Erməni politoloqun təəssüfü: “Məlum oldu ki, Qərb demokratiyası İlham Əliyevi daha çox sevir”
“İstəsək də, istəməsək də, biz artıq Rusiya və İranla eyni alyansdayıq”. Ovqat.com-un məlumatına görə,
Stanford Universitetinin Siyasi elmlər doktoru Artur Xaçikyan “168 Jam”a verdiyi açıqlamada bildirib.
“Böyük dövlətlər arasında münaqişə mərkəzinin yaranması ilə alyansların formalaşması da başlayır. İndiki mərhələdə Ermənistan açıq şəkildə Rusiya ilə eyni alyansa düşür”- Xaçikyan vurğulayıb.
Onun fikrincə, hazırda yeni ittifaqlar formalaşır və qütbləşmə olduqca fəal şəkildə özünü büruzə verir: “
Aydın şəkildə görünür ki, Moskva-Tehran İttifaqı yaranır. Rusiya və İran Alyansına Çin də qoşula bilər. İran da öz növbəsində Ermənistanın tərəfdarıdır. Yəni belə çıxır ki, istəsək də, istəməsək də, biz də özümüzü bu ittifaqda bulmuşuq”. Politoloq hesab edir ki, regionumuzda
İrana qarşı İsrail və Azərbaycan, həmçinin Türkiyə, Böyük Britaniya və ABŞ var və onlar Azərbaycana hərbi yardımın göstərilməsinin zəruriliyini birbaşa bəyan edirlər.
"Qərbyönümlü istiqamət üçün təşviqat aparan qüvvələr arqument kimi iki nəzəriyyə irəli sürürdülər, lakin bu nəzəriyyələrin hər ikisi uğursuz oldu. Birinci nəzəriyyəyə görə, Ermənistan Rusiya ilə ittifaqdan çıxsa, Qərb bizə kömək edəcək. Lakin Azərbaycan Rusiya ilə müttəfiqlik münasibətləri haqqında rəsmən müqavilə imzalayıb və bu, ABŞ-ın ona hərbi yardım göstərməsinə mane olmadı. Digər tərəfdən, demokratik sülh nəzəriyyəsi irəli sürüldü. Bu nəzəriyyəni müdafiə edənlər Qərb demokratiyalarına dəstək vermək üçün demokratik bir ölkə olmağın vacibliyindən danışdılar. Ancaq məlum oldu ki, Qərb demokratiyası Azərbaycan Prezidenti İlham Əliyevi daha çox sevir”, - Xaçikyan çıxışında bildirib.
O vurğulayıb ki, dünyada güclü qütbləşmə şəraitində regionda böyük müharibənin ciddi riskləri var və buna görə də “
sadəlövhlük və axmaqlıq erməni xalqı üçün dağıdıcı ola bilər”.
Tarix: 4-04-2023, 10:56