Türkiyə dünyanın ən böyük 12-ci, Aralıq dənizinin isə 5-ci ən böyük donanmasına malikdir


Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi – “TCG Anadolu” xidmətə başlayır. Uzunluğu 231 metr, eni isə 32 metr olan “TCG Anadolu” 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir. Maksimum yükdəyişmə qabiliyyəti isə 27 min 436 tondur. Gəmi hazırda orduda xidmətə tam hazırdır və ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılacağı mərasimlə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək. Ümumiyyətlə Amfibiya hücum gəmisinin layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq hələ 2015-ci ildən hazırlanmağa başlanıb. Yunanıstan ilə vaxt aşırı gərginlik Rusiya Ukrayna müharibəsinin Qara dənizdə yaratdığı təhlükəsizlik problemi ha belə yeni kəşf edilən karbohidrogen yataqları ilə birlikdə Ankaranın artan aralıq dənizi maraqları Türkiyənin donanmasını gücləndirmək zərurətini yaradıb.  Türkiyə hazırkı statistik göstəricilərə görə Türkiyə dünyanın ən böyük 12-ci, Aralıq dənizinin isə 5-ci ən böyük donanmasına malikdir (Statistika mənbələrdən asılı olaraq fərqlilik göstərə bilər). Bu çox ciddi göstərici olsa da Ankara mövcud donanma potensialını artırmaq niyyətindədir.  “TCG Anadolu” bu baxımdan Türkiyənin mövcud donanma potensialını artıracağı kimi dənizlərdə aviasiya üstünlüyü də təmin edəcək. Xüsusilə vurğulanmalı olan məqam isə “TCG Anadolu”nun PUA gəmisi olmasıdır.  Nəzərə alsaq ki, PUA-lar müasir döyüşlərin əvəzsiz bir parçasıdır və Türkiyə bu sahədə kifayət qədər ixtisaslaşmış bir ölkədir bu aparatların donanmalara inteqrasiyası və dənizlərdə tətbiqi növbəti yenilik hesab edilə bilər. Bu həm də gələcəkdə PUA-ların uçuş məsafəsinin eyni zamanda havada qalma müddətinin artırılması üçün yeni sınaqların keçirilməsi baxımından da vacibdir.  Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi – “TCG Anadolu” xidmətə başlaması dünya hərb tarixində yeni bir səhifənin aralanması deməkdir. Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi – “TCG Anadolu” xidmətə başlaması Azərbaycan üçün də mühüm bir hadisədir. Məsələ ondadır ki, ən az Türkiyə kimi Azərbaycan da Xəzər donanmasını gücləndirməyə çalışır. Mövcud İran-Azərbaycan gərginliyi Xəzər donanmasının gücləndirilməsinin vacibliyini bir daha göstərdi. Hesab edirəm gələcəkdə Türkiyə və Azərbaycan Xəzərdə “TCG Anadolu” bənzəri bir yeni bir PUA gəmisinin ərsəyə gəlməsi üçün ortaq iş görə bilər.  Xəzər dənizində Azərbaycan donanmasının tərkibində “TCG Anadolu” kimi bir PUA gəmisinin olması İran kimi ölkələrə gözdağı olacağı kimi Mərkəzi Asiya türk dövlətləri nəzdində Ankara və Bakının dəyərini daha da artıracaq. Bu həm də TDT baxımından da ciddi addım ola bilər.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 10-04-2023, 12:35
Xəbəri paylaş





Xəbər lenti