"Əməyi" itən, narahat, əsəbi və "qorxulu Tehran"

Mərkəz rəhbəri: "Müharibə ehtimalını yüksək qiymətləndirmirəm, amma təxribatların miqyasını nəzərə alaraq müəyyən toqquşmanın ola biləcəyini söyləmək mümkündür"
İran-Azərbaycan gərginliyi bu günlərdə bəlkə də tarixinin ən pik həddindədir. Tehran rejiminə bağlı casusların zərərsizləşdirilməsi cənub qonşumuzda əsəbləri daha da tarıma çəkib. Son günlər İran rəsmilərinin bəyanatları, İran Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi, SEPAH generallarının təhdidləri, hər iki ölkənin qarşılıqlı nota verməsi münasibətlərin daha da kəskinləşdiyini göstərir.
Dünən İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.
İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən arzuolunmaz şəxs elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Baş verən proseslərin nə ilə nəticələnəcəyi suallar doğurur. İki ölkə arasındakı gərginliklə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu birinci İranın göstərişi ilə Azərbaycanda təxribatlar törətmək istəyən, “Kərimə” adlı dövlət qurmaq iddiasında olan şəxslərin ifşasına toxunub. Analitik bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən bu yanadır ki, İran burada casus şəbəkəsi formalaşdırmaqdadır:
- İranın burada “beşinci kolon”u da olub, təsiri altında olan media da formalaşdıra bilib. Biz o zaman elə zənn edirdik ki, Ermənistandan başqa, bütün qonşu dövlətlərə necə dostcasına yanaşırıq, onlar da bizə qarşı eyni siyasəti həyata keçirəcəklər. Elə bilirdik ki, xoş qonşuluq münasibətlərini, sülhü, əminamanlığın inkişafını qonşularımız da istəyir. Təəssüf ki, İranın timsalında biz bunun əksini müşahidə etdik. 1991-ci ildən başlayaraq İran Azərbaycanı təsiri altında saxlamağa çalışıb və bunun üçün bütün fəaliyyətini işə salıb. Bu illər ərzində ölkəmizdəki müəyyən boşluqlardan Tehran rejimi istifadə edə bildi, casus şəbəkəsi formalaşdırdı. Gənclərimizin xeylisini dini təhsil almaq adı altında İrana apardılar, bir qismini təsir dairələrinə ala bildilər. Bəziləri heç Azərbaycana qayıtmadılar, oradan ölkəmiz əleyhinə təbliğatda istifadə olundu, hələ də davam etməkdədir. Bəziləri qayıtdı, burada İran maraqlarından çıxış etdi. Əlbəttə, bunu hər kəsə şamil etmək də doğru deyil, amma içlərində İrana “işləyənlər” var. Demək istəyirəm ki, bu, bir ayın, iki ayın işi deyil, İranın apardığı 30 illik siyasətin nəticəsidir. İkinci Qarabağ müharibəsindən sonra kəskinləşən münasibətlər kontekstində İran “əməyinin” bəhrəsini görmək istədi. Və müəyyən terror hərəkətinə başladılar.
- Bundan qabaq da ölkədə İranın arxasında dayandığı ehtimalı güclü olan terror aktları, sui-qəsdlər olub...
- Bəli, olub. İlk dəfə akademik Ziya Bünyadova qarşı terror aktında biz bunu müşahidə etdik. 1997-ci ildə akademiki evinin qarşısında qətlə yetirənlər Azərbaycan vətəndaşları idi. İran Ziya müəllimi öldürmək üçün killer göndərməmişdi. Sadəcə İrana bağlı, yerli “hizbullahçılar” İrandan alınan əmrlə Ziya Bünyadovu qətlə yetirdilər. İran izi olan sonrakı sui-qəsd 2011-ci ildə yazıçı Rafiq Tağıya qarşı edildi. İndi isə deputat Fazil Mustafaya qarşı terror aktı törədildi ki, burada da İran izi görünməkdədir. Hələ bunlar həyata keçirilmiş aktlardır. Həyata keçirə bilmədikləri, amma üstü açılan terrora cəhdlər də var. Məsələn, İsrail səfirliyinə hücum planının üstü əvvəlcədən açıldı, həbslər oldu. Yaxud da, “Avrovision” mahnı müsabiqəsində terror törətmək cəhdinin qarşısı əvvəlcədən alındı, yenə həbslər oldu. Demək istəyirəm ki, İran bunu “yetişdirdiyi” Azərbaycan vətəndaşlarının əli ilə həyata keçirmək istəyib, yaxud keçirə bilib. Məqsəd də odur ki, İran rejiminin siyasətinin iç üzünü açan şəxsləri qorxutsunlar, onların susmasına nail olsunlar. Amma bu, əks-effekt verir. Biz susan deyilik, Azərbaycanın milli maraqları istiqamətində fikirlərimizi söyləyəcəyik.
İndi həbslər həyata keçirilir, casus şəbəkəsinə qarşı əməliyyatlar çoxalıb. Təbii ki, istintaq aparılmamış, məhkəmə olmamış kimisə vətən xaini, İrana "işləyən” adlandırmaq doğru olmaz. Amma yenə də izlər İranı göstərir. Həbs olunanların demək olar ki, hamısının İranla bağlılıqları üzə çıxır, dəfələrlə İrana səfər etdikləri məlum olur. Məsələn, normal adam niyə qısa müddətdə 10-12 dəfə İrana səfər etsin, əgər orada xüsusi işi yoxdursa.
