Lalə Şövkət ətrafında yeni birləşmiş koalisiya?


 

Yeni qanun müxalifət düşərgəsində partiyaların birləşdirilməsi məsələsini zərurətə çevirir

Azərbaycanda fəaliyyət göstərən “cırtdan” partiyaların bir-birinin ardınca özünü buraxması müzakirələrə səbəb olub. İlk baxışda bunun “Siyasi partiyalar haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı olduğu güman edilsə də, ölkənin siyasi həyatında daha ciddi proseslərin getdiyinə dair qənaət mövcuddur. Analitiklər həmişə “boylarından” böyük iddia ilə çıxış edən kiçik partiyaların qəfildən fəaliyyətini dayandırmasını təsadüfi hesab etmirlər.
“Siyasi partiyalar haqqında” Qanuna edilən dəyişikliklər bu sektorda ciddi dəyişikliklərə səbəb olacaq. Belə ki, son dəyişikliklər hər bir siyasi partiyanın ən azı 5 min üzvünün olmasını və onların imzalarının toplanmasını tələb edir. Azərbaycan reallığında isə rəsmi qaydada bu qədər tərəfdar toplamaq real görünmür. Müşahidəçilərin fikrincə, hakim Yeni Azərbaycan Partiyası və daha bir-iki siyasi partiya bu normativi yerinə yetirməyə qadirdir. Belə olan halda isə siyasi partiyaların bir-birinin ardınca sıradan çıxması qaçılmazdır. Qeyd edək ki, proses təkcə ayrı-ayrı siyasi partiyaların fəaliyyətini dayandırması ilə yekunlaşmır. Gündəmdə partiyaların yeni koalisiyasının yaranacağına dair iddialar var. Bu iddiaların tədricən öz təsdiqini tapması yeni müzakirələrə rəvac verib.
Yenisabah.az-ın xəbərinə görə, hazırda bu istiqamətdə aparılan əsas müzakirələr “Milli Birlik” Hərəkatının lideri Lalə Şövkətlə bağlıdır. Azərbaycan Liberal Partiyasının (ALP) sədrliyindən istefa verəndən sonra “kölgəyə çəkilən” xanım siyasətçinin adının yenidən siyasi müzakirələrin predmetinə çevrilməsi böyük marağa səbəb olub.
Lalə Şövkətin uzun illərdən sonra yenidən aktiv siyasətə dönməsi nə ilə bağlıdır? Saytın yazdığına görə, Lalə Şövkət yeni mərhələdə siyasi düşərgənin aparıcı fiqurlarından birinə çevriləcək. Mənbə növbəti parlament seçkilərində majoritar sistemlə yanaşı, həm də proporsional seçki sisteminin tətbiq ediləcəyini bildirib. Qeyd edib ki, siyasi partiyaların iştirakını təmin edəcək bu sistem ciddi rəqabət mühitinin yaranmasını sürətləndirəcək: “Lalə Şövkətin ətrafında 12 siyasi partiyanın birləşməsi təsadüfi deyil. Lalə xanım növbəti parlament seçkilərinə müxalifətin əsas fraksiyalarından birinin lideri kimi qatılacaq. Uzun illər "kölgədə" olması, siyasi intriqalardan uzaq qalması, imicini qoruması və intellekti sayəsində onun cəmiyyətdən ciddi dəstək alması gözlənilir. İndiki şərtlər daxilində bu, hakimiyyətin də maraqlarına cavab verir. Hakimiyyət ideoloqları hesab edir ki, Lalə Şövkət aktiv siyasətə dönəndən sonra qısa müddət ərzində əvvəlki nüfuzunu bərpa edə, reytinqini artıra bilər. İqtidarın hakimiyyətə aqressiv münasibət bəsləyən partiyalarla əməkdaşlığı mümkün görünmür. Bu baxımdan, cəmiyyətdə barışdırıcı imicə sahib olan Lalə Şövkətin yenidən aktiv siyasətə qayıtması arzulanandır. Qanunverici orqan da islahatlardan kənarda qalmayacaq. Növbəti parlament seçkiləri müxalifətin Milli Məclisdə böyük fraksiyasının yaranmasına gətirib çıxaracaq. Bu fraksiyanın lideri Lalə Şövkətin parlament rəhbərliyində təmsil olunması, hətta birinci vitse-spiker postunu tutması istisna deyil".

