Məlahət İbrahimqızı: “Avropa Parlamentinin prezidenti aldığı bahalı hədiyyələrin heç birini deklorasiya etməyib”


“Fransa kimi ikiüzlü, riyakar, ikili standartlar tətbiq edən ölkələr heç vaxt demokratik dövlət, cəmiyyət ola bilməzlər. Demokratik cəmiyyəti dövlətin apardığı siyasət formalaşdırır, gözəgörünməz qüvvələr yaratmır ki. Fransa tarix boyu mövcudluğu dövründə həmişə imkansız xalqlara qarşı soyqırımı, qətliam törədib. “Parçala, hökm sür” prinsipi Fransanın ideologiyasında var. Fransada heç vaxt demokratiya ola bilməz. Bu gün də Fransada bütün ölkə üzrə dağıdıcı formada total etiraz aksiyaları keçirilir. Allah eləməsin, bunun yüzündən biri Azərbaycanda, ya Türkiyədə baş versəydi, bütün dünyanın media maqnatları, BBC, CNN, “Vaşinqton Post”, Fransanın televiziya kanalları canlı bağlantı edirdi ki, baxın, bu ölkələrdə demokratiya boğuldu. Bəli, baxın görün, dünya səviyyəsində bir məşhur media təmsilçisi Fransada əhalinin həyata keçirdiyi mitinqlərlə bağlı məlumat verir?!”
 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
 
Deputat bildirib ki, vaxtilə Fransanın müstəmləkəsi olmuş dövlətlər artıq onu rədd edir.
 
“Korsikada, Malidə baş verənləri bilirsiniz. Hətta Prezident Makrona bu ölkələrə səfərləri zamanı təyyarədən düşən kimi etiraz edib, səfər proqramını həyata keçirməyə imkan verməyiblər. Allah heç bir zülmü cavabsız qoymur. Fransanın Afrikada törətdiyi cinayətlər də cavabsız qala bilməz. Necə deyərlər, qisas qiyamətə qalmaz. Vaxtilə Fransada yaşayan əlcəzairlilər etiraz aksiyası keçirəndə minlərlə əlcəzairliyə qarşı qətliam törədilmişdi. Hətta etiraçıları Sena çayına töküb öldürmüşdülər. Bu gün də sujetlərdən görürük ki, Fransanın müvafiq qurumları qəddarcasına etirazçılara divan tuturlar. Təbii ki, belə də olmalı idi. Vaxtilə Fransanın etdiyi indi öz qarşısına çıxır. Sosial şəbəkələrdən, başqa mənbələrdən aldığım məlumata görə, Fransada yüzlərlə etirazçı artıq həbs olunub. Görürsünüz, hüquq-mühafizə orqanları etirazçılara qarşı zorakılıq tətbiq edirlər. Bu, Fransanın tarix boyu işğalçı, müstəmləkə ölkə olduğunu göstərir. Fransa vaxtilə müstəmləkəsində olan ölkələrin ümumdaxili məhsulunun müəyyən faizini bu günə qədər öz büdcəsinə keçirir. Sümürgəçi bir ölkədir, ona görə də Fransa kimi ölkələrlə bağlı “demokratiya” sözünü işlətmək, düşünürəm, düzgün deyil, tamamilə məntiqsiz, ədalətsizdir”.
 
M.İbrahimqızı deyib ki, Fransa erməni faşizmini dəstəkləyən ölkədir: “İki yüz il ərzində erməni vandalları havadarları vasitəsilə Azərbaycan xalqına qarşı deportasiya, soyqırımı, etnik təmizləmə həyata keçiriblər. Amma sonda Azərbaycan xalqı sözünü dedi, torpaqlarını işğaldan azad etdi. İndi də möhtərəm Prezidentimiz tarixin müxtəlif dövrlərində baş vermiş ədalətsizliklərə son qoyulması ilə bağlı bütün imkanları səfərbər etməyi deyir.  Xüsusilə Makron Ermənistan liderləri ilə “bacılaşmış” siyasi liderdir. Bu gün Ermənistanın təcavüzkarlığını görməyən yoxdur. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində bu, dünyaya bəlli oldu. Azərbaycan haqq işində zəfər qazandı, müzəffər xalqa, liderə, orduya çevrildi. Fransa kimi  ölkələr özlərindən zəif olan dövlətlərə qarşı hər zaman təzyiq metoduna keçirlər. Azərbaycana da qarşı çox ədalətsiz qərarlar qəbul edirlər. Vətən müharibəsindən bu günə qədər yenə də ədalətsiz mövqedə dururlar. Amma bunun heç bir təsiri yoxdur. Makron kimi yüzlərlə adam olsa, möhtərəm Prezidentimizin siyasi iradəsini zəiflədə, onun yenilməz, qətiyyətli mövqeyini dəyişdirə bilməz. Cənab Prezidentimiz hər fürsətdə cavablarını verir. Bu gün Azərbaycan ictimaiyyəti də bilməlidir ki, Fransa kimi ölkələr yalnız demokratiya oyunundan, “instrument”indən istifadə edərək, inkişafda olan, müstəqilliyini yeni qazanmış, dövlətçiliyini yeni əldə etmiş ölkələrə qarşı yalnız təzyiq metodu istifadə edə bilər. Təəssüf ki, bu, təkcə Fransaya aid deyil. Dünyanın bir sıra ölkələrində, xüsusilə Qərbdəki beynəlxalq təşkilatlar eyni mahiyyətdədir. Baxın, BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnaməsini 30 ilə yaxın icra etmədi. Amma özlərinə lazım olanda iki-üç dəqiqənin içində icra edirlər. Eynilə Avropa Parlamenti də. Qurumun prezidenti indiyə qədər aldığı bahalı hədiyyələrin heç birini deklorasiya etməyib. Hansı ki özlərinin qanunları var, bir ay müddətində parlamentin rəhbəri aldığı hədiyyələri deklorasiya etməlidir. Avropa Parlamentinin 700-dən çox üzvü də həmçinin. Bilirsiniz ki, parlamentin Yunanıstandan olan siyasətçisinə də milyonlarla rüşvət aldığına görə iş açıldı. Azərbaycanın ekofəalları öz qanuni torpağımızda – beynəlxalq səviyyədə tanınmış ərazimizdə təbii sərvətlərimizin 30 il ərzində dağıdılıb talan edilməsinin dayandırılması ilə bağlı etiraz aksiyası keçirirlər. Ekoloji problem qlobal problemdir. Amma aksiya nəticəsində Avropa Parlamenti Azərbaycanla bağlı yalançı, əsassız faktlara dayanaraq qətnamələr qəbul edir. Təbii ki, bu, Azərbaycanı qorxuda bilməz. Möhtərəm Prezidentimiz bu gün dünyaca tanınmış siyasətçidir. Avropanın enerji təminatı sahəsində çox böyük işlər görüb. Bunların ikiüzlülülyünün, riyakarlığının dərəcəsinə baxın. Əvvəl qəbul etdikləri sənədlər kimi bu qətnamələr də zibilxanaya, arxivin çöpxanasına gedəcək. Bilirsiniz ki, Avropa ölkələrinin əksəriyyəti öz tarixi keçmişləri başdan-ayağa qaranlıq, çirkli, cinayət doludur. Bu gün də sümürgəçiliyə davam edirlər. Amma təbiətin qanunu var, heç vaxt ola bilməz ki, bu əməllər cavabsız qalsın”.
Tarix: 28-03-2023, 11:18
Xəbəri paylaş





Xəbər lenti