkişaf etdirmək deyil. Məqsəd dövlətləri təsiri altında saxlamaqdır. Demokratiya sammitinə dəvətlər ayrı-seçkiliyi də ortaya qoyur. Azərbaycan, Türkiyə və digər bir sıra dəvət edilməyən dövlətlər Amerikanın müxtəlif regionlarda həyata keçirdiyi oyunlarda alət olmaqdan imtina edən, müstəqil siyasət yürütməyə çalışan dövlətlərdir. Müstəqil siyasət yürüdən dövlətlər isə Amerika tərəfindən ayrı-seçkiliyə məruz qalırlar. Vaşinqton açıq-aşkar nümayiş etdirir ki, müstəqil siyasət yürüdən dövlətlərin onun təşkil etdiyi sammitdə yeri olmamalıdır. Bu sammitə Afrikanın demokratiyadan xəbərsiz dövlətlərinin, Ermənistanın dəvət edilməsi də təsdiq edir ki, məsələnin mahiyyətində demokratiya dayanmır. NED adlı təşkilatın sammitdə xüsusi iştirakı da o sammitin mahiyyətindən xəbər verir. NED müxtəlif dövlətlərdə qarışıqlıqlar yaratmaq, demokratiya adı altında sabitliyi pozmağa xidmət edən bir təşkilatdır. Belə bir təşkilatın da olduğu sammitdə iştirak etməməyimiz daha məqsədəuyğundur, nəinki dəvət edilib iştirak etməyimiz. Demokratiya sammiti "parçala, hökm sür" siyasətinə xidmət edən prosesdir".
Tarix: 28-03-2023, 10:29