Ukrayna savaşının başladılmasından sonra ABŞ və Qərb Rusiyanın bütün "qırmızı cizgilər"ini tapdalayıb, Kreml isə buna ənənəvi təhdidlərinə adekvat cavab reaksiyası verə bilməyib... Ona görə də, Qərb Rusiyanın "əzilməsi prosesi"ni daha israrla davam etdirməyin və sona çatdırmağın həm vacibliyinə, həm də mümkünlüyünə əmindir...
Ukrayna savaşı həlledici mərhələyə girmək ərəfəsindədir. Rusiyanın ətrafında çəmbər sürətlə daralır. Kremldə yaranmış uğursuz hərbi-siyasi situasiyanın məyusluğu və çaşqınlığı yaşanır. Və Rusiyanın siyasi dairələri indi yalnız Ukrayna savaşı ətrafında yaranmış vəziyyətlə yanaşı, ölkədaxili situasiyadan da ciddi şəkildə narahatdır.Məsələ ondadır ki, Kreml son vaxtlara qədər Rusiyaya qarşı total beynəlxalq sanksiyalara ölkənin maliyyə-iqtisadi sisteminin tab gətirə bilməsini böyük uğur kimi təbliğ edirdi. Ancaq indi məlum olur ki, Kremlin bu istiqamətdə optimist mövqeyinin elə bir ciddi əsası yoxdur. Son günlər Moskva birjasında dolların sürətlə bahalaşması Kremli çətin vəziyyətə salmağa başlayıb. Və Rusiya siyasi dairələri infilyasiyanın indiki tempdə davam edəcəyi təqdirdə, ölkədaxili etiraz dalğasının qaçılmaz olacağını artıq anlayırlar.
Digər tərəfdən, Rusiya iqtisadiyyatı Ukrayna savaşının yükünü artıq daşıya bilmir. Rusiya ordusunun ərzaqla, silah-sursat, hərbi texnika və s. ləvazimat ilə təchizatı qeyri-mümkün həddə yaxınlaşıb. Hərbi-sənaye kompleksi Rusiya ordusunun ehtiyaclarını ödəmək imkanlarını itirmək üzrədir. Tezliklə hərbi texnika istehsalının ümumiyyətlə, dayana biləcəyi barədə ciddi iddialar mövcuddur. Və Kremlin bu problemi xarici ölkələrdən silah-sursat idxalı hesabına qapatmaq cəhdləri də iflasa uğrayıb.
ABŞ və Qərb siyasi dairələri Rusiyanın bu durumundan məlumatlıdırlar. Qərb siyasi iradə mərkəzləri hesab edirlər ki, Rusiya artıq kapitulyasiya aktını imzalamağa razılaşmaq məcburiyyətində qala biləcəyi situasiyaya doğru sürətlə yaxınlaşır. Prezident Vladimir Putinin Rusiyanın sülh danışıqlarına hazır olduğunu bəyan etməsi də Kremlin təslimçilik əhval-ruhiyyəsində olması barədə qənaət yaradıb. Çünki Kreml sahibi Rusiyanın əbədi müharibə aparmaq niyyətində olmadığını vurğulayıb. Və indiyə qədər Ukrayna savaşının davam etməsini məhz ABŞ və Qərbin sülh prosesinə əngəl törətməsi ilə izah edib.
Qərb siyasi dairələri bütün bunlardan nəticə çıxarmağa başlayıblar. Hətta onilliklər boyu Rusiyanın hərbi-siyasi təhdidlərinə dözümlü yanaşılmasını indi böyük qəbahət kimi dəyərləndirirlər. Qərbdə hesab edirlər ki, Rusiyanın çoxsaylı "qırmızı cizgilər"lə bağlı təhdidlərindən qorxmaqla, boşuna vaxt itirilib. Çünki Ukrayna savaşı Rusiyanın təhdidlərinin "mifoloji blef" olduğunu ortaya çıxarıb.
Çünki Ukrayna savaşının başladılması ilə ABŞ və Qərb Rusiyanın bütün "qırmızı cizgilər"ini tapdalayıb, Kreml isə buna ənənəvi təhdidlərinə adekvat cavab reaksiyası verə bilməyib. Ona görə də, Qərb Rusiyanın "əzilməsi prosesi"ni daha israrla davam etdirməyin vacibliyinə və mümkünlüyünə əmindir. Çünki Rusiya çox zəifləyib, müqavimət göstərmək üçün daxili resursları mövcud deyil. Bu səbəbdən də Kremldə siyasi iradə yoxdur, Qərbin daha da irəli gedə biləcəyindən artıq qorxur. Və məğlubiyyətə məhkum olunan Rusiyanın bundan sonra hansısa sərt reaksiyasından narahat olmağa ümumiyyətlə, ehtiyac yoxdur.
