“Siyasətçi 30 il xalqa müraciət edirsə, minnət qoyursa, məsuliyyət yükləyirsə, bilin ki, dələduzdur”
“İctimai fəalları trollamağın bir yolu da xalqın elliklə qərar verib, meydanlara axışacağı günə onlarda ümid yaratmaqdır. Başqa ölkələrdəki izdihamlı mitinqləri nümunə göstərmək, məsuliyyəti xalqa yükləmək və beləcə, sistemlə gizli anlaşmanı pərdələmək, ölkəmizdə uzun illərdir işlək vasitədir. Xalqın siyasi şüuru var ki, qərar versin? Qərarı sistem və elita verir. Demokratik ölkələrdə də bu, belədir. Tək fərq budur ki, demokratik ölkələrdə elita və sistem xalqdan mənbə kimi qidalanır və yenilənir. Xalqın potensialı yüksək olanda elitası güclü olur və rəqabətli sistemin varlığı şərt halına gəlir”. Pravda.az-ın xəbərinə görə, bunu siyasi fəal Sahib Kərimli bildirib.
“Xalq ona təqdim olunan namizədlər içərisindən seçim etmə haqqına sahibdir. Xalqın namizəd çıxarma imkanı yoxdur. Ümumiyyətlə, siyasətdə belə mexanizm yoxdur. Namizəd siyasi sistemin və ya elitanın içərisindən formalaşır. Siyasətçi 30 il elitaya və siyasi sistemə yox, xalqa, özü də potensialı yüksək olmayan xalqa müraciət edirsə, minnət qoyursa, məsuliyyət yükləyirsə, bilin ki, dələduzdur. Dünyanın hər yerində xalq vasitədir, onu lazım gələndə meydana çıxarırlar, seçkilərə aparırlar. Xalq üçün rifah cəmiyyəti qurmaq, onu inkişaf etdirmək, sistemin və elitanın vicdanına qalan məsələdir”, - S.Kərimli qeyd edib.
Tarix: 28-03-2023, 17:37