Milli Məclis buraxılır? - Referendum keçiriləcəyi iddia olunur
Milli Məclisə boş qalmış yerlərə seçkilərin keçirilməməsi proporsional seçki sisteminin bərpasına hazırlıqla bağlıdır. Siam.az xəbər verir ki, payızda Milli Məclisin buraxılacağı, referendum keçiriləcəyi və proporsional seçki sisteminin bərpa ediləcəyi bildirilir. Referendumdan sonra isə Milli Məclisə seçkilərə təyin ediləcək.
Milli Məclisə növbədənkənar seçkilərin üstündən 3 ildən artıq vaxt keçib. Seçkilərdən sonra 4 dairənin - 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə) nəticələri ləğv edilib.
Həmçinin Milli Məclisə seçkilərdən təxminən 6 ay sonra, 2020-ci ilin avqustunda 116 saylı Qəbələ seçki dairəsindən deputat seçilən Fəttah Heydəırov dünyasını dəyişib. Bununla da, parlamentdə boş qalan yerlərin sayı 5-ə çatıb.
2021-ci ilin avqustunda isə 55 saylı Xaçmaz seçki dairəsindən deputat seçilən Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə həbs olunub. 2021-ci ilin dekbarında Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onu təqsirli bilərək barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
2022-ci ilin martında deputat Şahin Seyidzadə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb. Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.
Şahin Seyidzadə də mandatından imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) göndərib. MSK onun mandatdan məhrum edilməsi barədə qərar çıxarıb.
Beləliklə, hazırda Milli Məclisin 118 deputatı var, yəni 7 yer boşdur.
Qüvvədə olan qanunvericiliyə görə, hər hansı səbəbdən deputat yeri boşalıbsa, yəni hansısa deputat istefa veribsə, yaxud başqa səbəbdən mandatı ləğv olunubsa, bu halda 6 ay müddətinə həmin yerə seçkilər keçirilməlidir. (qaynarinfo)
Tarix: 30-03-2023, 23:16