Azərbaycanda Türkiyə hərbi bazası, Şuşada konsulluq - zamanı çatmadımı...


 
İranın ölkəmizə qarşı hədələri səngimir. Belə fikir var ki, nə qədər Ərdoğan hakimiyyətdədir, Azərbaycanda Türkiyə hərbi bazası məsələsini tezləşdirmək yaxşı olar. Çünki İran öz qarşısında Azərbaycan-Türkiyə hərbi ittifaqının real gücünü görməyincə, təxribatlardan əl çəkməyəcək. Bu, eyni zamanda Rusiyanı Azərbaycana qarşı təxribatlardan çəkindirə bilər. Həmçinin Şuşada Türkiyə konsulluğunun açılması gizli-açıq düşmənlərimizə əlavə çəkindirici mesaj olardı.
Qeyd edək ki, ölkəmizdə Türkiyə hərbi (və ya hərbi hava) bazasının qurulmasını Şuşa Bəyannaməsi istisna eləmir. Belə bir baza başqa İranla həmsərhəd bölgədə də yaradıla bilər. Hətta ikincisi də mümkündür - Naxçıvanda. Əsas odur, bu, “qaynar başlar” üçün yüzdə-yüz “soyuq duş” effekti, sedativ effekt yaradacaq.
Xatırladaq ki, NATO üzvü Türkiyənin Alyans üzvü olmayan Liviyada, Somalidə, Qətərdə hərbi bazaları mövcuddur. Düzdür, Qoşulmama Hərəkatına üzvlüyümüz, Hərbi Doktrinamız hüquqi baxımdan bunu mümkünsüz edir. Ancaq hər şey öz əlimizdə. Qanunlarımız, doktrinamız, lap elə konstitusiyamız milli maraqlarımızın üstündə ola bilməz. Lazım gələrsə, dəyişdiriləcək.

Əhəd Məmmədli: “Türkiyə-Azərbaycan alyansına qarşı olan ölkələr hesab edirlər ki...”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Ərdoğanın qələbəsinin Azərbaycan üçün vacib məsələ olduğunu qeyd etdi: “Bütün düşmənlərimiz və bizə qarşı olanların Azərbaycana qarşı ritorikalarının artmasının yeganə səbəbi qardaş Türkiyədə dağıdıcı zəlzələ və keçiriləcək seçkilərdir. Düşmənlərimiz hesab edirlər ki, Türkiyənin başı zəlzələnin və seçkilərin nəticələrini həll etməyə qarışıb. Ona görə də Azərbaycanın üstünə gəlirlər. Üstəlik, Türkiyə-Azərbaycan alyansına qarşı olan ölkələr hesab edirlər ki, seçkilərdə Ərdoğan uduzacaq və bundan sonra Ankara əvvəlki kimi Bakının yanında olmayacaq. Bundan istifadə edib onlar Azərbaycanın üstünə gələcək və istədiklərini edəcəklər. Yaxın gələcəyə planları budur. Hətta ermənilər ümid edirlər ki, Ərdoğan seçkilərdə uduzacağı təqdirdə onlar Qarabağda verdikləri torpaqları yenidən ala biləcəklər. Lakin Azərbaycan keçmiş Dağlıq Qarabağda keçirdiyi mini hərbi əməliyyat nəticəsində bir daha göstərdi ki, düşməni tam yerinə oturtmaqda israrlıdır. Nəzarətə götürdüyümüz yüksəkliklə düşmənə və onun havadarlarına mesaj verdik ki, Azərbaycan ayaqdadır, qardaşı Türkiyə də yanındadır. Ölkəmiz və regionumuz ətrafında cərəyan edən hadisələr bir daha onu göstərir ki, qardaş ölkədə may ayında keçiriləcək seçkilərdə Ərdoğan və Cümhur İttifaqın qalib gəlməsi hamımız üçün hava-su, həyat məsələsidir. Bu, həm Türkiyə, həm Azərbaycan, həm də Türk-İslam dünyası üçün belədir. O ki qaldı Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsinə, biz bunu illərdir ki, söyləyirik. Şuşada konsulluğun açılması da artıq vacib məsələdir və gecikmədən biz bütün bunları il ərzində həyata keçirməliyik. Türkiyədəki seçkilərə qədər Şuşada konsulluq açılmalı və Naxçıvanda İranla sərhəddə Türkiyə hərbi bazası qurulmalıdır. Bu, təcili surətdə ləngimədən edilən ilk addım olmalıdır. İlin sonuna qədər isə Qarabağ, Abşeron və Rusiya ilə sərhəddə də rəsmi şəkildə Türkiyənin hərbi mövcudluğu qurulmalıdır. Azərbaycanın təhlükəsizliyi böyük və güclü Türkiyədən keçir. Son yüz ildə başımıza gələnlərə bir daha baxsaq görərik ki, bu belədir, belə olaraq da qalacaq”.

