İcra başçısı vəzifəsi ləğv ediləcək? - AÇIQLAMA


Azərbaycan Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib ki, azad edilmiş ərazilərdəki yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. 
Yeni idarəetmə modelinin bütün ölkədə tətbiq edilməsi nələri dəyişəcək? İcra başçısı ilə səlahiyyətli nümayəndə paralel şəkildə fəaliyyət göstərməsi uğurlu ola bilərmi, yoxsa şəhər (rayon) icra hakimiyyətləri ləğv olunmalıdırmı?
"Nəzərə almaq lazımdır ki, prezidentin nümayəndəsinin təyin olunması təcrübəsi ilk olaraq işğaldan azad olunmuş ərazilərimizə tətbiq olunmağa başlandı və təbii ki, bununla yanaşı prezidentin nümayəndəsinin təyin olunduğu regionların İcra Hakimiyyəti başçıları da fəaliyyət göstərməkdədirlər. Bu həm hansı idarəetmə sisteminin daha keyfiyyətli, uğurlu olacağını müəyyənləşdirmək imkanı verə bilər".
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib. 
O qeyd edib ki, prezidentin nümayəndəliyi institutu təbii ki, Azərbaycanda yeni bir təcrübədir və bu təcrübə uğurlu olacağı təqdirdə digər rayonlara münasibətdə də analoji addımların atılması ehtimalları haqqında düşünmək mümkündür: "Yerlərdə İcra Hakimiyyəti orqanları təbii ki, uzun müddət Azərbaycanda regional idarəetməni gerçəkləşdiribdir. Ancaq zaman dəyişir, yeni dövrün yeni tələbləri yeni addımların atılmasını şərtləndirir. Düşünürəm ki, gələcəkdə daha səmərəli idarəetmə sisteminin tətbiq olunması istiqamətində addımlar atılacaqdır.
Bütün bunlar Azərbaycan Konstitusiyasında təsbit olunub. Konstitusiyaya görə rayonlarda idarəetmə prezident tərəfindən təyin edilmiş İcra Hakimiyyəti başçıları tərəfindən həyata keçirilir. İndi hesab edirəm ki, prezidentin nümayəndəliyi institutu özünü doğruldacaqsa, onun qanunvericilik bazasının əsasının formalaşdırılması istiqamətində də addımların atılması mümkündür.
Ayrıca olaraq qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasına da prezidentin nümayəndəsi təyin edildi. Bu baxımdan da bir daha vurğulamaq istəyirəm ki, ümumiyyətlə nəticələri müqayisə etmək imkanları mövcuddur".
Deputat hesab edir ki, strukturların paralelliyi müvəqqəti xarakter daşıya bilər: "Məsələnin digər tərəfi də ondan ibarətdir ki, xüsusilə işğaldan azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən həyata keçirilən dinamik quruculuq, bərpa işləri sırf bu istiqamətdə fəaliyyət göstərən şəxslərin olmasını zəruri edir. Bu baxımdan da ola bilsin ki, ölkə prezidenti tərəfindən məhz bu nəzərə alınaraq nümayəndələrin təyinatı həyata keçirilməkdədir. Bunu bir daha təsdiqləyən məqam ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası istisna olunmaqla prezidentin xüsusi nümayəndələri yalnız işğaldan azad olunmuş rayonlara təyin edilməkdədir". 
Tarix: 29-03-2023, 17:17
Xəbəri paylaş





Xəbər lenti