Sabah deputatlar İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi ilə bağlı təqdimata baxacaqlar
Aprelin 3-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirə ediləcək.
Siam.az-ın xəbərinə görə, artıq komitə üzvləri məlumatlandırılıb. Deputatlar Kərimov İnam İmdad oğlunun Ali Məhkəmənin hakimi təyin edilməsi ilə bağlı təqdimata baxacaqlar.
Müzakirələrdən sonra layihə plenar iclasa tövsiyə ediləcəksə, məsələyə aprelin 4-də baxılacaq. İnam Kərimovun hakim təyin edildikdən sonra Ali Məhkəmənin sədri təyin olunacağı gözlənilir.
Qeyd: İ.Kərimov 1977-ci ildə Bakıda anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb. İngilis, fransız, rus və fars dillərini bilir. 2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004–2012-ci illərdə isə baş məsləhətçi vəzifələrində çalışıb. 2005–2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli 2426 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.
Pravda.az
Tarix: 2-04-2023, 17:28