L.Şövkətin “danışan dili” sayılan ALP sədri Əvəz Temirxanın 12 siyasi partiyanın onların ətrafında birləşmək niyyətini açıqlaması isə müzakirələrə rəng qatıb. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan bildirib ki, qeydiyyatda olan 12 siyasi partiyanın ALP-yə birləşməsi ilə bağlı təkliflər var və hazırda bu istiqamətdə müzakirələr gedir. Amma o, həmin 12 partiyanın hansılar olduğuna aydınlıq gətirməyib. Lakin bəzi məlumatlara görə, fəaliyyətini dayandıran Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) üzvlərinin bir çoxu ALP-yə birləşmək niyyətlərini bildirib. Belə ki, vaxtilə ALDP-nin bir çox üzvləri ALP sıralarında olub.
Əvəz Temirxan birləşmə istiqamətində işlərin hələlik təhlil mərhələsində olduğunu deyib: “Problem odur ki, hələlik Ədliyyə Nazirliyi partiyalardan hansı sənədləri tələb etməli olduqlarını özü də bilmir. Bir aydan çoxdur ki, şəxsən özüm müraciət etmişəm. Oradan hansı sənədləri təqdim etməli olduğumuz barədə sualımıza "bilmirik" deyə cavab veriblər".
Partiya sədri qeyd edir ki, bir sıra partiyaların ALP-yə birləşməsi məsələsində hələlik tələsməyə dəyməz: “Birləşmənin olub-olmayacağı hələlik tam bəlli deyil. Tələsməyin. Amma bu istiqamətdə bizə müraciət edən partiyaların adlarını hələlik çəkmək niyyətində deyilik. Hələlik onların adlarını çəkməyə ehtiyac yoxdur”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə  Sosial Ədalət və Qorqud partiyalarının yaxın günlərdə Azərbaycan VHP-yə birləşəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib. Sabir Rüstəmxanlı bildirib ki, partiyaların bəziləri YAP-a, bəziləri isə başqa partiyalara birləşmək istəyir: “Normal bir proses gedir, partiyaların sayı azalacaq, nəticədə güclü partiyalar qalacaq. Bütün rayonlarda üzvləri, təşkilatları olan, seçkilərdə normal iştirak edən partiyalar fəaliyyətini davam etdirəcək. Siyasi partiyaların birləşməsi təbii prosesdir”.
Sabir Rüstəmxanlının fikrincə, indiki siyasi şəraiti doğru-düzgün qiymətləndirən, fəaliyyətini düzgün quran, tərəfdaşları, üzvləri varsa, “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə cavab verən partiyalar qalacaq.

AĞ Partiya sədrinin birinci müavini Əhəd Məmmədli bildirdi ki, AĞ Partiya hakimiyyətdə olan, administrativ resurslara sahib Yeni Azərbaycan Partiyasını çıxmaq şərtilə Azərbaycanın ən güclü partiyasıdır və kimsə ilə birləşmək haqda danışıqlar aparmır: “Birdəfəlik hər kəs bilməlidir ki, AĞ Partiya heç bir partiyaya birləşə bilməz. AĞ Partiya kimi partiyanın özündən zəif, kiçik hansısa partiyaya birləşməsi cəfəngiyyatdır. Eyni zamanda AĞ Partiya yeni qanunun qəbulundan sonra yaranmış vəziyyətdə hansısa partiyaların ona birləşməsi istiqamətində də müzakirə aparmır. Hansısa partiyalar və partiya liderlərinin özünə çoxlu sayda partiyaları birləşdirməsi, möhtəşəm birlik, böyük partiya qurması barədə yayılan xəbərlər isə fikrimcə, şayiədir və ya jurnalist təxəyyülünün məhsuludur, yaxud da ehtimaldır. Hətta kimlərsə bu fikrə düşüblərsə, alınmayacaq. Çünki ətrafında 10-12 partiyanın bir partiyada birləşəcəyi barədə adı keçən siyasətçilər və partiyalar artıq keçmişdə qalıblar. Onlar keçmişdir və yeni dövrdə ortaya çıxa bilmələri, uğur qazanmaları ehtimalı sıfıra yaxındır. Hakimiyyət onlara dəstək versə, icazəli fəaliyyətlərinə şərait yaradılsa, qala bilərlər. Amma reallıqda xalq arasında populyarlıq və dəstək qazanacaqlarına inanmıram. Uzun müddətdir siyasətdən gedən Lalə Şövkət siyasətə qayıtsa, uğurlu qayıdış edə bilər”.   

ADP-nin sədr müavini Həsrət Rüstəmov isə deyib ki, prosesi onlar da maraqla izləyirlər. Azərbaycanda siyasi partiyalaşma prosesində bir hərəkətlilik müşahidə edilir. Prosesin bir elementi kimi bəzi partiyaların digərlərinə birləşməsi də diqqətçəkicidir: “ADP-yə hər hansı bir partiyadan birləşmə ilə hələlik müraciət olmayıb. Müraciət olarsa, müzakirə edib, qərar verə bilərik”.

“Yeni Müsavat”
Tarix: 5-04-2023, 11:57
Xəbəri paylaş





Xəbər lenti