İrəvanın məqsədi ordumuzu təxribata çəkərək gərginliyi Ermənistan ərazisinə daşımaqdır-Turan Rzayev


Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə hücum etməsi nəticəsində atəşkəs pozulub və sərhəddə gərginlik başlayıb. 
Hazırda vəziyyət Azərbaycan Ordusunun nəzarəti altında olsa da, şəhid və yaralılarımız var. Nə baş verir? Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın provokativ açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olduğunu göstərirdi. Xüsusilə xarici ölkələrin dəstəyini alan və davamlı surətdə silahlanan Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsi sonrası regionda yaranan yeni reallıqları dəyişmək üçün bütün yollara əl atır. Son zamanlar xüsusilə Ermənistan hakimiyyətinin ritorikasını sərtləşdirməsi, irəli sürülən bütün təşəbbüşləri bloklaması və Azərbaycana qarşı əsassız iddialarla çıxışlar etməsi diqqətçəkən əsas amillərdir.  Görünür, həm də Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Təxribatın lokal xarakterli olması və qısa zamanda qarşısının alınması da bunu təsdiqləyir. Burdan da görünür ki, rəsmi İrəvanın məqsədi heç də mövqelərimizi ələ keçirmək deyil, ordumuzu təxribata çəkərək gərginliyi Ermənistan ərazisinə daşımaqdır. Bununla İrəvan Azərbaycanı Avropa İttifaqı missiyasına “şikayət etməyi” planlaşdırır. Bu mənada bənzər təxribatların təkrarlanması istisna deyil.  Ermənistana kim dəstək verir? Son təxribatların ardında hansısa ölkə və ya ölkələrin olması mümkündür. İlkin ehtimal kimi iki ölkənin - Fransa və İranın adını çəkmək olar. Məsələ ondadır ki, rəsmi Paris Avropa İttifaqı və ittifaqın missiyası altında çıxış edən əsas aparıcı ölkədir. Fransa Ermənistanı hər vəchlə Azərbaycanla gərginliyə sürükləyir, siyasi, maliyyə və hərbi dəstəyini də əsirgəmir. 44 günlük müharibə zamanı da Parisin bu formada Ermənistana dəstək verdiyi bəllidir.  İrana gəldikdə isə Tehranın gərginlik başlayan andan Azərbaycanla sərhəddə kəşfiyyat PUA-larını qaldırması son təxribatların pərdəarxasında həm də bu ölkənin olması ehtimallarını yüksəldir.  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın hücumdan öncə Tehranda iranlı həmkarı Şamxani ilə görüşü də bu kontekstdə diqqət çəkir. Məsələ ondadır ki, kəşfiyyat PUA-larının havaya qalxmasının Azərbaycan Ordusunun əməliyyat şəraiti ilə bağlı Ermənistana məlumat vermək məqsədi daşıdığı şübhəsizdir. Təsadüfi deyil ki, Tehran bənzər dəstəyi 44 günlük müharibə zamanı da etmişdir.  Nəticə etibarilə demək olar ki, təxribat hücumunun Ermənistanla İranın birgə planı olması ehtimalı böyükdür. Fransa isə situasiyadan istifadə edərək Ermənistandakı mövqelərini möhkəmlətməyə çalışır. Bakının cavab tədbirləri Azərbaycan tərəfi hələlik təmkinli davranır və mövcud geosiyasi vəziyyəti nəzərə alır. Xüsusilə də Türkiyədə seçkilər öncəsi olması, İsraillə Fələstin arasında gərginliyin yenidən alovlanması, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşması və s. kimi geosiyasi faktorlar Bakının diqqət mərkəzindədir.  Nəzərə almaq lazımdır ki, 44 günlük müharibədə qələbə qazanmamızda ən böyük paylardan biri də şübhəsiz geosiyasi vəziyyətin nəzərə alınması və vaxtın düzgün seçilməsi idi. Şərtlər böyük ölçüdə lehimizə keçmədən Ermənistan təxribatlarına uymaq və genişmiqyaslı əməliyyatlara başlamaq məqsədəuyğun deyil.  Bununla belə rəsmi Bakının Ermənistanın təxribatlarına cavabsız qalmayacağı bəllidir. Təxribatlar davam edəcəyi təqdirdə Azərbaycan da Ermənistana adekvat cavab zərbələri vura bilər. Genişmiqyaslı bir toqquşma gözlənilməsə də vaxtaşırı bu tipdə lokal gərginliyin olması mümkündür.

Müəllif: Politoloq Turan Rzayev ,
Siam.az 
Tarix: 12-04-2023, 12:42
Xəbəri paylaş





Xəbər lenti