Politoloq: “Həmin güclər Ərdoğanı özlərinin Yaxın Şərq projesinin reallaşmasında əsas maneə olaraq görürlər”
Türkiyə tarixinin kritik prezident və parlament seçkilərindən birinə hazırlaşır. Mayın 14-də keçiriləcək seçkilərə tək ölkə daxilində deyil, xaricində də diqqət pik həddədir. Türkiyə mediasında mövzu ilə bağlı dərc olunan materiallarda vurğulanır ki, hər bir ölkənin bu seçki ilə bağlı müxtəlif planları, gözləntiləri var. Təəssüf doğuran hal ondan ibarətdir ki, onların böyük əksəriyyətinin gözləntiləri mənfiyə söykənir. Qardaş ölkənin son illər dünyada artan nüfuzu, qüdrəti bədxahları narahat edir. Bu səbəbdən də hakim partiyanın qələbə qazanmasını istəmirlər. Beləliklə, siyahıya nəzər salaq.
Məsələn, Birləşmiş Ştatlar Suriyanın şimalında kürd dövləti qurmaq planını nəyin bahasına olursa-olsun reallaşdırmağa çalışır, mümkün hakimiyyət dəyişikliyi də bu səbəbdən onun gözləntiləri sırasındadır. Vaşinqton Türkiyənin qoşunlarını bu ölkədən geri çəkməsini istəyir. Eləcə də PKK ilə əməkdaşlıq edir. Yunanıstana gəldikdə, o da əbədi rəqibi Türkiyədə seçkilərin nəticəsini gözləyir, hədəfi qonşuluqdakı adaları işğal etmək və Aralıq dənizində nüfuzunu gücləndirməkdir.
İrana gəldikdə, bu ölkə Azərbaycana təzyiq etmək, rəsmi Bakının Türkiyə ilə əməkdaşlığına mane olmaq onun əsas gözləntisidir. Ermənistanı da bu səbəbdən dəstəkləyir.
Fransaya gəldikdə, Paris Türkiyənin Liviyada, bütövlükdə Afrikadakı mövqeyinin zəifləməsini istəyir. İsveçə də NATO-ya daxil olmaq üçün Türkiyədəki seçkiləri gözləyir. Ölkəsindəki PKK-çılara dəstək verir, Türkiyəyə silah embarqosu qoyur. Rusiyaya gəldikdə - o da Türkiyənin Liviyada olmasını istəmir və Suriyadakı rolunu davam etdirmək istəyir. Hətta İraq da bu mövqedədir. Ölkə bölünüb, amma yenə də PKK-ya dəstəyini davam etdirir və seçkiləri gözləyir. Suriyada Bəşər Əsəd bir az yumşalmış kimi görünsə də, o da seçkiləri gözləyir.(Milli.az)
Türk mediası yazır ki, İngiltərəyə gəldikdə, “bu ölkə həmişə etdiyi şeyi edir - saman altından su yeridir. Almaniya da İngiltərə kimi addım atır, lakin Türkiyəyə silah embarqosu qoyur. Yunan Kipri adanı ABŞ-dan aldığı silahlarla silahlandırır və gözləyir. Bu ölkələri Qara dənizdən çıxan təbii qaz, pilotsuz təyyarələrimiz, yeni nəsil döyüş təyyarələrimiz, təyyarədaşıyan gəmimiz, Türkiyə istehsalı olan avtomobil və hava hücumundan müdafiə sistemləri, Türkiyənin istehsal etdiyi, adını çəkə bilmədiyim silahlar narahat edir. Yəni görünən odur ki, bu seçki təkcə Türkiyə seçkisi deyil, dünyanın liderini və taleyini müəyyən edəcək”, - deyə türk mediası yazır.
“Ərdoğan getsin” deyən dövlətlərin dərdləri nədir? Nəyə ümid edirlər? Niyə ümid edirlər ki, Ərdoğan getsə, hər şey onların istədiyi kimi olacaq?
