"Qərb bloku Ukrayna "bataqlığında" Rusiyaya qalib gələcək"
Volodimir Zelenski və Co Bayden
Bir neçə gün öncə, Türkiyə parlamentinin təsdiqi ilə bütün NATO üzvləri Finlandiyanın üzvlüyünü ratifikasiya ediblər. Böyük Britaniya, Litva və Estoniya, eləcə də NATO baş katibi Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etməsini alqışlayıb. NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Böyük Millət Məclisinin Finlandiyanın üzvlüyünün ratifikasiyasını tamamlamaq üçün səsverməsini alqışladığını bildirib.
“Mən yaxın günlərdə NATO qərargahında Finlandiya bayrağının qaldırılmasını səbirsizliklə gözləyirəm. Birlikdə biz daha güclüyük”-deyə NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib.
- Bu qərar Finlandiyada yeni bir cəbhə açılmasına səbəb olacaqmı?
- Finlandiyanın NATO-ya qəbul edilməsi, Rusiyanın Avropada "batan gəmi"yə çevrilməsi üçün yeni cəhddirmi? Yoxsa Rusiyadan qorunmaq üçün qalxan hazırlayan Avropanın yeni "ayı tələsi"dirmi?
Politoloq Məhəmməd Əsədullazadə
Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Finlandiyanın NATO-ya üzv olması, Türkiyənin bunu ratifikasiya etməsi, Rusiyanın Ukrayna işğal siyasətinin nəticəsidir.
Politoloqun fikrincə, göründüyü kimi Avropada yeni bir təhlükəsizlik arxitekturası qurulur. NATO bu istiqamətdə də öz konsepsiyasını həyata keçirir. Bu xüsusda Finlandiyanın NATO-ya qəbulu həmin strategiyanın tərkib hissəsidir.
“Təbii ki, Rusiyanın Ukraynada düşdüyü bataqlıq növbəti mərhələdə Finlandiya ilə sərhəddə hərhansı bir müharibəyə gətirib çıxarmayacaq. Çünki bu, Rusiya üçün ciddi problemə və böhrana gətirib çıxara bilər. Həm də artıq hərbi canlı qüvvəsi də ona imkan vermir ki, Finlandiya ilə yeni cəbhə açılsın. Rusiya çalışırdı ki, NATO-nu öz sərhədlərindən kənar tutsun. Amma uzun müddət neytral qalan Finlandiya son nəticədə NATO-ya daxil olur”-deyən politoloq hesab edir ki, Finlandiyanın NATO-ya daxil olması Rusiya üçün bir “soyuq duş” effetkti yaradıb. Çünki Kreml artıq nə edəcəyini də bilmir. Belə dünya nizamında Avropanın təhlükəsizlik arxitekturasını darmadağın etmək istəyən Rusiya üçün yeni bir plan ortaya qoyulub və bu plan da Avropanın təhlükəsizliyi, NATO-nu daha da, güclənməsinə gətirib çıxardı.
“Rusiyanın Finlandiyaya hərhansı bir təzyiq edəcəyi gözlənilmir. Sadəcə olaraq, Ukraynada müharibə davam edəcək. Qərb bloku Rusiyaya qalib gələcək”-deyən politoloq fikrini yekunlaşdırıb.
Tarix: 4-04-2023, 10:58