Ermənilərin Türkiyə xofu, “sürünən” müharibə və... - Bakının önünə atılan “status kötüyü”


 

40 gün sonranın əsas sualı; Ermənistanı sülh sazişinə kim məcbur edəcək - Moskva, yoxsa Vaşinqton-Brüssel tandemi?..

Qardaş Türkiyədə prezident və parlament seçkilərinə 40 gün qaldı. Qarşıdakı seçkilərin nəticələri, şübhəsiz, Güney Qafqazdakı duruma da bu və ya digər dərəcədə öz təsirini göstərəcək. O sırada Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin perspektivinə, Ankara-İrəvan, Bakı-Tehran münasibətlərinə əhəmiyyətli şəkildə aydınlıq gələ bilər.
Sirr deyil ki, Ərdoğanın (AKP-nin) getməsi və qərbyönlü müxalifətin iqtidara gəlməsinə kapitulyant ölkədə müəyyən ümidlər bəslənilir. Guya Kamal Kılıçdaroğlu prezident olarsa, ənənəvi ermənipərəst mövqedə olan Qərbin, xüsusən də ABŞ-ın diktəsi ilə Türkiyə “qərbçi” Ermənistana qarşı daha loyal olacaq, Azərbaycana münasibətdə isə əvvəlki müttəfiqliyi bir azca zəifləyəcək, “Ankara daha Bakının sözü ilə oturub-durmayacaq”.         
40 gün sonranın əsas suallarından biri də budur: Ermənistanın ümidləri nə dərəcədə çin ola bilər?

Əlbəttə, xarici siyasətdə şəxsiyyətlər mühüm rol oynayır. Ancaq qardaş ölkədə bu siyasət Türkiyə toplumunun iradəsindən kənarda mövcud və mümkün deyil, iflasa məhkumdur. Azərbaycanla Türkiyə “bir millət-iki dövlət”, artıq “ət-dırnaq” kimidir. Qardaş məmləkətin gücü-sevinci bizim gücümüz-sevincimiz, Azərbaycanın gücü-sevinci isə Türkiyənin gücü-sevincidir. Eləcə də dərd-kədərləri.
Nə yaxşı ki, bu reallığı hansısa seçkilər dəyişmək imkanında deyil. Prezident Ərdoğanın dövründə bu xətt o qədər praktik və praqmatik çalar alıb və irəli aparılıb ki, onu yeni prezident istəsə belə, dəyişə bilməz. Yalnız korrektələr ola bilər. O da iki ölkənin maraqları naminə.
Yəni nəzəri cəhətcə Ərdoğan olmasa belə, yeni iqtidar tutaq ki, Ermənistanla sərhədləri dərhal və qeyd-şərtsiz açmaq göstərişi verməyəcək. Çünki daşlaşmış yanaşma belədir ki, sərhədlərin açılması üçün öncə İrəvan Bakı ilə sülh müqaviləsi imzalamalı, Azərbaycana və Türkiyəyə ərazi iddialarının olmadığını rəsmən təsdiqləməlidir.

40 gündən sonra Ermənistan bu mövqeyə bir daha əminlik hasil edəcək. Demək, Qərbə çox bel bağlamağa dəyməz. Əksinə, Qərb (ABŞ) seçkilərdən sonra yəqin ki, İrəvana real təzyiq göstərməli, ermənilərin başına ağıl qoymalı olacaq ki, sülh sazişini tezləşdirsin. Əks təqdirdə, bu qənaət möhkəmlənməyə başlayacaq ki, Qərb (ABŞ) bölgədə yeni müharibədə maraqlıdır. Ayrı sözlə, “kollektiv Qərb”in də əsl niyyəti onda üzə çıxacaq.                 
Təbii ki, başı nə qədər Ukraynadakı müharibəyə qarışsa da, Rusiyanın da təsir imkanları qulaqardı edilə bilməz. Çünki Kremlin İrəvana təzyiq rıçaqları hələ də qalır. Bəs Ermənistanı sülh sazişinə kim məcbur edəcək - Moskva, yoxsa Vaşinqton-Brüssel tandemi?
Bəlkə Azərbaycan və Ermənistan doğrudan da vasitəçi olmadan anlaşacaqlar? Lakin bundan ötrü vacibdir ki, vasitəçiliyə iddialı dövlətlər Azərbaycanın qabağına “status kötüyü” itələyib sülh prosesini əngəlləməsinlər, İrəvanı bununla daha destruktiv mövqeyə kökləməsinlər, revanşistlərin “çörəyinin üstünə yağ” sürtməsinlər. Azərbaycanın öz ərazisində qayda- qanun yaratmasına mane olmasınlar. Bütün səyləri tərəflər arasında sülh sazişinin reallaşmasına yönəltsinlər.
*****
 