Züriyə Qarayeva: “Biz hər an Araz çayını keçmə gücünə sahibik”
Beynəlxalq münasibətlər üzrə şərhçi Züriyə Qarayeva İranın bu təlimlərdən dərs çıxardığını düşünür: “İran təxribat ritorikasını davam etdirməklə Ermənistan-Azərbaycan şərti təmas xəttində potensial olaraq baş verə biləcək qarşıdurmada hayların yanında olacağını göstərməyə çalışır. İkinci məqsəd isə Qərbdə fars rejimi əleyhinə formalaşmış ittifaqı öz lehinə parçalamaqla bağlıdır. İran Qərb güclərinə göstərmək istəyir ki, Ermənistanın bölgədə varlığı İrana bağlıdır, maraq uzlaşdırmasına ehtiyac var. O ki qaldı Türkiyə-Azərbaycan İttifaqının İrana nümayiş olunmasına, fikrimcə, buna heç bir ehtiyac yoxdur. İran elə bu ittifaqdan xoflandığı üçün gövdə göstərişinə keçib. İki qardaş ölkənin şahinləri dəfələrlə səmada nümayişlər edib, sərhəd xəttinə yaxın hərbi təlimlər keçib, qarşı tərəfə tutarlı mesaj ötürüb ki, biz hər an Araz çayını keçmə gücünə sahibik. Molla rejimi bu təlimlərdən dərs çıxarmamış deyil”.

Elxan Şahinoğlu: “İran qarşısında Azərbaycan-Türkiyə hərbi ittifaqının real gücünü görməyincə...”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bununla bağlı maraqlı bir status paylaşıb: “Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin iyun ayında Azərbaycana səfərdən geri qayıdarkən təyyarədə türkiyəli jurnalistlərdən birinin "Azərbaycan ictimaiyyətində Türkiyənin hərbi baza məsələsinə ciddi tələb var. Şuşa Bəyannaməsində hərbi baza məsələsi varmı" sualına belə cavab vermişdi: “Bu məsələ bəyannamədən kənarda deyil. Burada daha sonra addımlar ata bilərik”. Yəni Ərdoğan bu cavabı ilə Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasını istisna etməmişdi.
Türkiyədə mayın 14-də prezident seçkisi keçiriləcək. Bu seçkilərin nəticəsi bəlli deyil. Ona görə nə qədər ki, Ərdoğan hakimiyyətdədir, hərbi baza məsələsini reallaşdırmaq faydalı olar. İran qarşısında Azərbaycan-Türkiyə hərbi ittifaqının real gücünü görməyincə təxribatlardan əl çəkməyəcək. Türkiyənin Azərbaycanda hərbi bazası Rusiyanı da Azərbaycana qarşı təxribatlardan çəkindirəcək amillərdən birinə çevrilə bilər"./“Yeni Müsavat” /
Tarix: 29-03-2023, 10:43
Xəbəri paylaş





Xəbər lenti