“Bölgədə hərbi qarşıdurmanı artırmağa çalışırlar” - Ekspert danışır
“Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin aprelin 11-də həyata keçirdiyi təxribatçı hərəkətinə dair verdiyi bəyanat qərəzli, obyektivlikdən uzaq və məqsədli xarakter daşıyır. Əslində bu, Fransanın ənənəvi davranışı, erməni təxribatına haqq qazandırmaq cəhdidir və bu mövqeyi rədd edirik”.
Siam.az bildirir ki, bunu Reyting.az-a sabiq dövlət müşaviri, professor Qabil Hüseynli Fransanın növbəti ermənipərəst bəyanatını şərh edərkən bildirib.
Professor deyib ki, erməni təxribatından dərhal sonra Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Sərhəd Qoşunlarının komandanını vəzifədən kənarlaşdırıb, eləcə də qoşunlarını bu ərazidən geri çəkməyə hazır olduğunu elan edib.
Q. Hüseynlinin sözlərinə görə, Ermənistan hökumətinin başçısı hətta sərhədlərin delimitasiya və demorkasiyasına hazır olduğunu da bildirib: “Bütün bunlar göstərmirmi ki, Nikol Paşinyan son təxribatların onun ölkəsi tərəfindən edildiyini bilir və buna görə hansısa addımlar atır? Sərhəd Qoşunları komandanının vəzifədən azad edilməsi də bu təxribatın arxasında kimin durduğunu göstərir. Amma qəribədir ki, regiondan min kilometrlərlə uzaqda yerləşən Fransanın Avropa və Xarici İşlər Nazirliyi fərqli bəyanat verir. Bəyəm bu nazirlik kor və laldır, görmür, regionda nə və niyə baş verir? Əlbəttə, onların mövqeyi bölgədə hərbi qarşıdurmanı artırmağa, gərginliyin saxlanılmasına xidmət edir”.
Professor əlavə olaraq bildirib ki, son erməni təxribatı zamanı Azərbaycan Ordusu əsasən yüngül silahlardan istifadə edib: “Amma diqqət edəndə görürük ki, erməni tərəfi İran mənşəli silahlardan, Hindistan raketlərindən istifadə etməklə Azərbaycan Ordusuna zərbə vurmaq istəyib. İranın son davranışları, tutduğu mövqe hər kəsə bəllidir. Bütün bunlar təxribatın arxasında kimlərin olduğunu göstərir”.
Hüseynli sonda diqqətə çatdırıb ki, Fransanın əsassız mövqeyi 30 ildən çoxdur davam edir: “Amma belə bəyanatlarla Azərbaycana təsir etmək, onu haqq yolundan döndərmək mümkünsüzdür. Son 30 il də bunu göstərib. Fransa bu məsələdə heç vaxt obyektiv olmayıb, bundan sonra da olmayacaq”.