Bakı Dövlət Universitetinin (BDU) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə
təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş
konfrans keçirilib.Konfransdan əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,
BDU-nun rektoru Elçin Babayev, Universitetin professor-müəllim heyəti Ümummilli
Lider Heydər Əliyevin Tərtər şəhərindəki abidəsini, Şəhidlər Abidə Kompleksini
ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans öz
işinə başlayıb. Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin
və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Konfransda açılış nitqi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı
Müstəqim Məmmədov Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı
tarixi xilaskarlıq missiyasından söz açıb. Qeyd edib ki, Ümummilli Lider Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi strategiya bütün
sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Ulu Öndər xalqımızın və
dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini
qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirib. Müstəqim Məmmədov
vurğulayıb ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi,
Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı
göstərib: “Ümummilli Lider Tərtəri “Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı,
zəngin keçmişi olan və əməksevər insanların yaşadığı bir diyar” adlandırırdı.
Hazırda Tərtər rayonuna və tərtərlilərə bu diqqət və qayğı onun siyasi kursunun
layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir”. Daha sonra
Müstəqim Məmmədov Vətən müharibəsində “döyüşən şəhər” olan Tərtərin düşmənə
qarşı mübarizə əzmi, postmüharibə dövründə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlər barədə məlumat verib.
BDU-nun rektoru Elçin Babayev isə çıxışında qeyd edib ki, XX əsrin 70-ci illərindən
başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində məhz
Ulu Öndər Heydər Əliyev siyasəti, bu fenomenal şəxsiyyətin işıqlı əməlləri, parlaq
siması dayanır. Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu
kimi, elm və təhsil sahəsində də böyük uğurlar əldə edilib. Ulu Öndər hələ
respublikaya rəhbərliyinin birinci dövründə elmin, təhsilin inkişafına xüsusi diqqət
yetirir, gələcəkdə müstəqil Azərbaycana bacarıqlı, peşəkar kadrların lazım olacağını
prioritet hesab edirdi. Məhz dahi liderin böyük xidmətləri sayəsində respublikada ali
təhsil müəssisələrinin sayı və onların qəbul planları artırılmış, tələbə qəbulunda
şəffaflıq, ədalətlilik təmin olunmuşdur. Ulu Öndərin şəxsi nüfuzu və əlaqələri
hesabına yüzlərlə azərbaycanlı gənc müvafiq ixtisaslara yiyələnməsi üçün keçmiş
SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilmişdir. Azərbaycanlı gənclərin
hərbi peşəyə yiyələnməsi, eyni zamanda gələcəkdə müstəqil Azərbaycan
Ordusunun milli ruhlu, vətənpərvər zabit korpusu ilə təmin edilməsi məqsədilə
Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb. “Təhsil millətin gələcəyidir”
deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə - 1993-2003-cü illərdə
də bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşıb. Bu illərdə Azərbaycanın təhsil
sistemi təkmilləşdirilib və dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar
yaradılıb.
Rektor bildirib ki, Ulu Öndər Heydər Əliyev məzunu olduğu, qürurla “Mən fəxr edirəm
ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə
ucaltdığı, “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli
iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinə də hər zaman qayğı ilə yanaşıb.
Ümummilli Liderin təhsil illəri və sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun
şanlı tarixinin bütöv bir mərhələsini təşkil edir.
Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) Tərtər rayon təşkilatının sədri Eldar
Əsədov “Ulu Öndər və Yeni Azərbaycan Partiyasının yaranma zərurəti”, Qarabağ
Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov “Heydər Əliyev və Azərbaycanın
təhsil siyasəti”, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Azərbaycanın dövlətçilik
tarixində Heydər Əliyev zirvəsi”, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev
“Azərbaycan mətbuatının inkişaf prosesində Heydər Əliyev irsi”, İnformasiya və
sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov “Ulu Öndər Heydər
Əliyev – milli qurtuluşumuzun memarı", Tarix fakültəsinin dosenti Azad Rzayev
“Heydər Əliyevin siyasi portreti”, İnformasiya və sənəd menecmenti fakültəsinin
dosenti Knyaz Aslan “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti”,
Tarix fakültəsinin müəllimi Anar Həmidov “Heydər Əliyev: Azərbaycanda
yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və kadr siyasəti”, İnformasiya və sənəd
menecmenti fakültəsinin dosenti Rasim Süleymanov “Ulu Öndər Heydər Əliyev
xarici nəşrlərdə” mövzularında çıxışlar ediblər. Çıxışlarda dahi liderin həyatı və
fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğu, Azərbaycanın əldə etdiyi və
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nailiyyətlərin təməlində
Ümummilli Liderin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun dayandığı
vurğulanıb.
Tarix: 7-04-2023, 23:02