“Ərzaq qiymətləri müharibədən sonrakı tarixdə görünməmiş sürətlə yüksəlir”İki il sürən COVID-19 pandemiyasının dünya iqtisadiyyatına vurduğu zərər ortadan qalxmamış, 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başladı.
Müharibəni dəstəkləməyən Avropa ölkələri və ABŞ-ın Rusiyaya qoyduğu sanksiyalar, Rusiyanın isə cavabı dünya bazarlarında enerji qiymətlərini qaldırdı.
Bu da Avropa Birliyi ökələri və ümumilikdə bütün dünyada kəskin inflyasiyaya səbəb oldu, ərzaq, göstərilən xidmətlərin qiymətləri, eləcə də mənzil bazarında kirayə haqlarında kəskin artımla nəticələndi.
“Bloomberg”
yazır ki, inflyasiya böhranı Avropa ölkələrini ərzaq mübarizəsinə çəkir. Baxmayaraq ki, bir sıra ölkələr əsas mallar üçün vergiləri azaldıb, yenə də yaşayış dəyəri böhranı ev təsərrüfatlarının gəlirlərini sıxışdırıb.
Sayt qeyd edir ki, güzəştlər inflyasiyanı azaltmağa başlasa da, ərzaq qiymətləri üzərində yüksələn təzyiq qalır. Bu, ev təsərrüfatları xərclərinin artmasına səbəb olub. Həftəlik supermarket xərcləri yüksəlib.
Nümunə kimi gündəlik ən çox istifadə edilən şəkərin qiymətinin ötən həftə son 10 ildə ən yüksək həddə çatdığı göstərilir.
Xəbərdə qeyd edilir ki, həftə sonu OPEC+ tərəfindən gözlənilməz neft hasilatının azaldılması neft qiymətlərinin daha da yüksəlməsinə gətirəcək. Bu da daxili enerji xərclərini və inflyasiyanı stimullaşdırmaqla təhdid edir.
“Rabobank Group”un baş iqtisadçısı Maartje Wijffelaars-a görə, avrozonanın bəzi bölgələrində ərzaq qiymətləri müharibədən sonrakı tarixdə görünməmiş sürətlə yüksəlir:
“Ötən həftə verilən məlumatlar göstərir ki, martda Avropada inflyasiya 6,9 faizədək azalıb. Fransada 6,6 faiz yavaşlayıb. Lakin ərzaq qiymətlərinin artımı təxminən 16 faizədək sürətlənib. Qida inflyasiyasının 20 faizdən yuxarı olduğu Almaniyada da vəziyyət oxşardır”.İqtisadçı bildirir ki, bu, Avropa hökumətini artım tempini aşağı salmağa, aşağı gəlirli ölkələri nəzərə alaraq həyata keçirilən siyasətləri dayandırmağa sövq edir.