- Tehranın yaxınlarda Bakıya notası oldu, mediada yazılardan narazılıq etdi. Bakının da cavab notası oldu. İranın belə qıcıqlanmasını bəzi ekspertlər buradakı casus şəbəkəsinin ifşası ilə bağlayırlar. Necə deyərlər, “əməklərinin” boşa getməsi Tehranı əsəbləşdirir....
- Əlbəttə, narahatdırlar və əsəbidirlər. İran faktiki olaraq, qabaqdangəlmişlik edir. İrana qarşı mediada yazılanların yığışdırılmasını tələb edirlər. Guya ki, medialarında anti-Azərbaycan təbliğatına, təhqirlərə bunlar başlamayıblar. Ötən əsrin sonlarında Azərbaycan mediasında İran əleyhinə yazılar getmirdi, amma Tehranın nəzarətində olan KİV-lərdə Azərbaycan haqqında olmazın təhqirlərini yazırdılar, deyirdilər. İndi də bu siyasət davam etməkdədir.
Azərbaycan mediası isə son üç ildə İranın anladığı dildə yazmağa başladı və rəsmilərimiz də açıqlamaları onların dilində verirlər. İndi qabaqdangəlmişlik edib nota verməklə deyil.
- Son vaxtların aktuallaşan sualını sizə də verim: İran Azərbaycana hücum edə bilərmi?
- Əvvəllər bu suala birmənalı “yox” deyə bilərdik. Deyərdik ki, bu, məntiqdən kənardır. Amma son vaxtlar İran o qədər təxribatlara əl atır ki, bu suala “hə” cavabını istisna etmək olmaz. Müharibə ehtimalını yüksək qiymətləndirmirəm, amma təxribatların miqyasını nəzərə alaraq, Azərbaycan ərazisində İran izi görünən terror aktlarının keçirilməsini nəzərə alaraq müəyyən toqquşmanın ola biləcəyini söyləmək mümkündür. İndi İran Naxçıvanla və digər rayonlarla sərhədlərimizə qoşunlarını yığır. Düzdür, müharibə məntiqsiz olar, çünki İran bununla özünə qəbir qazmış olar. İran Azərbaycanla toqquşmaya getsə, bu, bir növ vətəndaş müharibəsinə bənzəyər. Çünki İran ordusunun yarısından çoxu milliyətcə azərbaycanlılardan ibarətdir. İkincisi, inanmıram ki, Təbriz, Ərdəbil, digər Güney Azərbaycan şəhərləri toqquşmaya seyirçi qalsınlar.
- İranın Azərbaycana qarşı hərbi müdaxiləsi olarsa, biz hansı ölkələri yanımızda görəcəyik?
- Əslində Tehran rejimi bir qədər də nəbz yoxlaması həyata keçirir. İrandan Azərbaycana təhlükə artarsa, üç ölkədən dəstək alacağıq. Bunun birincisi qardaş Türkiyədir, ikincisi, müttəfiq İsraildir, üçüncüsü, ABŞ-dır. ABŞ-la hərbi əməkdaşlıq artan xətlə gedir. İsraillə əməkdaşlıq ortadadır. Bir qədər Türkiyə ilə bağlı suallar var. Bunun da səbəbi mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləridir. Ola bilsin ki, İran Türkiyənin də nəbzini yoxlamaqdadır. Türkiyə İranla münasibətləri gərginləşdirmək istəmir və Azərbaycanla müqayisədə Türkiyə-İran münasibətlərini normal saymaq olar. Eyni zamanda, Türkiyədə hakimiyyətə yaxın ekspertlər Azərbaycan-İran münasibətlərinin gərginləşməsindən narahatdırlar və bunu istəmirlər. Türkiyədə belə bir narahatlıq var ki, İran dağılarsa, orada kürd dövlətinin yaranması ehtimalı da var. Bu, Türkiyə üçün narahatlıq yaradır. Əlbəttə, bunu İran da başa düşür. Üstəlik, indi Türkiyənin başı əvvəl zəlzələyə, indi isə seçkilərə qarışıb. İran yoxlayır ki, görsün Ankara Şuşa Bəyannaməsinə uyğun olaraq, Bakıya dəstək verəcəkmi.
Hesab edirəm ki, mayın 14-dən sonra Türkiyədə hakimiyyətdə indiki Prezident Rəcəb Tayyib Ərdoğan olmasa belə, qardaş ölkənin dəstəyi azalmayacaq, indiki formada da davam edəcək. Eyni zamanda, İsrail və ABŞ-dan da güclü dəstək ala biləcəyik. Demək istəyirəm ki, İran təkcə Azərbaycanın gücünü, reaksiyasını yox, Türkiyə, İsrail və Amerikanın da reaksiyasını yoxlayır. İran Azərbaycana qarşı hərbi gücə əl atarsa, inanmıram ki, Ermənistandan başqa hansısa dövlət Tehranı dəstəkləyər.
Tarix: 7-04-2023, 10:37
Xəbəri paylaş





Xəbər lenti