Nə qədər qəribə də olsa, Rusiya siyasi dairələrində ABŞ və Qərbin bu qənaəti ilə razılaşanların olduğu müşahidə edilir. Bu mövqeni bölüşüblər hesab edirlər ki, Kreml siyasi iradə göstərməlidir, dərhal Ukrayna ordusuna qarşı taktiki nüvə silahı ilə zərbə endirməlidir. Onların fikrincə, nüvə silahı Rusiyanın xarici müdaxilə təhlükəsindən qorumaq üçün nəzərdə tutulmuşdu. İndi məlum olur ki, bu silahdan istifadə etmədikdə, o heç nəyə yaramır. Ukrayna ordusu artıq Rusiyanın sərhədləri içərisinə zərbə endirməyə başlayıb. Ona görə də, taktiki nüvə silahı Rusiya ordusunun istifadəsinə verilməlidir.
Ancaq Rusiyada belə radikal qərarlara qarşı çıxan siyasi qruplaşmalar da olmamış deyil. Onlar daha mötədil çıxış yollarının axtarılmasına tərəfdarıdırlar. Hesab edirlər ki, Rusiya heç bir halda, nüvə silahından istifadə etməməlidir. Çünki nüvə silahından istifadə edildiyi andan etibarən planetdə "naməlum dünya" modeli dərhal işə düşmüş olacaq. Və bu, yolverilməz təhlükədir.
Təbii ki, Qərbin Rusiya ilə bağlı son qənaətləri Ukrayna savaşının gələcək taleyini müəyyən etmək baxımından, böyük önəm daşıyır. Kremldə hökm sürən pessimizm, ruh düşkünlüyü və ciddi tərəddüdlər indi Rusiya üçün əsas təhlükə faktorları sırasında yer alır. Rusiya siyasi dairələri ABŞ və Qərbə qarşı daha radikal addımlar atmağa cəsarət etmirlər. Və Ukrayna ordusunun əks hücuma hazırlaşdığı bir mərhələdə bu, Rusiyanın gələcək mövcudluğu üçün qeyri-müəyyən situasiya vəd edir.
Hazırda zaman Rusiyanın əleyhinə işləyir. Eyni zamanda, mövcud hərbi-siyasi situasiya da Kremlin gələcək iflasını biruzə verir. Belə vəziyyətdə Rusiyanın hələ nə qədər müqavimət göstərə biləcəyi böyük maraq doğurur. Halbuki Rusiya Ukrayna savaşına məhz sürətli qələbə planları ilə başlamışdı.
Maraqlıdır ki, Rusiya siyasi dairələri indi ABŞ və Qərbin qarşıya qoyulan məqsədə çatmaq üzrə olduğunu düşünürlər. Əsas qənaət ondan ibarətdir ki, Kreml savaşa başlayarkən, çox ciddi səhvlərə yol verib. Rusiya ordusunun belə dağıdıcı savaşa hazırlığı qətiyyən yoxlanılmayıb. Əksinə, Kreml Rusiyanın hərbi-siyasi qüdrəti barədə uydurduğu miflər ABŞ və Qərbdən əvvəl elə özü inanıb. Nəticədə savaşa başlamaq üçün zaman seçimində ən uğursuz mərhələyə üstünlük verilib.
Bütün bunları nəzərə aldıqda, prezident Vladimir Putinin "Rusiya sülh danışıqlarına hazırdır. Əbədi müharibə aparmaq niyyətində deyilik. Ancaq Qərb savaşın dayandırılmasına əngəl törədir" açıqlaması Kremlin hərbi məğlubiyyəti dolayısı ilə etiraf etməsi kimi qəbul olunur.
Ona görə də, Qərbdə heç kim Rusiya ilə sülh danışıqlarını vacib hesab etmir. İndi ən zəif dövrünü yaşayan Rusiyanın ümumiyyətlə, çökdürülməsi və kapitulyasiya aktına imza atmaq məcburiyyətində buraxılması əsas hədəf kimi ön plana keçirilib. Və bu baxımdan, Kremlin Rusiyanı "qaranlıq tunel"dən çıxartmaq üçün əvvəl-axır "naməlum dünya" modelinə üstünlük vermək məcburiyyətində qala biləcəyi iddia olunur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"