Politoloq: “Fransanın Cənubi Qafqazdakı sülhyaratma prosesində iştirakı haqlı olaraq bloklanıb”
Martın 16-da Fransa Senatında Ermənistana və Qarabağa dəstək adı ilə dinləmə keçirilib. Dinləmədə Ermənistanın separatçılıq mövqeyini dəstəkləyən çıxışlar edilib, Azərbaycanın isə ünvanına ittihamlar səsləndirilib. Azərbaycan Parlamenti Fransa Senatının Azərbaycana qarşı təxribatına cavab olaraq bəyanat qəbul edib.
Bəyanatda deyilir ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh gündəliyinə zərbə vurur: “Fransa 44 günlük müharibədə olduğu kimi, yenə də Azərbaycana qarşı təxribatlarını, qərəzli siyasətini davam etdirir. Fransa Korsika xalqının hüquqlarını tanımadığı halda, Qarabağdakı ermənilərin hüquqlarından danışır. Bu, siyasi riyakarlığın ən bariz nümunəsidir”.
Qeyd edək ki, Fransa Ermənistana dəstəyini davam etdirir və 44 günlük Vətən müharibəsindən sonra bu dəstək daha da artıb. Azərbaycanın tarixi qələbəsindən sonra ölkəmizə qarşı təzyiqləri səngitməyən Fransa Avropa İttifaqının Ermənistan sərhədlərində müntəzəm patrul xidməti həyata keçirəcək mülki missiya göndərməsi təşəbbüsünün də müəllifidir.
Yeni Azərbacan Partiyası (YAP) İdarə Heyətinin üzvü, deputat Elşad Mirbəşir mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Fransa hər vəchlə Ermənistanı sülh prosesindən yayındırmağa çalışır: “Brüssel görüşlərindən müəyyən gözləntilər olsa da, sonradan bu prosesin sülh prosesini dayandırmağa hesablandığı məlum oldu. Avropa İttifaqının Ermənistana əvvəlcə qısamüddətli, ardınca isə Azərbaycanın razılığı olmadan uzunmüddətli missiya göndərməsi də Fransanın təhriki sayəsində baş tutdu. Təəssüf ki, Azərbaycanın tarixi qələbəsindən sonra Makron rejimi hər vəchlə ölkəmizə qarşı təzyiqləri artırmağa çalışır. Fransa ABŞ və Rusiya ilə birlikdə uzun müddət ATƏT-in Minsk Qrupunun həmsədri olub. Həmsədrlər bu müddətdə münaqişənin həlli istiqamətində heç bir irəliləyişə nail olmayıb”.
“İşğal dövründə Fransa Ermənistanın işğalçılıq siyasətinə don geyindirməklə məşğul olub. Yəni, mandatının ziddinə olaraq tərəf kimi çıxış edib. Ermənistanın işğalçılıq faktına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinə mane olub. Tarixi zəfərimizdən sonra isə təxribatçı ssenarilərinin nəticəsiz qaldığını görərək, müxtəlif təxribatçı üsullarla sülh prosesinin qarşısını almağa, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesini pozmağa çalışır”, - deyə həmsöhbətimiz bildirib.Mirbəşirin sözlərnə görə, Fransa Qərb ilə Rusiya arasındakı gərginliyi Cənubi Qafqaza daşımaq niyyətindədir: “Bu, regionda sabitliyin pozulmasına cəhd olmaqla yanaşı, Fransanın imperalist maraqlarını bölgəyə daşımaq niyyətindən xəbər verir. Bu, olduqca təhlükəli tendensiyadır”.
Politoloq Elçin Xalidbəyli də AYNA-ya şərhində söyləyib ki, Fransa dünyada təsir gücünü itirdikcə, daha da aqressiv xarici və daxili siyasət yürüdür: “Rəsmi Paris Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edir. 30 illik işğal dövründə ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən, birtərəfli diplomatik siyasət yürüdən Fransa Azərbaycanın tarixi qələbəsindən sonra ölkəmizə qarşı isterik münasibət nümayiş etdirir. Hər yerdə Azərbaycanı qaralamağa, işğalçı Ermənistanı məsum dövlət olaraq göstərməyə, ölkəmizdən isə “işğalçı” obrazı düzəltməyə çalışır. Bu məqsədlə çeşidli planlar hazırlayır, avropalı müttəfiqlərini də öz ssenarilərinə alət edir”.
“Fransa imperalist dövlətdir. Tarixə nəzər yetirsək, görərik ki, milyonlarla insanın qətlinə imza atıb bu dövlət. Əlcəzairdə və digər ölkələrdə insanlığa qarşı soyqırımıları törədib. Ermənistan da soyqırımı törətmiş ölkədir və bu iki “bacı” arasında həmrəylik çox gözəl alınır. Hər iki dövlət tarixi təhrif etmək, özünü “ədalət elçisi” göstərmək üzrə mahirdir”, - deyə ekspert vurğulayıb.O, Fransanın imperalist maraqlarını Cənubi Qafqaza daşımaq istədiyini diqqətə çatdırıb: “Fransa Senatı Azərbaycanla bağlı dinləmələr keçirir. Bu dinləmələrdə bütün çıxış edənlər ermənilər və onları müdafiə edən tərəfin təmsilçiləridir. Onlar da birmənalı və planlaşdırılmış şəkildə Azərbaycanı ittiham edirlər. Ermənistanın Azərbaycan torpaqlarını uzun müddət ərzində işğal etməsinə, Xocalıda, Tərtərdə, Gəncədə, Bərdədə bəşəri soyqırımıları törətməsinə, işğal dövründə torpaqlarımızı xarabalığa çevirməsinə, ərazilərimizi ekoloji və mina terroruna məruz qoymasına dair bircə fakt da səsləndirilmir. Adını da qoyurlar insan hüquqlarının müdafiəsi”.
“Bu, necə insan haqları müdafiəsidir ki, milyonlarla azərbaycanlının məruz qaldığı dəhşətlərdən bircə kəlmə belə, bəhs olunmur? Məqsəd aydındır. Fransa hər vəchlə Ermənistanı qorumağa, Azərbaycanı isə qaralamağa çalışır. Məhz elə bu mənfur siyasətinə görə də Fransanın Cənubi Qafqazdakı sülhyaratma prosesində iştirakı Prezident İlham Əliyev tərəfindən haqlı olaraq bloklanıb”, – deyə Xalidbəyli fikrini tamamlayıb.