Deputat: “İnam Kərimov bütün hakimlərin başçısı necə ola bilər?!”

"Ramiz Rzayev Ali Məhkəmənin sədri olan zaman müəyyən narazılıqlar var idi. Bildirirdilər ki, prokurorluq sistemindən gəlib... Məhkəmə hakimliyi elədir ki, cinayət və inzibati işlərlə yanaşı, gərək mülki işləri də biləsən. Ali Məhkəmənin hakimi vəzifəsinə İnam Kərimovun (Kənd təsərrüfatı nazirini nəzərdə tutur-red) adının hallanması qəribədir".
 
Siam.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ali Məhkəmənin sabiq sədri Tahir Kərimli bildirib.
 
T.Kərimli qeyd edib ki, Ali Məhkəmənin hakimi olmaq üçün 5 il hakim işləmək tələb edilir: "Doğrudur, qanunvericilikdə xüsusi hallar müəyyən edilib, ümumi normadan kənar təqdimatlar ola bilər. Çingiz Əsgərov Prezident Administrasiyasında çalışırdı, onun da istisna qaydada Ali Məhkəmənin hakimi vəzifəsinə təyinatı üçün təqdimat verilib, Milli Məclis də razılıq verib, artıq xeyli vaxtdır, orada çalışır. Onun da, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin də adı hallanır. Əli Hüseynli peşəkar hüquqşünasdır. İnam Kərimov da hüquqşünasdır, amma bu sahə üzrə işləməyib, hökm, qərar, qətnamə çıxarmayıb. İnam Kərimov bütün hakimlərin başçısı necə ola bilər?! Bunu narahatlıqla qarşılayıram, düzgün hesab etmirəm. Subyektiv iradlarım da var. İki ildən artıqdır ki, ağır xəstə övladı olan bir nəfəri 400 manat aşağı maaşı olan vəzifəyə keçirib. Özüm də, başqaları da ona dedi ki, doğru deyil, əvvəlki vəzifəsinə bərpa edin, amma etmədi. Milli Məclisin komitə üzvünə belə münasibət bəsləyirsə, ona necə müsbət səs verə bilərəm?!. Fikirlərimi Komitə və plenar iclaslarda səsləndirəcəyəm. Hər hansı təqdimatın gəlməsindən məlumatsızam. Bütün hallarda Prezident İlham Əliyevin imzası gələn təqdimatlara hörmətlə yanaşırıq".
Tarix: 2-04-2023, 15:01
Xəbəri paylaş





Xəbər lenti