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Türkiyədə keçiriləcək seçkilər nəinki Türkiyənin, eləcə də regionun, bölgəmizin gələcəyi ilə bağlı baş verə biləcək proseslərə ciddi təsir edəcək nəticələr doğuracaq: "Ona görə də hətta qlobal səviyyədə siyasi proseslərə təsir etmək gücündə ola biləcək seçkilərdir. Seçki prosesinə təsir etməklə kənar güclər öz maraqlarına uyğun nəticələr əldə etməyə çalışırlar. Bu istiqamətdə kifayət qədər ciddi təbliğat prosesinin getdiyini də müşahidə etməkdəyik. Türkiyədə baş verən bir çox proseslər, xüsusilə də son illər NATO "müttəfiqləri" olan güclərin iqtisadi sanksiyaları nəticəsində Türkiyə iqtisadiyyatında çox ciddi çalxalanmalar baş verməkdədir. Türkiyə milli valyutasında ucuzlaşma, insanların gəlirlərinin alıcılıq qabiliyyətinin aşağı düşməsi kimi hallar Türkiyə seçicisində mövcud iqtidara qarşı münasibətə müəyyən qədər təsir edə biləcək əhval-ruhiyyə formalaşdırıb. Eyni zamanda çox təəssüflə qeyd etməliyik ki, fevral ayında baş verən zəlzələnin nəticələrindən də Türkiyə hakimiyyətinin gözdən salınması istiqamətində bütün mümkün variantlardan istifadə etməyə çalışırlar. Bu gün həm Türkiyədə, həm də bölgəmizdə yanaşma bundan ibarətdir ki, böyük güclər Rəcəb Tayyib Ərdoğan hakimiyyətini dəyişməklə özünə yaxın qüvvələri hakimiyyətə gətirməyə çalışırlar. Əslində Ərdoğan və onun komandası həmin güclərin bölgə maraqlarının həyata keçirilməsində əsas maneə kimi qiymətləndirilir. Buna görə də hesab olunur ki, Ərdoğan komandası hakimiyyətdən uzaqlaşdırılarsa, formalaşacaq yeni hökumət daha qərbyönümlü olacaq, Qərbin maraqlarının bölgədə həyata keçirilməsində əsas iştirakçılardan və tərəflərdən biri kimi çıxış edəcək. Xatırlatmaq istəyirəm ki, məhz AKP hakimiyyətə gəldikdən sonra Türkiyədə ilk dəfə tək partiyanın hakimiyyəti təmin edilmiş oldu. Bu bir sıra həmin dövrə qədər mövcud olan problemlərin qarşısının alınmasına kömək elədi. Xüsusilə də hökumət böhranlarının, koalision hökumətlərin üzləşdiyi hökumət böhranlarının aradan qalxması ilə iqtisadi sabitliyin, iqtisadi inkişafın əsası qoyulmuş oldu. Bu gün də Qərb Kamal Kılıçdaroğlunun liderliyi ilə əslində HDP-nin olduğu yeddilik masanın namizədinin hakimiyyətə gəlməsinə çalışır. Onların hakimiyyətə gəlməsi Qərbin maraqlarına uyğundur. Çünki bu, artıq vahid komanda deyil, təkpartiyanın hakimiyyəti olmayacaq və beləliklə, yenidən 1980-90-cı illərdəki vəziyyət qayıdacaq. Belə vəziyyətdə isə Qərb Türkiyəni özündən asılı vəziyyətdə saxlamaq imkanları əldə edir. Koalision hökumətin qurulması hədəflənir. Türkiyə kimi cəmiyyətlərdə koalision hökumətlərin qurulması isə istənilən an hökumət böhranına gətirib çıxara bilər ki, bu da ardınca maliyyə böhranına gətirir. Bunu çox gözəl dərk eləyən Qərb nəticə etibarilə belə bir hakimiyyətin formalaşmasının sonda həm hökuməti, həm də dövləti Qərbin yardımlarına möhtac vəziyyətə gətirəcəyinə əmindirlər. Ona görə də mümkün qədər Ərdoğan və onun komandasının nüfuzdan salınması, Kılıçdaroğlunun və koalision hökumətin iqtidara gəlməsi istiqamətində iş aparırlar".
Politoloqun sözlərinə görə, Ərdoğan Qərb tərəfindən ona görə aqressivliklə qarşılanır ki, Ərdoğan hakimiyyəti dövründə Qərbin Türkiyəyə təsir imkanları xeyli azaldılıb. Bunu Ərdoğan bacarıb. Ərdoğan Qərbin diktəsini kənara qoyaraq, rədd edərək Türkiyə dövlətinin maraqlarından çıxış edib və edir: “Məhz Ərdoğan hakimiyyəti dövründə Türkiyə Orta Doğu siyasətində daha müstəqil, Türkiyə maraqlarına əsaslanan siyasət yürütməyə başladı. Xüsusilə də ABŞ-ın, Qərbin Suriyada, İraqda həyata keçirmək istədikləri bir çox qaranlıq planları məhz Ərdoğan Türkiyəsi pozmuş oldu. Bütün bunlar Rəcəb Tayyib Ərdoğanı Qərb üçün arzuolunmaz şəxsə çevirib. Eyni zamanda çox böyük planlar üzərindən başladılan Rusiya-Ukrayna müharibəsində də Ərdoğanın, Türkiyənin ortaya qoyduğu mövqe Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə Qərbin əldə etmək istədikləri nəticələrin bir çoxunu da sual altına qoydu. Bu gün Ərdoğanın Rusiyaya, Vladimir Putinə münasibəti Qərb tərəfindən isti qarşılanmır. Bu amil də Ərdoğanı Qərb üçün arzuolunmaz liderə çevirib. Eyni zamanda Cənubi Qafqazda Ərdoğanın ağıllı davranışlarının, Azərbaycanla koordinə olunmuş siyasətinin nəticəsi olaraq bölgəmiz üçün yeni geosiyasi şərtlərin formalaşdırılmasında Qərbin maraqları zərbələr almış olub. Xüsusilə ABŞ-ın və Fransanın maraqları zərbə aldı. Bu məqam da həmin güclərin Ərdoğanı özlərinə ciddi problem kimi görməsinə səbəblərdəndir. Həmin güclər Ərdoğanı özlərinin Yaxın Şərq projesinin reallaşmasında əsas maneə olaraq görürlər. Ona görə də Ərdoğan hakimiyyətinin dəyişməsini və sözə baxan, diktə ilə hərəkət edən Türkiyənin formalaşmasını istəyirlər”.
Tarix: 12-04-2023, 09:55