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə Azərbaycan Ordusunun öz ərazisində gördüyü işlərin heç bir əlaqəsi yoxdur. Çünki sülh müqaviləsi iki dövlət arasında imzalanacaq. Ona görə də Azərbaycanın daxili məsələlərinə Ermənistanın müdaxiləsi heç bir halda ola bilməz”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistan ərazisində olan “missiyasının” də indiki mərhələdə proseslərə müdaxilə imkanları yoxdur: “Çünki onların Ermənistanda otura-otura Azərbaycan ərazisində baş verən dəyişikliklər və ordunun yerdəyişməsi ilə bağlı nəsə bir fikir bildirməsi yersizdir. Əslində Azərbaycan Ordusu özünün hərəkət istiqamətləri üzrə işlər görür. Sözsüz ki, Laçın yolunun girişində Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin qurulması istiqamətində addımlar atılır”.
Politoloq hesab edir ki, yaxın günlərdə nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlı xəbərlər eşidilə bilər: “Son zamanlar ABŞ-ın xətti ilə tərəflər arasında sülh müstəvisində səslənən təşəbbüslər da diqqətdən yayına bilməz. Buna adekvat olaraq Rusiya tərəfi də yenidən prosesdə aktiv yer almağa çalışır. Hazırkı mərhələdə Rusiyanın Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların aparılması ilə bağlı açıqlaması onların məcburiyyətdən bildirdiyi bir mövqedir. Çünki dünənə qədər Rusiya onun iştirakı ilə danışıqların getməsini istəyirdi”.
Zərdüşt Əlizadə hesab edir ki, ikitərəfli danışıqlar üçtərəfli danışıqlardan daha əhəmiyyətlidir: “Çünki üçtərəfli danışıqlarda hansısa üçüncü tərəfin mövqeyi nəzərə alınır”.
*****
Bu, həqiqətən belədir: hər vasitəçi dövlətin və ya qurumun öz marağı olur. O səbəbə onların sayı artdıqca sülh anlaşması ehtimalı bir o qədər zəifləyir. Odur ki, ən idealı birbaşa, ikitərəfli danışıqlardır. Lakin bundan ötrü İrəvan “oyun qaydaları”nı, yəni beynəlxalq hüquq normalarını qəbul eləməlidir.
Ermənistan isə buna tələsmir. Yoxsa Azərbaycanın təklif elədiyi və sırf beynəlxalq hüquqa, həmin hüququn ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi təməl prinsiplərinə, habelə BMT Nizamnaməsinə əsaslanan 5 məlum baza prinsipi əsasında sülh anlaşmasını çoxdan imzalayardı. İmzalamır. Ona görə ki, ölkəmizə qarşı ərazi iddiasından, daxili işlərimizə qarışmaq xislətindən əl çəkə bilmir.
Bu isə 3-cü bir müharibəni tədricən qaçılmaza çevirir. Bu dəfə Ermənistan ərazisinə keçəcək bir müharibəni. Çünki sən qonşuların ərazi bütövlüyünü tanımırsansa, artıq sənin ərazi bütövlüyünün də qonşular üçün qara qəpiklik dəyəri qalmır... 
Siyasət şöbəsi
Tarix: 4-04-2023, 10:59
Xəbəri paylaş





Xəbər lenti