Prezident İlham Əliyev erməni boksçuya şəxsən özü medal təqdim etmişdi- Turan Rzayev
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın bayrağı yandırıldı. Özü də bu hadisə televiziya ilə beynəlxalq aləmə canlı yayımlanan açılış mərasimində Ermənistan İctimai Televiziyasının əməkdaşı tərəfindən nümayişkaranə şəkildə edildi. Əslində baş verən hadisə Ermənistan hakimiyyəti tərəfindən qəsdən və bilərəkdən törədilib. Məsələ ondadır ki, hadisəni törədən sadə bir şəxs deyil, Ermənistanda tanınmış dizayner və sözügedən çempionatın təşkilatçılığında yer alan bir şəxsdir. Bu mənada onun özbaşına bu əməli etməsi inandırıcı deyil. Digər tərəfdən nəinki Azərbaycanın bayrağı, başqa ölkələrin dövlət simvollarına qarşı hörmətsizlik Ermənistanın qanunvericiliyində cinayət sayılır. Lakin erməni polisi beynəlxalq ictimaiyyətin gözü qarşısında cinayət törətmiş bu şəxsi elə həmin gün azad etdi. Bu da azmış kimi polis tərəfindən azad edilən şəxs Ermənistan parlamentinin üzvləri başda olmaqla əksər insanlar tərəfindən etdiyi əmələ görə dəstəkləndi. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistanda Azərbaycana qarşı dövlət səviyyəsində yürüdülən bir nifrət siyasəti var. Bu siyasətin nəticəsidir ki, Ermənistanda etnik zəmində hələ də Azərbaycan xalqına qarşı nifrət hökm sürür. Azərbaycan bayrağı səhnədə yandırılarkən tamaşaçıların bu hadisəni alqışlaması da bunu təsdiq edir. İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın bayrağının yandırılması həm də o deməkdir ki, bu ölkə beynəlxalq tədbirləri qəbul etməyə və keçirməyə layiq deyil. Müqayisə üçün deyim ki, Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır və müxtəlif dünya təşkilatları ilə sıx əməkdaşlıq edir. Bütün beynəlxalq idman tədbirlərində, misal üçün, dünya çempionatında, Bakıda keçirilmiş Birinci Avropa oyunlarında, müxtəlif turnirlərdə Azərbaycan iştirakçıların maksimum təhlükəsizliyini təmin edib. Hətta Erməni idmançılar da Azərbaycanda keçirilən idman yarışlarında rahatlıqla iştirak edir və sağ-sağlam vətənlərinə dönürlər. Bakıda keçirilən 2015-ci ildə keçirilən Avropa Oyunlarındakı maraqlı bir anı yada salmaq olar. Həmin vaxt Prezident İlham Əliyev erməni boksçuya şəxsən özü medal təqdim etmişdi. Baş verən hadisə bir daha Avropa və dünyanın idman təşkilatları Ermənistanda dövlət səviyyəsində yürüdülən rasizm və nifrət siyasətini sərt şəkildə qınamalı, Ermənistanda hər hansı beynəlxalq tədbirin keçirilməsinə qadağa tətbiq etməlidirlər. Onu da deyim ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ağır atletika üzrə Avropa çempionatı üçün Ermənistanda olan Azərbaycan idmançılarının yarışda iştirak etmədən vətənə qayıtması üçün qərar qəbul edib.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 15-04-2023, 12:12