"Wall Street Journal" Rusiya səfirini və bütün rusiyalı jurnalistləri ABŞ-dan qovmağı tələb etdi


 "Kremlin amerikalıları girov götürmək vərdişi Rusiyanın sivil millətlər birliyindən ayrı düşdüyünün daha bir sübutudur..."

"FTX "soyuq müharibə" dönəmi DTK-nın varisidir və Putin orada sərt metodları yaxşı mənimsəyib..."
 
 
"Wall Street Journal" nəşri redaksiya məqaləsində bəyan edib ki, ABŞ "Moskvanın amerikalıları girov götürmək və sonradan onları mübadilə etmək cəhdinə" kifayət qədər sərt reaksiya vermir.
 
Məqalə Rusiyada FTX tərəfindən nəşrin "casusluqda" ittiham edilən jurnalisti Evan Qerşkoviçin həbsindən sonra işıq üzü görüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "qazeta.ru" nəşri məlumat yayıb.
 
"Kremlin amerikalıları girov götürmək vərdişi bir daha sübut edir ki, Rusiya sivil millətlər birliyindən ayrı düşüb. Prezident Vladimir Putin indi Qerşkoviçin sağlamlığı və təhlükəsizliyinə görə məsuliyyət daşıyır, Bayden administrasiyası isə onun azad edilməsinə nail olmağa borcludur", - WSJ-nin bəyanatında deyilir.
 
Redaksiya həmçinin Co Bayden administrasiyasını Rusiya ilə "diplomatik və siyasi eskalasiyasının" mümkünlüyünü nəzərdən keçirməyə çağırış edib. 
 
Jurnalın fikrincə, Rusiya səfirinin, habelə Birləşmiş Ştatlarda işləyən bütün rusiyalı jurnalistlərin ABŞ-dan qovulması "gözləyə biləcəyimiz minimum olacaq".
 
"FTX  "soyuq müharibə" dönəmi DTK-nın varisidir, Putin orada sərt metodları yaxşı mənimsəyib", - məqalədə deyilir.
 
"Qerşkoviçin həbsi onun Rusiya iqtisadiyyatının çöküşünü sənədləşdirən və geniş marağa səbəb olan ifşaedici məqaləsinin işıq üzü gördükdən bir neçə gün sonra baş verib. 
 
Kreml həqiqətin üzə çıxmasını istəmir. Bu həbs həmçinin ötən həftə ABŞ Ədliyyə Nazirliyinin Rusiya vətəndaşı Sergey Çerkasova dələduzluqla bağlı cinayətlərdə və xarici ölkənin agenti olduğunda ittihamlar irəli sürülməsinə cavab da ola bilər.
 
Cənab Putin tez-tez girov götürür ki, sonradan onları ABŞ-da cinayətlər törətmiş rusiyalılarla mübadilə etsin", - məqalədə deyilir.
 
"ABŞ hökumətinin ilk vəzifəsi öz vətəndaşlarını qorumaqdır, hazırda bir çox hökumətlər hesab edir ki, onlar amerikalıları cəzasız olaraq həbs edib həbsxanaya sala bilər", - məqalədə deyilir.
 
Xatırladaq ki, Qerşkoviçin saxlanılması barədə dünən səhər bəlli olub. FTX jurnalisti  "Rusiya hərbi-sənaye kompleksi müəssisələrinin birinin fəaliyyəti barədə" ABŞ-ın xeyrinə dövlət sirrini təşkil edən məlumatların toplanılmasında şübhəli bilib.
 
Moskvanın Lefortovo rayon məhkəməsi Qerşkoviçi mayın 29-dək istintaq təcridxanasına göndərib. İş "tamamilə məxfi" qrifi ilə nişanlanıb, Qerşkoviç günahını etiraf etmır.
 
Bir çox ekspert və siyasətçilər hesab edir ki, Rusiya Qerşkoviçi girov götürüb. ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü, demokrat Cared Moskovits Qerşkoviçin həbsini "oğurluq" adlandırıb.
 
ABŞ Dövlət Departamenti və Ağ ev administrasiyası amerikalıları təcili olaraq Rusiyanı tərk etməyə çağırış edib.
Tarix: 1-04-2023, 10:45
Xəbəri paylaş





Xəbər lenti