Məmur dəyişir, beyni dəyişmir

“Yenilər” də “köhnələr”in yolu ilə gedirlər?
3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkən 17 yaşlı Məhəmməd Hacıyevin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi və ictimai təzyiqlərdən sonra evə buraxılması barədə məlumat vermişdik. Uşaq evinin direktoru barədə mətbuatda, sosial mediada kəskin tənqidi məlumatlar yayılsa da, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) onu vəzifədən azad etmirdi.
17 yaşlı Məhəmmədin ardınca uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışan və uşaq evindən videolar paylaşan, oradakı şəraitə etiraz edən Gülcan Nağıyeva da işdən azad olundu. Sosial mediada “Qorxuram, bu gedişlə məlum direktora görə Bakı şəhərinin meri Eldar Əzizovu da işdən azad edələr” başlıqlı ironik statuslar paylaşıldı. Nəhayət, aprelin 13-də, kəskin ictimai etirazlardan sonra 3 nömrəli uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarıldı. Onun yerinə isə Gülnarə Şəmiyeva təyin edilib.
Qeyd edək ki, son illər ərzində ölkədə ciddi kadr dəyişiklikləri baş verib, bütün hakimiyyət qolları yenilənib, yüksək çinli məmurlar yola salınıb. İddia olunurdu ki, kadr islahatları idarəetməyə yeni nəfəs gətirəcək və bu sahədə olan nöqsanları aradan qaldıracaq. Ələlxüsus, Qərb təhsilli gənc kadrların yüksək vəzifə təyinatları bu ümidi daha da artırırdı. Lakin görünən odur ki, idarəetmə sistemində keyfiyyət dəyişiklikləri baş vermir.

Sabiq Baş nazir, keçmiş deputat Pənah Hüseyn məsələ ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, idarəetmədə əhəmiyyətli dəyişikliklərə nail olmaq üçün hüquqi baza yaradılmalıdır: “Azərbaycanda o halda həyata keçirilən islahatlar effektiv ola bilər ki, bunun üçün hüquqi zəmin hazırlansın. Hakimiyyət qolları arasında qarşılıqlı nəzarət sisteminin qurulması, büdcədən maliyyələşən və gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirilməsi, idarəetmədə şəffaflığın təmin olunması üçün kompleks tədbirlər həyata keçirilməlidir”.
“Son dövrlər bu istiqamətdə müəyyən addımlar atılır. Uzun illər siyasi hakimiyyətin yuxarı eşelonunda qərar tutan və öz kadrlarını müxtəlif vəzifələrə yerləşdirmiş məmurların vəzifələrdən alınması, gənc kadrların önə çəkilməsi müsbət məqamdır. Misal üçün, İnam Kərimovun Ali Məhkəməyə rəhbər təyinatı təqdirəlayiqdir. Bütün hallarda media azadlığı, vətəndaş cəmiyyəti institutlarının qarşısında dayanan maneələrin aradan qaldırılması, vəzifə təyinatları zamanı dövlət qulluğu imtahanlarının nəticələrinin və fərdi keyfiyyətlərin təhlilinə yönələn meyarların əsas götürülməsi labüddür”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, son dövrlər həyata keçirilən addımlar müəyyən mənada effektiv olsa da, idarəetmədə köklü dəyişikliklərə səbəb olmayıb: “Misal üçün, 3 nömrəli uşaq evinin direktoru barədə dəhşətli faktlar açıqlandı. Bu mövzu ictimailəşdi, kəskin etirazlara səbəb oldu. Amma nədənsə, müvafiq qurumlar həmin direktoru işdən azad etməyə tələsmirdi. Bu, nə vəzifədir ki, onun rəhbərini qorumaq üçün bu qədər çaba sərf olunur?! Bu kimi hallara qarşı amansız olmaq lazımdır”.
“Düzdür, cəzalandırma mexanizmi ilə kompleks islahatlara nail olmaq mümkün deyil. Bunun üçün sistemin daxilində dəyişikliklər həyata keçirilməlidir. Ancaq hansısa məmurun özünü “şah”, “xan” kimi aparması, qanunlara məhələ qoymaması ciddi cəzalandırma tədbiri üçün səbəbdir. Belə çıxır ki, hər hansı məsələ ictimailəşmirsə, mövcud olan problemlər aradan qaldırılmayacaq. Bu, kökündən yanlış yanaşmadır. İdarəetmə islahatları müəyyən mənada aparılsa da, bunun ciddi dəyişikliklərə gətirib çıxardığını söyləmək mümkün deyil”, - deyə Hüseyn vurğulayıb.

YAP-çı deputat, professor Kamilə Əliyeva isə fərqli düşünür. Onun AYNA-ya dediyinə görə, idarəetmə islahatları dövrün tələbinə cavab verir və keyfiyyət dəyişikliyi yaradır: “Bu, keyfiyyyətli yeni mərhələnin başlanğıcıdır. Etiraf etmək lazımdır ki, gənc nəslin yüksək dövlət vəzifələrinə təyinatı, onlara etimad göstərilməsi böyük dəyişikliklərə səbəb olub. Dövlət idarəçiliyində korrupsiya və rüşvətxorluğun miqyası əhəmiyyətli dərəcədə azalıb. Təbii ki, harada iş, fəaliyyət varsa, orada qüsurlar da olacaq. Burada qeyri-adi bir şey yoxdur. Əsas odur ki, ortada ciddi siyasi iradə var”.
“Cənab Prezident İlham Əliyev dəfələrlə məmurlara çağırışlar edib və onları vicdanla çalışmağa dəvət edib. Buna əməl etməyənlərin aqibətini də görmüşük. Hesab edirəm ki, mətbuat orqanları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri mövcud nöqsanların aradan qaldırılması iqtiqamətində səylərini birləşdirməli və Azərbaycan hökumətinə dəstək olmalıdır”, - deyə Əliyeva fikrini yekunlaşdırıb.
Tarix: 15-04-2023, 13:58
Xəbəri paylaş





Xəbər lenti